Turizm dünyada ən gəlirli sahə sayılır. Azərbaycan hökuməti də qeyri-neft sektorunda prioritet kimi kənd təsərrüfatı və turizmi əsas götürüb. Bu istiqamətdə bir sıra işlər görülür, proqramlar həyata keçirilir.
İqtisadçı Əli Əlirzayevin bu məsələyə baxışı fərqlidir. O deyir ki, turizm təkcə gəlirə görə deyil, inkişaf baxımından da qiymətləndirilməlidir. Onun qənaətincə, turizmi inkişaf etdirmək üçün ölkədə bütün sahələr inkişaf etməlidir, Əks halda bu istiqamətdə inkişafa nail olmaq mümkün deyil:
"Əgər turizm sənayesi yoxdursa, biznes mühiti, infrastruktur inkişaf etmirsə, bu sahənin inkişafından danışmaq mümkün deyil. Bu gün Azərbaycanda turizm sahəsi potensial olaraq sosial-iqtisadi cəhətdən prioritetdir. Kənd təsərrüfatı da onun kimi. Əhalinin 50 faizdən çoxunu kənddə yaşayanlar təşkil edir. Ona görə də kəndin də inkişafı mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatında xammal istehsalına stimul verilməlidir".
Onun sözlərinə görə, sadalanan sahələr daha çox kapital tutumlu, daha çox sənaye və elm tutumlu sahələrdir. Amma bunlarla yanaşı, sənaye inkişaf etməlidir. Çünki sənaye potensialı olmadığı təqdirdə nə kənd təsərrüfatı, nə turizm inkişaf edəcək. Bu gün emal sənayesi, texnologiya inkişaf etməlidir: "Hər iki sahə iqtisadiyyatda öz mütərəqqi yerini hələ ki, tapmayıb".
|