Ümumdünya Taekvondo Federasiyası (WTF) 2012-ci il London Yay Olimpiya Oyunlarına Bakıda keçiriləcək lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək ölkələrin siyahısını açıqlayıb. Belə ki, 4 gün davam edəcək yarışda 109 ölkədən 345 taekvondoçu mübarizə aparacaq. Onlardan 194-ü kişi, 151-i isə qadın olacaq. Bu idmançılar 8 çəki (qadınlar: 49 kq, 57 kq, 67 kq, +67, kişilər: 58 kq, 68 kq, 80 kq, +80 kq) dərəcəsində 24 lisenziya uğrunda mübarizə aparacaqlar.
"Sərhədçi" Olimpiya Mərkəzində keçiriləcək turnirin püşkatma mərasimi iyunun 28-də olacaq. Yarışlar bundan 2 gün sonra start götürəcək və iyulun 3-də başa çatacaq.
Qeyd edək ki, digər yarışlarla müqayisədə bu dəfə hər çəkidə yalnız 3 idmançıya medal veriləcək ki, onlar həm də London-2012-yə yollanmaq şansı qazanacaqlar.
|