1500 manatla "Özünədəstək"?
 |
Bu məbləğ nə şəxsi təsərrüfat yaratmağa, nə də onu \"inkişaf etdirməyə\" yetir
Şənbə, 18.06.2011
|
|
Yoxsulluğun səviyyəsini aşağı salmaq üçün ünvanlı sosial yardımların verilmə mexanizmi dəyişəcək. Məsələ ondadır ki, indiki metodla ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin dərdinə əlac olmur. Ünvanlı yardımların 70 faizinin ünvanına çatmadığı barədə qənaət var. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramının ünvanlı yardımla bağlı hissəsinin monitorinqi bu acı həqiqəti aşkarlayıb... Ona görə də hökumət metodu dəyişir - aztəminatlı ailələrə dövlət birdəfəlik yardıma keçir. Buna "Özünədəstək" proqramı deyilir.
Dəyişikliyin mahiyyəti
Öyrəndik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın əvvəlindən üç rayonda "Özünədəstək" ünvanlı sosial yardım proqramının icrasına başlayıb. Pilot kimi 90 ailəni proqrama cəlb edib. Təxminən 5-6 aydan sonra nazirlik bu ailələrin əldə etdiyi nəticələri nəzərdən keçirəcək. Nəticələrdən asılı olaraq, ünvanlı sosial yardımla bağlı qanunvericiliyə dəyişiklik nəzərdə tutulur.
Dəyişiklik dedikdə, ünvanlı sosial yardımın aztəminatlı ailələrə iki formada - birdəfəlik və aylıq verilməsindən söz gedir. Hazırda əhaliyə bu yardımlar 1 il ərzində aybaay verilir. Amma dəyişiklik təsdiqlənərsə, artıq birdəfəlik ünvanlı sosial yardım tətbiq ediləcək. Gələn ildən bu dəyişikliyin tətbiqi gözlənir.
Nazirliyin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin aparıcı məsləhətçisi Babək Hüseynovun sözlərinə görə, ailəyə əvvəlcədən böyük məbləğdə sosial yardım veriləcək. Bu məbləğin təxminən 1500 manatadək olması gözlənir. Bu yardımın da verilməsində əsas məqsəd ailələrin fərdi əmək fəaliyyəti ilə məşğul olmaları və şəxsi yardımçı təsərrüfatlarının inkişafı yolu ilə yoxsulluq həddindən çıxarılmasıdır. Bu layihə vasitəsilə ailələrin məşğulluğu da təmin olunacaq.
Onlar özləri yaratdıqları iş yerlərində işləyə biləcəklər.
Şöbənin aparıcı məsləhətçisi onu da əlavə etdi ki, bu yardımı mikrokredit kimi qiymətləndirmək doğru deyil. Çünki bu vəsait dövlət tərəfindən vətəndaşlara əvəzsiz verilir. Vətəndaşların öhdəliyi ondan ibarət olur ki, onlar biznes planı təqdim etsin və orada fəaliyyət göstərəcəkləri sahəni göstərsinlər. Ancaq ailələr vəsaiti düzgün xərcləməlidir ki, hədəfə çata bilsinlər.
B.Hüseynov onu da vurğuladı ki, bu proqram əsasında yardımların təyin olunmasında bir yenilik də tətbiq ediləcək. Belə ki, yardım ediləcək ailələrin seçilməsinə ictimai şuralar kömək edəcək.
Qanunvericiliyə ediləsi dəyişiklikdə ünvanlı sosial yardımın alınması üçün tələb olunan sənədlərin sayının azaldılması və müddətin dəyişdirilməsi ilə bağlı təkliflərin əksini tapacağı gözlənmir. İlkin müraciətlər üçün sənədlərin sayı kifayət qədər azaldılıb, bundan aşağı ola bilməz. Hazırda 9 adda sənəd tələb olunur. Vaxtilə ilkin müraciət zamanı bir ailədən orta hesabla 56 adda sənəd tələb olunurdu.
Məbləğ azdır!
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib Toğrul nəzərdə tutulan 1500 manatadək məbləğin az olduğunu söyləyir. Onun fikrincə, bu məbləğlə şəxsi təsərrüfatı qurub onu inkişaf etdirmək mümkün deyil:
"Ünvanlı sosial yardım proqramı yoxsulluq səviyyəsinin azaldılmasına xidmət edə bilmədi. Əksinə, bəzi ailələr üçün mənfi örnəklər yaradır. Biz "Özünədəstək" ünvanlı sosial yardım proqamına keçid olunması ilə bağlı 2009-cu ildə təkliflər vermişdik. Nazirlik isə indi 3 rayonda pilot layihəyə başlayıb. Burada fərdi şəxslərin iş qabiliyyətləri nəyə çatırsa, onu təmin etməyə çalışmalıdır. Yəni biri tikiş maşını, biri mal-qara və sair alaraq, öz dolanışığını təmin etməyə çalışmalıdır. Burada hökumət birdəfəlik yardım etməklə ona dəstək olur. Amma bu məbləğ azdır".
Toğrul deyir ki, onların təklif etdikləri paketdə sözügedən məbləğ ən azı 2 min manat nəzərdə tutulur:
"Birdəfəlik yardımla paralel ünvanlı sosial yardımlar da ayrılmalıdır. Həmin şəxs işini qurub, yaşayışını tam təmin edənə qədər hökumətdən aylıq yardımını da almalıdır. Yoxsulluğun azaldılması üçün dünya təcrübəsi belədir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımla ünvanlı sosial yardımı dayandırmaq fikrindədir. Əlbəttə, bu, yardıma ehtiyacı olan bütün təbəqələrə aid edilməyəcək. Bizim təkliflər sırasında həmin şəxslərin faizsiz kreditlərə çıxış imkanlarının da yaradılması göstərilir. Amma hökumətin proqramında hansı sosial layihələrin həyata keçiriləcəyi bilinmir".
|
|
|
Oxşar xəbərlər:
Kasıb ailələrə - birdəfəlik yardım
|
|
|