Ötən həftənin sonunda Avropa Birliyi İranın üç rəsmisinə və Suriyaya qarşı əlavə sanksiya tətbiq etdi. Bir müddət öncə Suriyanın 23 rəsmisinə, o cümlədən Bəşşar Əsədə yasaq tətbiq etmişdi. Həmin sanksiyaya əsasən onların Avropa ölkələrinə səfəri yasaqlanır, bank hesabları dondurulur.
Yeni yasaq isə daha 7 dövlət məmuruna, eləcə də Suriyanın 3 şirkətinə tətbiq edilir. Avropalı hüquqi və fiziki şəxslərə onlarla istənilən sövdələşmə yasaqlanır.
AB İran İnqilab Keşikçiləri Qvardiyasının başçısı Məhəmmədəli Cəfəri və onun üç müavininə də sanksiya tətbiq edib. Bu iranlılar Suriyaya silah-sursat ötürməkdə, ölkədə keçirilən dinc etiraz nümayişlərinin yatırılmasında hakimiyyətə qurğular verilməsində şübhəli bilinirlər.
AB Dəməşq rejiminin legitimliyi ilə bağlı bəyanat da verib: "İrimiqyaslı islahat keçirib, boyun olduqlarını gerçəkləşdirməklə, repressiyaları davam etdirmək arasında seçim zamanı o, ikinciyə üstünlük verərək, öz legitimliyini zərbə altına qoyub".
İsrail də İrana qarşı əlavə sanksiyaların tətbiqi barəsində qərar qəbul edib. RİA "Novosti" xəbər verir ki, İranla ticarət əlaqəsində olan şirkətlər üzərində nəzarət artırılacaq, çirkli pulların yuyulmasında onların iştirakı yoxlanılıcaq:
"Hakimiyyət İranla ticarət əlaqəsi saxlayan şirkətlərlə əməkdaşlığı kəsəcək. Sanksiyaların təsdiqi üçün İran İsrailə, formal da olsa, düşmən dövləti elan olunacaq".
İsrail baş nazirinin müşaviri Aleks Selskinin sözlərinə görə hökumət sanksiyaların icrasına nəzarət məqsədi ilə özəl qərargah yaradacaq. Müşavir əlavə edərək deyib ki, bu, İranın atom-nüvə proqramına qarşı mübarizədə qəbul edilmiş vacib addımdır, biz bununla Tehran hakimiyyətinə qarşı iqtisadi sanksiyaları qəbul edən dövlətlər sırasında öncüllərdən olmaq niyyətindəyik.
Atom-nüvə proqramını dayandırmadığına görə, İranın hüquqi və fiziki şəxslərinə qarşı ABŞ-ın birtərəfli iqtisadi sanksiyası davam edir. Amerika Maliyyə Nazirliyi mətubat xidmətinin məlumatına əsasən, ötən gün qurum İran aviadaşıyıcılarına qarşı yasaq haqda qərar qəbul edib. Bu tədbir İranın "Iran Air" operator-şirkətinin bir sıra dəniz liamanlarına, ölkənin "Tidewater Middle East" və sərmayəçi "Tidewater Middle East" şirkətinə tətbiq edilib. Bundan başqa, amerikalıların "qara siyahısına" dövlət məmuru Behnam Şəhriyari və onun başçılıq etdiyi "Behnam Şəhriyari Treydinq" firması da düşüb.
ABŞ-ın maliyyə qurumu təsdiqləyib ki, ilk üç şirkətdən İran İnqilab Keşikçiləri Qvardiyası "kütləvi qırğın silahı hazırlanmasında istifadə edilə biləcək yüklərin daşınmasında" yararlanıb.
BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsinə əsasən, Tehrana bu məqsədli yüklərin daşınması qadağandır. Behnam Şəhriyari və onun firması terrorçu kimi tanınan "Hizbullah" qruplaşmasına silah ötürməkdə suçlanaraq sanksiyaya məruz qalıb.
2010-cu ilin iyununda qəbul edilmiş 4-cü qətnamədə bu yasaqlar əksini tapıb:
İranın yük gəmiləri limanlarda və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır; bu zaman həmin gəminin nüvə silahına aidiyyəti olan sursat daşımasından şübhələnilirsə, saxlanılıb araşdırılmalıdır; İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi gəmilər və başqa ağır silah satılması yasaqdır; nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır; nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilməlidir; xarici banklarda hesabı dondurulan İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısı genişləndirilməlidir və s.
Bu sanksiyadan belə çıxır ki, ABŞ-dan olan fiziki və hüquqi şəxslərə sanksiya tətbiq edilmiş uyğun şəxs və şirkətlərlə istənilən əməkdaşlıq qadağandır. Əks halda onların vəsaitləri həbs olunacaq.
"Associated Press"-in məlumatına əsasən, ABŞ-ın iki vətəndaşı İrana təyyarə detallarını qanunsuz verməkdə suçlu bilinirlər. Amerika hakimiyyəti təmsilçisi bildirib ki, şübhəli bilinənlərdən biri, Corciya ştatından olan Maykl Todd, o biri isə Çiqakodan Həmid Seyfidir. Onlar qırıcı və hərbi helikopter hissələrinin İslam Respublikasına ötürülməsində ittiham olunurlar. Bu ABŞ vətəndaşlarına Fransa, Birləşmiş Ərəb Əmirliyi və İrandan olan beş nəfərin yardım etdiyi güman edilir.
Belə bir ittiham Fransanın "Aerotechnic" şirkətinə və onun rəhbərliyinə, baş direktoruna Filipp Sançes və Lük Teliyə qarşı da irəli sürülüb.
"Rcyter"ə istinadən məlumata görə, BMT Təhlükəsizlik Şurasının sanksiyalar üzrə komitəsinin məruzəsində bildirilib ki, İran qurumun Suriyaya silah satışı ilə bağlı embarqosunu pozaraq, bu ölkəyə silah-sursat göndərib. Həmin silahlar Livan və Fələstindəki qanunsuz hərbi birləşmələrə ötürülüb.
Məruzə müəllifləri İran hakimiyyətini uranın zənginləşdirilməsi proqramını dayandırmaqdan imtinaya görə də suçlayıblar.
|