Rusiyada narkomaniya demoqrafik problemi daha da mürəkkəbləşdirib və dövlət təhlükəsizliyinə təhdid kimi görülür. Odur ki, Rusiya prezidenti Dmitri Medvedev uyuşdurucu dövriyyəsi ilə bağlı cinayətlərə görə cəzaları sərtləşdirməyi lazım bilir və belə bir təkliflə Dövlət Dumasına müraciət edib. Prezident təklif edir ki, qanunvericilik qaydasında narkodilerlərə ömürlük cəza, narkomanlara icbari müalicə müəyyən olunsun. Bundan başqa, məktəblilər və tələbələr üçün icbari testdən keçmə qaydası qoyulsun.
Hüquq müdafiəçiləri bu təklifi müsbət qarşılamırlar. Onlar hesab edirlər ki, qüvvədə olan qanuna bu düzəlişlər narkomanları cinayətə təhrik edəcək və həbsxanalar dolub-daşacaq.
Almaniyada çıxan Der Standard nəşri bu günlərdə yazmışdı ki, Rusiyada özəl klinikaların əksəriyyətində müalicə qeyri-ənənəvi olmaqla, onların uğurları çox azdır. Son beş ildə Rusiyada rəsmən qeydə alınmış narkomanların sayı on dəfə artıb. BMT-nin açıqladığı rəqəmlərə görə, Rusiyada 5 milyondan çox vətəndaş uyuşdurucu qəbul edir.
Başqa bir müdhiş rəqəmə görə, Rusiyada Yer əhalisinin 2 faizi yaşayır, lakin dünyada qəbul edilən heroinin 21 faizi bu ölkənin payına düşür... Bu sahədə Rusiya dünya lideridir. Hər il Rusiyada uyuşdurucudan 100 min adam ölür.
Dmitri Medvedev narkoişbazlara ömürlük cəza istəyir. Sabiq Moskva meri isə bir vaxt narkoişbazları azadlıqdan məhrumetmə cəzasını mənasız bir iş sayırdı. O, bu işlərlə məşğul olanları küncdə-bucaqda bir-bir tapıb qırmağı təklif etmişdi...
|