Mayın 20-də həbs olunmuş Siyamək Kuşi universitetdən qovulub. Onu 20 gün ETTELAAT təcridxanasında saxlayıblar. Sərbəst buraxıldıqdan sonra isə ona ali təhsil almağı yasaqlanıb. GünAzTV-nin məlumatına əsasən, Siyamək Kuşi Təbriz Özəl Universitetində təhsil alırdı. May olaylarının 5-ci ildönümü ərəfəsində tutulmuşdu.
Bu günlərdə Təbriz Pedaqoji Universitetində "İmam Zamanın zühuru üçün bəni-İsrailin ibrət dərsləri" adlı konfransda Güney Azərbaycan türklərinin milli haqlarını tələb edənlərə qarşı təhqiredici fikirlər səslənib, qara yaxılıb. Həmin toplantıdakı çıxışlar zamanı bildirilib ki, bu gənclər "sionizmə və massonlara" xidmət edirlər. Raefipur adlı bir nəfər toplantının mövzusundan çox milli haqları tələb edən gənclər barədə hədyanlar danışıb. Milli görüşlü gəncləri "pantürkist, sionist nökərləri, şeytanpərəst" adlandırıb. Tələbələrə sual verməyə və ittihamları cavablandırmağa imkan verilməyib.
Bundan sonra tələbələr Raefipura və bu sayaq düşünüb, çıxış edənlərə cavab olaraq, massonluq və irqçilik haqda broşür paylayıb, əsl irqçilərin kim olduğunu göstəriblər. Broşürdə göstəriblər ki, irqçilik edən - mövcud hakimiyyətdir. Həmin broşürdə kürdlərin və ermənilərin Azərbaycan torpaqlarına soxulduqlarını sənədlərlə sübut ediblər.
"İran insan haqları evi" xəbər verir ki, Təbriz Özəl Universitetinin tələbəsi Sasan Vahibivəş ETTELAAT məmurları tərəfindən tutulub. Ona qarşı irəli sürülən ittihamlar hələ açıqlanmır.
"Ev"in başqa bir məlumatına görə, Təbriz Özəl Universiteti mühəndis-mexanika fakültəsinin tələbəsi Nima Puryəqub da tutulub.
|