Kənd təsərrüfatı riskli sahədir
 |
Dövlətdən dəstək olmazsa, sığorta şirkətləri fermer təsərrüfatlarını sığortalamayacaq
Şənbə, 02.07.2011
|
|
Əlverişsiz keçən hava şəraiti kənd təsərrüfatına ciddi zərər vurub. Aramsız yağışlar, dolu nəticəsində əkin sahələrinin, meyvə bağlarının bir hissəsi məhv olub, taxıl sahələri suyun altında qalıb. KTN ziyanı hesablamayıb. Fermerlər dövlətdən kompensasiya tələb etsələr də, onların qarşısında sığorta problemi qaldırılır. Aqrar sektorda sığortalanma məsələsi isə həllini tapmayıb. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov problemdən çıxış yolları təklif edir:
- Əsas zərər dağ və dağətəyi rayonların əkinlərinə dəyib. Gədəbəy, Tovuz, Füzuli, İsmayıllı və digər rayonlarda əlverişsiz hava şəraiti təsərrüfatlara ciddi ziyan vurub. Taxılçılıq, meyvəçilik və kartofçuluqla məşğul olan regionlarda məhsulun təqribən 10 faizi zərər çəkib. Tədbirlər görülməli idi ki, yağışlar zamanı su daşıb sahələrə ziyan vurmasın.
- Bu sahə riskli sayılır, sığorta şirkətləri aqrar sektorla işləməyə can atmır. Problemi necə həll etmək olar?
- Fermerlərə dəyən ziyanın sığortalanmamasını aqrar siyasətin düzgün qurulmadığında aramaq gərəkdir. Elə siyasət qurulmalıdır ki, məhsullara tələbatı yerli istehsal hesabına ödəmək mümkün olsun. Aqrar siyasət iqtisadi siyasətin tərkib hissəsidir. Bölgələrdə həvəsləndirici tədbirlər görmək lazımdır. Həvəsdəndirici tədbirlər deyəndə fermerlərə işlərini qura biləcək səviyyədə subsidiya, yardımlar, ucuz kreditlər ayıra bilməkdir. Bütün dünyada kənd təsərrüfatı sektoru dövlət yardımı əsasında işləyir.
Amma Azərbaycanda vəziyyətdən çıxmaq üçün bəhanə edirlər ki, kəndli öz təsərrüfatını sığortalamalıdır. Kasıb fermer öz təsərrüfatını inkişaf etdirmək üçün pul tapmırsa, sığorta üçün vəsaiti hardan alsın? Cüzi miqrdarda ayrılan subsidiyanı isə məmurlar özləri mənimsəyir. Heç bir həvəsləndirici mexanzm işləmədiyindən, habelə istehsal etdiyi məhsulu inhisar üzündən bazara çıxara bilmədiyindən fermer çətin vəziyyətə düşüb.
Fermerlər həm maddi, həm mənəvi, həm də texniki çətinliklə üzləşir. Gübrənin alınmasında və tətbiqində problemlər var. Bu sahə tam başlı-başına buraxılıb. Yalançı statistika ilə insanlar aldadılır. Real mənzərəni bazarlardan aydın görmək olur. Bazarda yerli məhsul qıtdır. Bir neçə ilə qədər tələbatımızın 50 faizini yerli istehsal hesabına ödəyə bilirdiksə, bu gün bu rəqəm 30 faizdən də aşağı düşüb.
- Yəni fermer vəziyyətlə barışmalıdır?
- Fikrimcə, dövlət fors-major durumları maksimum azaltmalı, fermerlərə öz təsərrüfatlarını qura bilmək üçün maddi yardımlar göstərməli, ondan sonra sığortanı tələb etməlidir. Bundan əlavə, onların hüquqlarını qoruya bilən qanunvericilik bazası da yoxdur. Bu da manipulyasiyalara imkan verir.
Sığorta şirkətlərində maraq olması üçün aqrar sektora investisiya qoyulmalıdır. Yoxsa kimsə kəndliyə havayı pul verməz. Kənd təsərrüfatı riskli sayıldığından sığorta şirkətləri bu sahəni sığortalamaqdan imtina edir. Amma dövlət səviyyəsində təminat verildiyi məlum olanda şirkətlərdən fermer təsərrüfatlarını sığortalamağı tələb etmək olar. Çünki fermerdə şirkətə daha çox vəsait ödəmək imkanı olmalıdır ki, onlar da maraq göstərsin.
- KTN taxıla olan tələbatın 2,5 milyon tondan 3,2 milyon tona yüksəldiyini bəyan edib. Tələbatın 2,5 milyonu yerli istehsal hesabına ödəniləcək, qalanı isə Qazaxıstan, Rusiya və Ukraynadan gətiriləcək. Sizcə, əhalinin sayında güclü artım olmadığı halda, tələbatın artımı nə ilə bağlıdır?
- Bizdə heç vaxt 3,2 milyon ton taxıla tələbat olmayıb. Ölkədə adambaşına düşən buğda illik 135-140 kiloqramdır. Hardasa 1,3-1,4 milyon ton ərzaq buğdasına illik tələbat var. Qalan taxıl quşçuluq və heyvandarlıqda yem kimi istifadə olunur. Ümumi tələbat 2,7 milyon tondan artıq deyil. KTN-nin rəqəmləri yüksəltməkdə məqsədi var. Başa düşüblər ki, bu il taxıl istehsalı keçənilkindən az olacaq. Səbəb səpin müddətinin uzadılması oldu. Hətta yeni ilə kimi səpin müddətinin uzadılması məhsuldarlıqda özünü göstərdi..
|
|
|
Oxşar xəbərlər:
Həyatımıza əmlakın icbari sığortası gəlir
Səhiyyə xidməti rəsmən pulsuzdursa...
|
|
|