Yaşasın Azərbaycan!" şüarına görə 30 şallaq
 |
Mənəvi basqılar davam edir, nəfəs gələn yerlər tıxanır
Şənbə, 09.07.2011
|
|
Qadın hüquq müdafiəçisi, Tehran Özəl Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Fərnaz Kamali İnqilab Məhkəməsinin Tehran şöbəsinə çağırılıb. Bu tələbə ölkənin "milli təhlükəsizliyinə qarşı çıxmaqda", "icazəsiz toplantılara qatılmaqda" ittiham edilir. Fərnaz Kamali martda Tehranın Fələstin küçəsində etiraz aksiyasında tutularaq bir müddət həbsdə qalmış, 300 min dollarlıq girov qarşılığında zaminə buraxılmışdı.
Ölkə vətəndaşlırının müstəqil və alternativ informasiya almaq imkanları məhdulaşdırılmaqdadır. Polisin nümayəndəsi Əhmədrza Radan jurnalistlərə açıqlamasında xəbərdarlıq edib ki, evlərin damlarındakı çanaq antenalarının yığışdırılma prosesi davam etdiriləcək:
"Polisin birinci xəbərdarlığından sonra yenidən belə antenaları quraşdıranlar məsuliyyətə cəlb ediləcək. Onların istifadə etdiyi antenalar müsadirə edildikdən sonra yenisini alan, yaxud ondan istifadədə israrlı olanlar məhkəməyə veriləcək".
Tehran Sənaye Universitetinin rektoru Rza Rusta-Azad gələn tədris ilindən qızlarla oğlanların ayrı-ayrı auditoriyalarda təhsil alacaqlarını söyləyib. Onun sözlərinə görə, orta məktəblərdə oğlanlar və qızlar ayrı-ayrı oxuyurlar. Onlar ali məktəblərdə birdən-birə qızlarla bir yerdə təhsil alanda "şoka düşürlər". Rektor deyib ki, yeni təhsil ilindən tələbələrin cinsi fərqinə görə ayrı-ayrılıqda təhsil ala bilmələri üçün müəyyən proqramlar hazırlanıb.
Bu isə sırf insani baxımdan mənəvi basqı, gəncləri təhqir etməkdən başqa bir şey deyil. Buna təpkilər özünü çox gözlətməyib. Ölkə parlamentinin deputatı Əli Abbaspur-Tehranifər Təhsil Nazirliyinin bu proqramına qarşı çıxıb. Ona görə ki, "düzgün proqram deyil və çoxlu maliyyə vəsaiti aparacaq. İkincisi, universitetdə təhsil alan gəncləri bir-birindən ayırmağın mənası yoxdur, çünki sonra onlar cəmiyyətdə birlikdə işləyib, fəaliyyət göstərəcəklər". Mahmud Əhmədinejad da bunun əleyhinə olduğunu açıqladı.
Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərdən biri Şahrux Zamaniyə qarşı irəli sürülən ittiham hələ açıqlanmayıb. O, 4 həftədir həbsxanadadır. Şahrux Zamaninin hüquqlarını müdafiə komitəsi yaradılıb.
Komitənin fəaliyyəti barədə bu ünvandan məlumat almaq olar httr://www.chzamani.blogsrot.com/,freeshahrookh@gmail.com.
"Yaşasın Azərbaycan!" - Həbib Mehri bu şüarı səsləndirdiyi üçün 3 ay azadlıqdan məhrum edilib, 30 şallaqla cəzalandırılıb. O, Təbrizdə yerli "Şəhrdari" futbol komandasının oyununda "Yaşasın Azərbaycan!" dediyi üçün 3 gün məxfi polisin kamerasında saxlanılaraq işgəncəyə məruz qalıb.
Ana Yasanın dillə bağlı 15-ci maddəsi bu ölkədə, görünür, heç vaxt işləməyəcək. "Öyrənci" saytının məlumatına görə, Əmir Kəbir Sənaye Universitetinin rektorluğu türkcə çıxan "Öyrənci" dərgisinin yenidən nəşrinə icazə verməyib. Universitet rəhbərliyi onlardan tələb edib ki, dərgi yalnız farsca çıxa bilər. Bu dərgi 8 il öncə işıq üzü görüb. 2007-ci ilin mayından isə qapadılıb.
"Ayna"nın ötən sayında Azərbaycanın tanınmış musiqiçisi Həsən Dəmirçiyə (Azərbaycan) edilən basqı ilə bağlı məlumat yaymışdıq.
Dəmirçi "Amerikanın səsi" radiosuna deyib ki, Azərbaycan Musiqi Məktəbinin bağlanması ilə 11 musiqi müəllimi və 200 tələbə təhsildən qalıb:
"Əlbəttə, biz işlərimizi yarımçıq saxlamamışıq. Evlərimizdə fəaliyyət göstəririk. Musiqi sadəcə, gülə, bülbülə, eşqə görə deyil. Azərbaycanda güldən, bülbüldən başqa Səttarxan, Babək də var. Biz onları da vəsf edirik. Biz nə hakimiyyət dəyişir, nə də inqilab edirik. Sadəcə, hakimiyyətdən qanunda olan haqlarımızı və sayğı tələb edirik".
Məktəbin məzunlarının yaradıcılığı Bakının teleradio kanallarında yayımlanır. Bu məktəbin tələbələri "Azərbayan marşı", "Səhəndiyyə", "Səttarxan" operalarını, Süleyman Rüstəmin "Oğlum", Söhrab Tahirin "Yaxşılıq", Almas İldırımın "Durnam uçdu", Yəhya Şeydanın "Ana" şeirlərinə yazılmış mahnıları məharətlə ifa ediblər.
Azərbaycan mədəniyyətinə xidmətinə və sevgisinə görə Dəmirçini güney azərbaycanlılar Həsən Azərbaycan olaraq tanıyır. Bu ustad "Azərbaycan muğamları" dərsliyinin, 5 cildlik "Azərbaycan mahnıları", "Səhəndiyyə" operası, "Azərbaycan marşları" adlı kitabların müəllifidir. Həsən Azərbaycan "Gəraylı Təbriz", "Odlar yurdunda adlar" kitabını da çapa hazırlayıb.
Dəmirçi 2006-cı ildə İranın rəsmi "İran" qəzetində türklərin aşağılanmasına etiraz aksiyalarında iştirakına görə tutulmuşdu. İnqilab Məhkəməsinin Təbriz şöbəsi onu 6 ay azadlıqdan məhrum etmişdi. Vəkili Nağı Mahmudinin etirazı və səyi nəticəsində o, ittihamlar sübut edilmədiyindən bəraət almışdı.
|
|
|
Oxşar xəbərlər:
İran parlamentinin deputatları danışdı
Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Yaqut Abdullayevanın nisgili var
Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
|
|
|