İran rəsmiləri qürrələnirlər ki, sanksiyalar ölkə iqtisadiyyatına elə ciddi təsir etməyib. Ancaq baş verənlər hakimiyyət təmsilçilərinin cəmiyyəti doğru məlumatlandırmadığını sübut edir. Planlaşdırma nazirinin müavini Möhsün Xocastən-Mehr İRNA agentliyinə müsahibəsində deyib ki, neft sahəsinə irihəcmli sərmayə qoyulmayacağı təqdirdə 2015-ci ildə "qara qızıl" hasilatı kəskin şəkildə azala bilər. Onun sözlərinə görə, indi gündə 3,7 milyon barrel hasil olunur, bu hasilat 2,7 milyon barrelə düşəcək.
Ölkənin sərmayə planına uyğun olaraq, "mavi qaz" hasilatına 70 milyard dollar, neftə 34 milyard, bu sahələrin modernləşdirilməsi və emal sənayesinin genişləndirilməsi üçün 32 milyard dollar yatırım gərəkdir. Ancaq indiki şəraitdə İran iqtisadiyyatına xarici şirkətlərin yatırım qoyması çox riskli işdir. Odur ki, İran iqtisadiyyatı bu sərmayə olmadan çətin inkişaf edib düşdüyü ağır durumdan qurtula bilər.
"İRİB nyus"un məlumatına əsasən, İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin sözlərinə görə, ölkə iqtisadiyyatında 8 faizlik qalxınmanı əldə etmək üçün hər il 240 milyard dollarlıq sərmayəyə (240 trilyon tümən) ehtiyac var.
İran İnqilab Keşikçiləri Qvardiyası təmsilçiləri isə neft sahəsinə xarici sərmayə olmadan belə inkişaf etdirməyə qadir olduqlarını bəyan edirdilər. Belə hesab etmək olar ki, onlar bunu çeşidli mallardan, eləcə də qeydiyyata alınmayan xam neft və neft məhsullarından qaçaqmal yolu ilə əldə etdikləri pullarla gerçəkləşdirmək istəyirlər.
Bir neçə ay öncə həbs olunmazdan öncə parlamentin sabiq sədri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi ona yaxın veb-sayta demişdi:
"İnqilab Keşikçiləri Qvardiyası sanksiyalardan astronomik rəqəmlərlə gəlir əldə edir və ona görə də bütün varlığı ilə bu sanksiyaları dəstəkləyir. Onlar yalnız ölkəyə qanuni yolla gətirilməsi yasaqlanmış malların qaçaqmalçılığı ilə məşğul olmur, beynəlxalq şirkətlər tərəfindən energetika sahəsində imtina edilmiş layihələri ələ keçirirlər".
İslam Respublikası daxili işlər nazirinin qaçaqmalçılığa qarşı mübarizə baş idarəsinin rəisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi bildirmişdi ki, ötən il qanunsuz yolla daxil olan və ölkədən çıxan malların ticarət dövriyyəsi 19 milyard dollardan artıq olub.
Onun sözlərinə görə, bu müddət ərzində İrana 16 milyard dollarlıq qaçaqmal gətirilib, 3 milyard dollarlıq isə çıxarılıb: "Bu malların yalnız 3 faizi müəyyənləşdirilərək müsadirə olunub". Tehranın keçmiş prokurorunun dediyinə əsasən, bu qaçaqmalçılıq "güclü, qanunsuz birliklər tərəfindən himayə və idarə olunur, biz hələ onların arxasında duran qüvvələri müəyyənləşdirə bilməmişik".
Göründüyü kimi, qvardiya da ölkənin batmaqda olan iqtisadiyyatını qurtarmağa qadir deyil.
"Ekonomist" nəşrinə istinadən, yaxın illərdə İranın valyuta ehtiyatı qalxsa da, sonrakı dövrlərdə bunun azalacağı gözlənir. 2011-ci ilin aprelində açıqlanan hesabata əsasən, qızıl istisna olmaqla bu il valyuta ehtiyatının 4,8 milyard dollar artacağı proqnozlaşdırılır.
Qızıl istina olmaqla ötən il valyuta ehtiyatı 74 milyard 809 milyon dollar təşkil edib, cari ilə bu rəqəmin 79 milyard 109 milyon dollara yüksələcəyi gözlənilir. 2012-ci ildən etibarən bu yüksəlişin 1,5 milyard dollara qədər düşəcəyi proqnozlaşdırılır. Ehtiyatın 2015-ci ilədək hər il bir milyard dollaradək azalacağı gözlənilir. 2015-ci ildə isə 75 milyard 909 milyon dollar olacağı proqnozlaşdırılır. Ancaq artan tələblər, sanksiyalar, bahalıq qarşısında bu ehtiyatın nə vəziyyətə düşəcəyini indi də proqnozlaşdırmaq mümkündür. O biri yandan isə ərəb dövlətlərində baş verənlər sübut etdi ki, hakimiyyət başında duranların milyardları onların rejimini qoruya bilmir. Elə ötən həftə Liviya lideri Müəmmar Qəddafinin 4 milyard dollarına Yaponiya bankı həbs qoydu.
Nəhayət, inflyasiyanın durumuna nəzər salaq. "PressTV"nin məlumatına əsasən, mayın 22-dək olan müddət ərzində illik inflyasiya 14,2 faiz təşkil edib. Heç şübhəsiz, yuxarıda sadalanan faktlar qarşısında bu rəqəm çox az görünür. Çünki hakimiyyət başqa sahələrdə olduğu kimi, bu məsələdə də gerçəyi ölkə vətəndaşından gizlədir. Qeyri-rəsmi məlumatlara əsasən, bu rəqəm rəsmi göstəricidən azı iki dəfə artıqdır.
|