İki il əvvəl Hollandiyanın "Tvente" klubuna keçidi böyük maraqla qarşılanan, lakin zədəsi üzündən legioner həyatı yaşamağa imkan tapmayan Vaqif Cavadovun gələcək futbolçu karyerasına aydınlıq gəlib. Belə ki, Vaqif Rusiya Premyer Liqasında mübarizə aparan Nijni Novqorodun "Volqa" klubu ilə müqavilə bağlayıb.
Hələ keçən il zədəsini sağaltdıqdan sonra yenidən Hollandiyaya dönən futbolçu "Tvente"nin əsas heyətinə düşə bilmədi. Bu səbəbdən Hollandiya klubu Vaqifi "Bakı" klubuna icarəyə verdi. Lakin futbolçunun "Bakı"da da karyerası uğurlu olmadı. Əvvəla, klub ölkə çempionatında mükafatçılar sırasına düşə bilmədi, ikincisi də komandanın yeni məşqçisi Aleksandr Starkov bu futbolçunun xidmətindən maraqlı olmadığını bildirdi. Vaqif Cavadov üçüncü dəfə məxsus olduğu klubun düşərgəsinə qayıtsa da, yenə də bu komandaya lazım olmadı. Beləliklə, iki gün əvvəl rəsmən Hollandiyanın "Tvente" klubunun heyətindən kənarlaşdırılan Vaqif Cavadov karyerasını Azərbaycandan kənarda davam etdirəcək. Hollandların dünən müqaviləni pozduğu millimizin üzvü Rusiya klubu ilə anlaşıb. Qeyd edək ki, Vaqif Rusiyanın ÇSKA (Moskva) klubunun yetirməsidir. 2004-2007-ci illərdə aşağı yaş qrupları üzrə komandalarında və əvəzedici heyətində çıxış edən 22 yaşlı forvard 2006-2007 mövsümündə əsas komandaya cəlb olunsa da, heyətə düşə bilməyib. 2007-ci ildə vətənə dönən futbolçu 2010-cu ilə qədər "Qarabağ"da çıxış edib (91 oyun, 18 qol). 2010-cu ilin yanvarında "Tvente"yə keçən millimizin hücumçusu rəsmi oyunlarda debüt edə bilməyib. Əvəzində 2 yoldaşlıq oyununa çıxaraq, 3 qol vurub. Vaqif Cavadov Azərbaycanın U-17 və U-21 yığmaları ilə yanaşı əsas millidə də çıxış edib (29 oyun, 6 qol). Vaqif Cavadovun yeni komandası 1963-cü ildə yaradılıb. "Volqa" ev oyunlarını 17800 nəfərlik "Lokomotiv" stadionunda keçirir. Klubun prezidenti Aleksey Qoyxmandır. Komanda ötən mövsüm I divizionda 2-ci pilləni tutaraq Premyer Liqaya vəsiqə qazanıb. "Volqa" bu mövsüm keçirdiyi 15 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib və 9 dəfə məğlub olub. Komanda hazırda 16 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
"Volqa"nın baş məşqçisi Dmitri Çerişevdir.
|