Nəqliyyatda bahalaşma inflyasiyanı yüksəldəcək
 |
İntellektual sistemə çəkilən xərclər istehlakçıların çiyinlərinə yüklənir. Bu, düzgündürmü?
Şənbə, 25.06.2011
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin qurulmasından sonra nəqliyyatda gediş haqları qaldırıla bilər. Bu sistemin sentyabr-noyabrda işə salınması gözlənilir. Nəqliyyat naziri Ziya Məmmədov deyib ki, gediş haqlarının qaldırılmasında məqsəd odur ki, ictimai nəqliyyatda çalışan şirkətlər bu sahəyə investisiya yatırmaqda maraqlı olsunlar və gəlir əldə etsinlər.
Məlumat üçün: sözügedən sistemə bütün dayanacaqlara, avtobuslara və hətta taksilərə kameraların quraşdırılması, avtobusların hərəkət qrafikinin sərnişinlər və avtobus gözləyənlər tərəfindən izlənməsi, yolların və dayanacaqların sıxlığının monitorinqinin aparılması və s. aiddir. Bu sistemin tətbiqindən sonra gediş haqlarının plastik kartlarla ödənişinə də başlanacaq.
Son illər yol-nəqliyyat infrastrukturuna xeyli vəsait yatırılıb, ölkəyə çoxlu avtobus, nəqliyyat vasitələri gətirilib. Amma xidmətlərin keyfiyyətində hər hansı bir irəliləyiş yoxdur. Onu da qeyd edək ki, bu sahəyə çəkilən xərclər neft pulları hesabınadır. Bu sektorda tariflər dövlətin qərarı ilə müəyyənləşir. Sonuncu dəfə gediş haqları 2007-ci ildə 10 qəpikdən 20 qəpiyə qədər bahalaşıb. Hökumət qiymətləri artıranda başqa ölkələrlə müqayisə edərək, Azərbaycanda ucuz olduğunu iddia edir. Lakin region ölkələri ilə müqayisədə ölkəmizdə nəqliyyatda gediş haqqı, demək olar, eynidir.
Pensiyalar və məvaciblər artırılmadan nəqliyyatda gedişi bahalaşdırma xəbəri suallara yol açır. Bu gün ölkədə yüksək inflyasiya var. Bütün sahələrdə qiymət artımının davam edəcəyi təqdirdə gediş haqlarının artımı əhalinin gəlirlərinə birbaşa təsir göstərəcək. Bu, kiçik biznes strukturlarında bahalaşmaya gətirib çıxaracaq.
Gətirilən səbəblər - bəhanədir
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, bir müddət öncə dəmiryolda, hava nəqliyyatında qiymət artımının nəqliyyat sektorunun digər sahələrinə də sirayət edəcəyi gözlənilirdi. Lakin onun fikrincə, indiki halda qiymət artımını nəqliyyatın intellektual idarəetmə sisteminə keçidlə əlaqələndirmək düzgün deyil.
Çünki bu sistemin nə dərəcədə effekt verəcəyi hələ bilinmir. Bundan əlavə, bu sistemin qurulması şəhər təsərrüfatının tərkib hissələrindən biridir. Ona görə də çəkilən xərcləri istehlakçılara yükləmək də düzgün deyil:
"Nəqliyyat nazirinin qiymət artımına gətirdiyi səbəbləri bəhanə kimi dəyərləndirirəm. İntellektual idarəetmə sisteminin qurulması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılıb. Belə görünür, yatırılan investisiyanı əhalinin canından çıxarmağa çalışacaqlar. İyulun 1-də minimum əməkhaqları və pensiyaların artımı da hansısa bahalaşmaya əsas verə bilməz. Nəqliyyat sistemində bahalaşma gözlənilən ikirəqəmli inflyasiyanın daha da yüksəlməsinə təkan verə bilər. Bu, ölkədə sosial vəziyyəti də xeyli gərginləşdirər. Hesablamalara görə, indiki minimum əməkhaqqında nəqliyyat xərcləri 10 faiz təşkil edir. Bahalaşma ailə büdcəsində sözügedən xərcin payını artıracaq".
