Azərbaycan Xəzər çimərliklərindən turizmin inkişafı üçün səmərəli istifadə edə bilmir. Halbuki dənizin imkanlarından yararlanmaqla, ölkəyə gələn turistləri maraqlandırmaq potensialımız var. Belə ki, Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi çimərlikləri genişləndirmək, turizm inkişaf etdirmək üçün imkanlar yaradır.
Coğrafiyaşünas Səkinə Zülfüqarova (BDU) deyir ki, Xəzər dənizi sahillərinin hələlik heç olmasa 70-80 faizini 100-130 metr məsafədə çimərlik üçün yararlı ərazilər hesab edilir. Bu da 80 milyon kv.m-ə bərabərdir. Əgər çimərliklərdə istirahət edənlər üçün normativləri hər nəfər üçün 10 kv.m hesab etsək, deməli, bir çimərlik mövsümündə Azərbaycanın Xəzər sahillərində təxminən 8 milyon müsafirin istirahəti üçün imkan var. Rəsmi statistikadan isə bəlli olur ki, Xəzər çimərliklərindən mövsümdə təqribən 1,5 milyon nəfər istifadə edir. Belə çıxır ki, mövcud potensialın 15-20 faizindən istifadə edilir.
Deməli, nə yerli, nə də əcnəbi turistlər üçün Xəzər çimərliklərini məşhurlaşdıra bilmişik. Ən acınacaqlısı odur ki, paytaxt sakinləri olaraq bizlər Xəzərin bəzi çimərliklərində çimməyə qorxuruq. Hər il çimərliklərdəki bağırsaq çöplərinin, dənizin çirklilik səviyyəsinin yüksək olması barədə edilən xəbərdarlıqlar öz rolunu oynayır.
S.Zülfüqarova qeyd edir ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir:
"Xəzər dənizini çirkləndirən əsas mənbələr təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quruda və su sahillərində qaz və neft buruqlarının istismarı, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsidir. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəlidən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı, dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, kənd təsərrüfatında işlədilən müxtəlif toksinlər Kür vasitəsilə Xəzərə daxil olur".
Çimərlikləri çirkləndirməkdə yerli turistlər də geri qalmır. Çimərliklərdən istifadə edənlər yemək üçün gətirdikləri qarpız-yemişin qabıqlarını, içdikləri suların butılkalarını, yemək qalıqlarını, sellefan torbaları zibil qutularına atmaq əvəzinə, elə qumsalda atıb gedirlər. Bu davranış çimərliklərdə antisanitariya vəziyyəti yaradır.
Çimərliklərimizin ekoloji durumu istər yerli, istərsə də əcnəbi turistlərin diqqətindən qaçmır. Kim çirkli, çöplərlə zəngin suda çimmək istəyər?! S.Zülfüqarova bu qənaətdədir ki, mövcud potensialdan istifadə üçün ekoloji təmizlik təmin olunmalıdır. Müasir çimərliyin müasir infrastrukturu olmalıdır:
"Xəzər çimərlikləri Avropa standartlarına cavab verəcək səviyyədə yenidən qurulmalıdır. Bunun üçün ekoloji təmizliyi təmin etməklə yanaşı, çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalıdır. Bu işlərin dövlət səviyyəsində icra edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin prosesə nəzarəti şərtdir".
Məsələ ondadır ki, çimərliklərdən istifadənin asanlaşması üçün bəzi qanunverici aktların uyğunlaşması vacibdir. 2008-ci ildə qəbul edilmiş "Torpaq haqqında" qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəticəsində sahilboyu zolaq 130 metrdən 25-50 metrədək azaldılıb. Bu isə 2003-cu ildə imzalanmış sərəncamın müddəalarına uyğun deyil. Sərəncam uzunmüddətli proqnozlara əsasən, Xəzərin səviyyə tərəddüdləri nəzərə alınmaqla hazırlanmışdı. Sahillərdə göstərilən sərəncama tam əməl olunmaması dənizin səviyyəsinin kəskin qalxma ehtimalı olacağı təqdirdə çimərlik sahələrinin yenidən dəniz suları altında qalmasına səbəb olacaq. Müsahibim onu da əlavə etdi ki, dəniz sahillərində yerləşən ölkələrin, demək olar ki, heç birində çimərliklər bizim Xəzərsahili çimərliklər qədər özəlləşdirilməyib, sahillər hündürlüyü bir neçə metr olan daş hasarlara alınmayıb...
|