Son illər yerli və Avropa arenasında qazandığı uğurları sayəsində diqqəti cəlb edən qadın voleybolçulardan ibarət "Rabitə" komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən daha bir xoş xəbərlə müjdələnib. Bakı klubu daha bir sanballı turnirə dəvət alıb.
Xəbərə görə, Azərbaycan çempionu klublararası dünya çempionatına qatılacaq. Beynəlxalq Voleybol Federasiyası (FİVB) Avropa Çempionlar Liqasında iştirakı təsdiqlənən təmsilçimizi planetin ən nüfuzlu klub turnirinə dəvət edib.
Ötən mövsüm Avropa Çempionlar Liqasının finalında oynamaqla dünya çempionatına vəsiqə qazanan paytaxt klubunun FİVB-dən rəsmi dəvət alması əlamətdar hadisədir.
Bunun anlamı odur ki, "Rabitə" Azərbaycan idmanı tarixində ilkə imza atacaq. Belə ki, komanda idman növlərində heç bir Azərbaycan təmsilçisi dünya çempionatında çıxış etməyib. Bu il oktyabrın 8-14-də Qətərin paytaxtı Dohada FİVB klublararası dünya çempionatında "Rabitə"nin rəqibi olan komandalardan üçünün adı bəllidir. Belə ki, öz qitələrinin çempionları "Kenya Prisons" (Afrika), "Caguas" (NORCECA) və VGSTT (Avropa) klubları da mundiala qatılacaq. Müvafiq olaraq Braziliya və Yaponiya təmsilçilərinin favorit olduğu Cənubi Amerika və Asiya Çempionlarının adları bəlli olandan sonra öz yerlərini tutacaqlar. Dünya çempionatının ilk mərhələsinin püşkatma mərasimi sabah, iyunun 26-da Doha şəhərində keçiriləcək.
|