Güneyli mühacirlər burada onlara olan münasibətdən narazılıq edirlər. Bunu Güney Azərbaycandan olan bir qrup mühacir "Trend" agentliyində mühacirlərin statusu ilə bağlı mətbuat konfransında ifadə ediblər. Mühacirlərin təmsilçilərindən Babək Muğanlı rəsmi Bakının Güney Azərbaycandan olan mühacirlərə münasibətindən narazılıq edərək bildirib ki, bu kateqoriyadan olan mühacirlərin Azərbaycanda uzun müddət yaşamalarına baxmayaraq, nə siyasi mühacir statusu, nə vətəndaşlıq, nə də üçüncü bir ölkəyə getmək üçün razılıq ala bilirlər. Bununla bağlı mühacirlər bu problemin qaldırılması üçün dövlət başçısı İlham Əliyevə və bu il iyulun 5-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndələrinə müraciət hazırlayıblar ("Turan").
Mühacirlərə Dövlət Miqrasiya Xidmətinin verdiyi sənədə toxunan natiqlər həmin sənədin üç aydan bir dəyişdirilməsini, hətta bu sənədin polis bölməsində belə keçərli olmadığını, buna görə şəxsiyyətlərilə bağlı əlavə araşdırmalara məruz qaldıqlarını söyləyiblər. Mühacirlər Azərbaycanda onlara münasibətin qardaşın qardaşa yox, yad şəxsə münasibət kimi dəyərləndiriblər.
Eyni zamanda mühacirlər bildiriblər ki, rəsmi Bakı Güney Azərbaycan probleminə və 35 milyon Güney Azərbaycan türkünün İrandakı durumuna münasibət bildirməlidir. Onların fikrincə, demokratik dövlətlər İranda azərbaycanlıların problemləri, haqlarının tapdanması, təqib, təhqir, təzyiq, həbs və qətllərə məruz qalmaları barədə ucadan danışdığı halda, rəsmi Bakının susması anlaşılan deyil.
İranda Azərbaycan dilində qəzet, kitab nəşr edilmədiyi, ana dilində məktəbin olmadığı, 35 milyon azərbaycanlının adi insani haqlarından tutmuş ictimai-siyasi haqlarına kimi bütün hüquqlarından məhrum edildiyi vurğulanıb. "İndi birlik, Güney və Qüzeyindən asılı olmayaraq millət kimi iradəni ortaya qoymaq vaxtıdır", - mühacirlər rəsmi Bakının problemə müdaxilə etməsini istəyiblər.
|