Şəki rayonunda ev heyvanları və yırtıcı heyvanlar arasında quduzluq xəstəliyi yayılıb. Bu barədə APA-ya rayonun Baş Zəyzid və Orta Zəyzid kənd sakinləri məlumat veriblər. Sakinlər onlara məxsus iribuynuzlu mal-qaranın quduzluq xəstəliyinə tutulduğunu, artıq 10 baş heyvanın öldüyünü deyiblər. Rayon İcra Hakimiyyəti də iribuynuzlu mal-qara arasında quduzluq xəstəliyinin yayılmasını təsdiqləyib. Şəki Baytarlıq İdarəsinin müdiri Əlövsət Məmmədov bildirib ki, quduzluğun yayılmasına səbəb ərazidə quduzluq daşıyıcısı olan yırtıcı (canavar, çaqqal və tülkü) heyvanların həddən artıq çox olmasıdır. Şübhəli heyvanlardan müvafiq nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib və heyvanlar arasında quduzluq xəstəliyinin olduğu aşkar edilib. Baş Zəyzid və Orta Zəyzid kənd sakinlərinə mal-qaranın özbaşına buraxılmaması barədə xəbərdarlıq edilib. Baytarlıq idarəsinin əməkdaşları ərazidə dezinfeksiya işləri aparır. Yırtıcı heyvanların hücumuna məruz qalan mal-qara müəyyən edilərək onlara peyvənd vurulur.
|