Ölkədən didərgin düşən Güney Azərbaycan türkləri xaricdə siyasi, ictimai-mədəni qurumlar yaradıb, milli varlıqlarını qorumuğa, İranın acı gerçəkliyini dünyaya çatdırmağa çalışırlar. Son olaraq, bu günlərdə "Sürgündə Güney Azərbaycan Qələm Əncüməni" qurucularının toplantısı keçirilib. Toplantı belə bir məzmunda bildiriş yayıb:
"İran çoxmilliyyətli bir ölkədir. Orda fərqli kültürlərə, ənənələrə malik milliyyətlər var. İranda iki rejim - Pəhləvi və İslam Respublikasının yaratdığı sıxıntı və qorxu sizin hamınıza, insan haqlarını müdafiə edən bütün təşkilatlara, özəlliklə, Beynəlxalq "Qələm Əncüməninə" ("Pen klub" - S.S.) bəllidir. İranın çoxlu sayda yazıçısı, şair və qəzetçisinin dar ağacından, həbsxanalardan və oradakı ağır vəziyyətdən qurtulmasına bu qurumun Avropa ölkələri, ABŞ və Kanada şöbələri yardım etmişlər.
Bununla belə, İranda hələ də vahiməli bir vəziyyət var ki, bu qorxunc gerçəklik bütün insanlığın gözü qarşısındadır.
Çoxmilliyyətli olsa da, bu ölkədə bir dil - fars dili və mədəniyyəti rəsmi olaraq tanınır. Azərbaycan türkcəsi, bəluc, ərəb, kürdcə və başqa dillər rəsmən tanınmır. Bu dillərin daşıyıcıları yalnız fars dilində təhsil almaq məcburiyyətindədir. Bu baxımdan İran cəmiyyətinin üçdə ikisindən çoxuna edilən zülm heç bir ölkə ilə müqayisəyə gəlməz.
İran İslam Respublikası və beynəlxalq təşkilatların verdiyi məlumatlara əsasən, bu ölkədə Azərbaycan türkləri 20-30 milyon olmaqla əhalinin üçdə birini təşkil edir. Bu isə ölkədə etnik çoxluq deməkdir. Ancaq bu sayda olan bir cəmiyyət ana dilində təhsil almaqdan məhrum edilib.
Güney Azərbaycanın yazıçıları, şairləri, elm adamları, qəzetçiləri və başqa bu sayaq yaradıcı peşə yiyələri öz ölkələrində təqiblər və milli kimliklərini qoruduqları üçün sürgün vəziyyətində yaşayırlar. Tehranın yaratdığı bu mədəni assimiliyasiya ucbatından onların çoxu Avropa ölkələrində, Türkiyədə, ABŞ-da, Azərbaycan Respublikasında, Kanada və başqa ölkələrdə sürgün həyatı yaşayır, əsərlərini çeşidli dillərdə yazır və nəşr etdirirlər.
Biz, İrandan dışarıda, sürgündə yaşayan azərbaycanlı yazıçılar, şairlər, qəzetçilər yazdığımız dildən asılı olmayaraq, Beynəlxalq İnsan Haqları Bəyannaməsi əsasında fəaliyyət göstərən Beynəlxalq Qələm Əncüməninin əsasnamə və nizamnaməsini bütünlükdə qəbul edərək, onun yanında fəaliyyətimizi davam etdirməyə qərar vermişik".
Bu azərbaycanlı ziyalılar mühacirətdə yaşayan güney azərbaycanlı qələm əhlini bu prosesə qoşulmağa dəvət edir. Bildirişi "Sürgündə Güney Azərbaycan Qələm Əncüməni"in aşağıda adları göstərilən qurucuları imzalayıb: Südabə Ərdəvan, Əlirza Əsgərzadə, Rza Bərahəni, İsmayıl Cəmili, Əlirza Quluncu, Saif Hətəmlu, Haşim Xosrovşahi, Maşallah Rəzmi, Fərzad Səmədi, Hadi Soltanülqurayi, Heyəttulah Soltanzadə, Hüseyn Süleymanoğlu, Sevil Süleymani, Yunis Şamili, Ziya Sədrül-Əşrəf, Sidiqə Ədaləti, Fərhad Qabbosi, Əli Qaracalu, Leyla Müctəhidi, Nasir Merqati, Əlirza Müzəffəri (Miyanalı), Məhəmmədrza Heyət, Əhməd Yəzdani.
Başqa bir xəbərdə isə bildirilir ki, mayda Stokholmda Güney Azərbaycan Qadınları Konfransı keçirilməli idi. Bu konfransı sentyabrın 24-nə keçirmək qərara alınıb.
Sözügedən toplantıda bütövlükdə Azərbaycanın, özəlliklə Güney Azərbaycan qadınlarının siyasi, ictimai və iqtisadi problemləri, eləcə də qadın haqlarının qorunması uğrunda fəaliyyət və başqa bu sayaq məsələlər müzakirə ediləcək. Toplantıya qatılmaq istəyənlər və məsələ ilə bağlı Güney Azərbaycan Qadın Konfransına, bu ünvana - gunaz.qadin@hotmail.com müraciət edə bilərlər.
|