İranda çörək bahalana bilər. "Kazax zerno" xəbər verir ki, dünyanın ən iri dəniz nəqliyyat şirkəti "Maersk line" İranın bir neçə limanından taxıl məhsulları daşımağı dayandırıb. Həmin şirkət bildirib ki, bu məhsullar ABŞ-ın İrana qarşı yeni sanksiyalarının siyahısına düşüb. "Maersk line" İrana qarşı sanksiyalara və beynəlxalq nəzarət sisteminə əməl edəcək.
Beləliklə, şirkət İranın Bəndər Abbas, Bəndər Xomeyni və Osləviyyə limanlarında fəaliyyətini dayandırıb. İrana Asiya ölkələrindən taxıl, düyü və banan idxalı bir neçə həftədən sonra dayanacaq. İran əhalisi idxal düyüsündən istifadə edir.
İranın xarici işlər naziri Əli Salehinin sözlərinə görə, İran əvvəllər Qazaxıstandan taxıl alırdı, bundan sonra taxılla bütünlükdə özünü təminə keçəcək. İran ticarət nazirinin müavini Həmid Əlixani əhalini sakitləşdirərək deyib ki, 2009-cu ildə İran 13 milyon ton, 2010-cu ildə isə 14,5 milyon ton taxıl yığıb.
Ölkənin 32 əyalətindən əsasən 16-sı taxılçılıqla məşğul olur. Ancaq daxili bazarda bu məhsul ucuz qiymətə alındığından kəndlilər taxıl əkinini azaldıb.
Ötən il ABŞ, Fransa və Kanadadan taxıl idxalı azaldığından Qazaxıstan, Hollandiya, Oman və Qatardan əvvəlki illərlə müqayisədə daha çox məhsul idxal edilmişdi. Bundan başqa, İran hakimiyyəti beynəlxalq sanksiyalara duruş gətirmək üçün keçən il sentyabrın 18-dən etibarən 800 adda kənd təsərrüfatı məhsulunun idxalını yasaq etdi.
Qeyd edək ki, ötən il qəbul edilmiş "Qənaətli istehlak proqramı" strategiyasından sonra ölkədə gündəlik tələbat malları orta hesabla 5-8 dəfə bahalandı. İndi, "Maersk"in qərarından sonra yaxın günlərdə yeni bahalaşma dalğasının olacağı istisna deyil. Taxılın qiyməti artarsa, o zaman ölkədə bütün mallırın bahalaşacağı istisna olunmur.
|