Polis iyunun 16-dan 17-nə keçən gecə saatlarında amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi, yerli hüquq müdafiə təşkilatı olan - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu İctimai Birliyinin əməkdaşı Silya Devisə hücum faktını araşdırmaqda davam edir.
Hələlik hüquq-mühafizə orqanları hadisənin təfərrüatını açıqlamır. Polis hadisəni böyük ehtimalla sırf kriminal xarakterli hesab edir. Amma bu versiya heç bir halda təsdiqini tapmır. Çünki qızların heç bir əşyası, məsələn, bahalı telefonları, habelə pullarının oğurlanmağına cəhd belə edilməyib. İki zərif əcnəbi qıza qarşı seksual zəmində də basqı baş verməyib, sadəcə, 4 nəfər kişi onları əməlli-başlı döyüblər və nəticədə Silya Devisin sol qolu sınıb.
Baş verənlərin Azərbaycanın müstəqil KİV-lərinə və QHT-lərinə yardım göstərən qızları cəzalandırmaq məqsədilə təxribat olduğu qənaətində olanlar da var. Bu versiyanın tərəfdarları hesab edirlər ki, basqının arxasında bütün əcnəbiləri izləyən hüquq-mühafizə orqanları durur. Amerikalı Erikson və britaniyalı Devis könüllü kimi fəaliyyət göstərirlər.
Zərərçəkmişlərin özlərinə gəlincə, onlar heç bir bəyanat vermirlər və baş verən hadisədən möhkəm sarsılıblar. Amerika Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar Erikson və Devisə qarşı basqını kəskin şəkildə pisləyərək, hakimiyyətdən basqını araşdırmağı və təqsirli şəxsləri cəzalandırmağı tələb ediblər.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) isə bəyanat yayaraq bu şəxslərin döyülməsinin onların peşə fəaliyyəti ilə bağlı olduğunu istisna etmir.
"Hücum edənlər Silya Devis və Amanda Eriksonu əvvəlcədən izləyiblər, döyməni xüsusi kobudluqla həyata keçiriblər, konkret olaraq qızları yerə yıxaraq təpikləyiblər və bunu zədə yetirilənə qədər təkrarlayıblar, heç bir əşya qəsb etməyiblər. Amanda Erikson və Silya Devis yerli QHT-lərlə əməkdaşlıq etməklə bərabər, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər. Amanda Erikson həmçinin "Vaşinqton Post" və "Nyu-York Tayms" qəzetləri ilə də əməkdaşlıq edir", - deyə qeyd edən RATİ bəyan edir ki, hakim Yeni Azərbaycan Partiyasının orqanı olan "Yeni Azərbaycan" qəzetinin bu hadisədən dərhal sonra, yəni 17 iyun 2011-ci tarixli sayında Devisin əməkdaşı olduğu RATİ və onun sədri Emin Hüseynov haqqında qarayaxma xarakterli məqalə dərc etməsi də döyülmənin təsadüfi olmadığını göstərir.
RATİ eyni zamanda xatırladır ki, hakimiyyət 2010-cu ilin noyabr parlament seçkiləri ərəfəsində əcnəbilərin viza almaları ilə bağlı qaydaları xeyli dərəcədə sərtləşdirib.
"2011-ci il aprelin 17-də etiraz aksiyasını işıqlandırmaq istəyən 3 isveçli jurnalist etiraz aksiyasının keçirilməli olduğu yerdə saxlanaraq polis bölməsinə aparılıb və 1 gün sonra ölkədən deportasiya ediliblər", - deyə qeyd edən RATİ hesab edir ki, çoxsaylı əcnəbilərin Azərbaycana gələcəyi ilə əlamətdar olan "Eurovizion-2012" müsabiqəsini təşkil edən Azərbaycan hakimiyyəti ilk növbədə bu neqativ tendensiyalara son qoymalıdır. RATİ Azərbaycan hakimiyyətindən baş vermiş cinayəti sifariş edən və icra edən şəxslərin qısa müddətə cəzalandırılmasını təmin etməyi tələb edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətlə yanaşmağa və "Eurovizion-2012" mahnı müsabiqəsini keçirən Azərbaycan hakimiyyətindən insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.
Onu da qeyd edək ki, dünən Mətbuat Şurası da baş verən hadisə ilə bağlı DİN-ə müraciət edib. Şura nazir Usubovdan baş vermiş hadisəni şəxsi nəzarətinə götürərək baş verənlərin obyektiv araşdırılmasını xahiş edir.
|