 |
Bakıda WTA (Qadın Tennisçilər Assosiasiyası) seriyasına daxil olan beynəlxalq \"Baku Cup\" turniri keçiriləcək
Şənbə, 18.06.2011
|
|
mətn ölçüsü |
|
|
|
İyulun 18-dən 24-dək Azərbaycanda WTA (Qadın Tennisçilər Assosiasiyası) seriyasına daxil olan beynəlxalq "Baku Cup" turniri keçiriləcək. "Baku Cup" səviyyəsinə görə indiyə kimi Bakıda təşkil olunan bu sıradan ilk turnirdir. Turnirin direktoru, vaxtilə kortda böyük uğurlara imza atmış Leyla Mesxi "azerisport.com" saytına müsahibə verib və yarışla bağlı düşüncələrini bölüşüb:
- Belə bir turnir keçmiş SSRİ ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir. Bu il WTA seriyasından olan turnirlər dünyanın 6 qitəsində yerləşən 25 ölkənin 30 şəhərində təşkil olunacaq və bura zəngin tennis profilli ABŞ, İspaniya, Fransa, Böyük Britaniya, Hollandiya, İsveç, İtaliya, Avstraliya, Avstriya kimi ölkələr və Kopenhagen, Budapeşt, Seul, Boqota, Memfis, Barselona, Mexiko, Kuala Lumpur, Strasburq, Birminhem, Kvebek, Saka, Lüksemburq və s. kimi şəhərlər daxildir. Bu il isə siyahıya Azərbaycanın paytaxtı da əlavə olunub. İlk dəfədir ki, keçmiş SSRİ ölkələrinin Avropa ərazisində bu səviyyədə turnir Bakıda təşkil olunur (Moskva daha yüksək mükafat fondu olan "Kremlin Cup" turnirinə sahiblik edir).
- Ölkəmizin tennis həvəskarları Bakıda hansı tennis ustalarını görə biləcəklər.
- Rusiyanın ən güclü qadın tennisçilərindən olan Vera Zvonaryova ilə razılığa gələ bilmədik. Halbuki bir ay əvvəl onun turnirdə iştirak edəcəyini gözləyirdik. Əvəzində dünya reytinqində 14-cü olan digər rusiyalı - Anastasiya Pavlyuçenkonun iştirakını dəqiqləşdirmişik. Bundan başqa, Bakı turnirində Lüsi Safarova (Çexiya, dünya reytinqində 32-cidir), Alberta Brianti (İtaliya, 55), Yelena Dokiç (Avstraliya, 59) və Sanya Mirza (Hindistan, 60) kimi tanınmış tennisçilər iştirak edəcəklər. Düşünürəm ki, yarış iştirakçılarının heyəti maraqla qarşılanacaq və onların ustalığından razı qalacaqsınız.
- Bəs, turnirə adı dünya reytinq cədvəlində ilk 10-da olan tennisçiləri dəvət etmək olmazdımı?
- Əlbəttə, olardı. Amma ilk 10-dan bir tennisçini dəvət etməli olsaydıq, o zaman turnirin mükafat fondunu 2 dəfə artırmaq lazım gələcəkdi. Biz qərara gəldik ki, adları siyahının ikinci onluğunda yerləşən tennisçiləri dəvət edək.
Yarışın mükafat fondu da dəyişməz qaldı.
- Sirr deyilsə, "Baku Cup"ın mükafat fondu nə qədərdir?
- 220 min dollar. Bu, WTA turnirlər seriyasına düşən yarışlar üçün normal məbləğdir. Qeyd edim ki, bir il ərzində bu sıradan xeyli turnir keçirilir. Bu turnirlərin keçirilmə vaxtı və yeri əvvəlcədən müəyyənləşdirilib. Heç bir ölkənin ixtiyarı yoxdur ki, turnirlər seriyasına öz yarışını əlavə etsin. Ona görə də turniri ya icarəyə götürmək, ya da satın almaq olar. WTA-nın 2011-ci il üçün təqvimində ümumilikdə 56 turnir nəzərdə tutulub. Bu turnirlərin yarıdan çoxunun (30) mükafat fondu 220 min ABŞ dolları təşkil edir".
- Məşhur tennis veteranları turnirə dəvət edilibmi?
- Düzünü etiraf edim ki, bu, artıq xərc aparan bir işdir. Biz turnirə elə tennisçilər dəvət etmişik ki, yarış maraqlı və baxımlı olsun, Azərbaycanda böyük tennisin inkişafına təkan versin. Amma ola bilsin ki, Dünya Tennis Federasiyasından qonaqlar olsun.
- Turnir çox güman ki, Tennis Akademiyasının kortunda keçiriləcək.
- Bəli. İnanıram ki, təkcə yarışlar deyil, arenanın özü də yarışa gələnlərin xoşuna gələcək. Həmin arenanın tamaşaçı tutumu 3 minə çatır. Mən böyük anşlaqın olacağını gözləmirəm, amma maraqlananların çox olacağını düşünürəm. Yeri gəlmişkən, yarımfinal görüşlərinə qədər yarışlara giriş pulsuz olacaq. WTA bu turnirin yüksək səviyyədə keçirilməsini istəyir və mən bu təşkilatın meyarlarını qəbul edirəm. Qadın Tennisçilər Assosiasiyasının turnirinin ilk dəfə Bakıda keçirilməsi Azərbaycan Tennis Federasiyasının uğurlu siyasətinin təzahürüdür
- Yarışın qaydaları haqqında nə deyə bilərsiz?
- Əvvəlcə püşkatma olacaq. Əsasnaməyə görə, 32 tennisçi finala 4 vəsiqə uğrunda mübarizəyə başlayacaqlar. Qaydalara görə, turnir təşkilatçıları ev sahiblərinə 2 güzəştli iştirak kartı ayıra bilər. İştirak kartlarından birinin sahibi artıq məlumdur. Bu, sizin tennisçi Kamilla Fərhaddır. Bircə onu bilirəm ki, onun 16 yaşı var. Doğrudur, ondan böyük nəticə gözlənmir, amma inanıram ki, bu yarışda yeniyetmə tennisçiniz böyük təcrübə qazanacaq.
|
|
|
|
|
|
|