Bu heç bir iqtisadi prinsipə əsaslanmır
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl plastik kartlara keçidlə əlaqədar qiymət artımının heç bir iqtisadi prinsipə əsaslanmadığı qənaətindədir. Xatırlatdı ki, bir neçə il öncə də qiymətləri qaldıranda xidmətin keyfiyyətinin yüksələcəyi vəd edilmişdi. Amma hər hansı keyfiyyətli xidmət yaradılmadı. İqtisadçı deyir ki, yüksək keyfiyyətli xidmətin təşkili ictimai nəqliyyatda gediş haqlarını bahalaşdırmağa əsas vermir. Çünki belə bir xidməti yaratmaq Nəqliyyat Nazirliyinin borcudur! İndiki tariflər onsuz da yüksəkdir.
Z.İsmayıl hesab edir ki, qiymət artımına səbəb yığılan pullarda oğurluq hallarının mümkün olmayacağı ilə bağlıdır: "Plastik kartlar vasitəsilə sərnişinlərin ödədikləri vəsaitləri oğurlaya bilməyəcəklər. Gələn gəlirlərinin azalmaması üçün bunu gediş haqlarını artırmaqla kompensasiya edəcəklər".
Məsələ ondadır ki, gediş haqları region ölkələri ilə müqayisədə ucuz deyil. Belarus, Ermənistan və Gürcüstanda bilet sistemi var. Azərbaycanda isə Nəqliyyat Nazirliyi elementar bilet sistemini tətbiq edə bilmir.
Birlik sədrinin sözlərinə görə, büdcə hesabına alınan avtobuslar və taksilərin özəl şirkətlərə hansı prinsiplər əsasında verildiyi bəlli deyil. Bütün sahələrdə olduğu kimi, bunda da qeyri-şəffaflıq hökm sürür. Bahalaşma Bakı Metropolitenində də olacaq, ekspertə görə, təklifə kompleks baxılacaq:
"Düşünürəm ki, ictimai nəqliyyatda gediş haqqı 30 qəpiyə, metroda 20 qəpiyə qaldırılacaq. Bununla əhalinin gəlirlərində bu istiqamət üzrə xərclər 50 faiz artacaq. Təəssüf ki, Azərbaycanda tələbələr üçün heç bir güzəşt yoxdur. Ona görə də qiymət artımı onlara daha çox təsir göstərəcək".
İqtisadçı Nazim Məmmədov xatırlatdı ki, metro istisna olmaqla, sərnişindaşıma özəl sektora aiddir. Özəl sektorun isə bazar prinsipi var:
"Bir tərəfdən bazar iqtisadiyyatından danışırıq, digər tərəfdən Tarif Şurası ictimai nəqliyyat vasitələrində qiymətlərin tənzimlənmə funksiyasını həyata keçirir. Bu şəkildə tənzimləməni doğru saymıram. Sahibkarlara şərait yaradılmalıdır ki, bu sahəyə investiya qoyulsun, rəqabət formalaşsın. Bunun tənzimi bazar alətləri ilə həyata keçirilməlidir. Amma Nəqliyyat Nazirliyi lisenziya yolu ilə sahibkarların hansısa marşrutda işləməsini tənzimləyir, eyni zamanda onların qarşısında tarif məhdudiyyəti qoyur".
Müsahibim bu qənaətdədir ki, bu sahənin tam liberallaşmasına ehtiyac var. Lakin o hesab etmir ki, liberallaşma bahalaşmaya gətirib çıxarmalıdır. Onun fikrincə, qiymət artımı baş verərsə, hökumət aztəminatlı təbəqənin bahalaşmadan sığortalanmasını həyata keçirməlidir. Onların maaş və təqaüdləri artırılmalıdır. Yaxud tələbələrə və pensiyaçılara nəqliyyatdan güzəştli istifadə üçün əlavə subsidiyalar verməlidir.
|
|
|
Oxşar xəbərlər:
Rayonlara mətbəxi olan avtobuslar işləyəcək
Qızıl bahalaşmaqda davam edəcək
Oktyabrda bahalaşma lideri - baş soğan
Bahalaşma və ərzaq qıtlığı dalğası ölkəni vurdu
Neft bu sürətlə bahalaşarsa
|
|
|