"Həkimlərin və müəllimlərin qulluq statusu müəyyən edildikdən sonra onların əməkhaqları iki dəfəyədək qaldırıla bilər". Bunu dünən jurnalistlərə açıqlamasında MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev söylədi.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin göstərişinə əsasən, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi istiqamətində hökumət artıq müvafiq sənədlər üzərində işləyir və bu qaydalar avqustun sonuna hazır olacaq.
Musa Quliyev qeyd etdi ki, həkim və müəllimlərin statusu təxminən vergi və hüquq-mühafizə orqanlarında çalışanların statusuna bərabər olacaq, həmçinin bundan sonra həkimləri işəgötürmə prosesində də dəyişiklik ediləcək.
"Ali təhsil haqqında" və "Elm haqqında" qanun layihələri də müzakirə üçün tam hazırdır. Bunu MM Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Jurnalistlərə açıqlamasında deputat bildirdi ki, payız sessiyasında bu sənədlər müzakirəyə çıxarılacaq:
"Hesab edirik ki, hər iki sənəd mükəmməl hazırlanıb. Hər ikisi sahə qanunlarıdır. Bu qanunların qəbulu ali təhsil və elm sahəsində irəliləyişi sürətləndirəcək".
Milli Məclisin dünənki iclasında başqa bir sosial yönümlü yenilik o oldu ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna və Ailə Məcəlləsinə dəyişiklik edildi. Birinci qanuna edilən dəyişikliyə görə, məişət zorakılığına məruz qalan şəxslərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulur.
Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən isə övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.
Bu dəyişiklik Ailə Məcəlləsinin 64-cü (Valideynlik hüquqlarından məhrum etmə) maddəsinə edilib. Məcəllədə yeni dəyişikliyə qədər göstərilirdi ki, uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda şəxs valideynlik hüquqlarından məhrum edilmir. Yeni dəyişiklik vəziyyəti ciddiləşdirib. Artıq uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər göstərildikdə şəxs valideyn hüququndan məhrum ediləcək. Özü də hər iki sənəd müzakirə edilmədən səsə qoyularaq qəbul edilib.
|