İranda yaşayan 30 milyondan artıq azərbaycanlının mədəni və mənəvi problemləri mövcuddur. Bu fikri Ombudsmanların IX Beynəlxalq Bakı Konfransında çıxışında millət vəkili Qənirə Paşayeva bildirib (APA). İranda yaşayan azərbaycanlıların üzləşdikləri problemlərə diqqət yönəldən millət vəkili qeyd edib ki, onlar öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar və bu ayrı-seçkilik özünü televiziya və mətbuatda da göstərir:
"İranın bəzi bölgələrində soydaşlarımıza Azərbaycan dövlətindən gələn qohumlarını öz evlərində qonaq saxlamaları qadağan olunub. Bu, insan hüquqlarının kobud pozulmasıdır". Qənirə Paşayeva Rusiya və Gürcüstan ərazisindəki tarixi Azərbaycan torpaqlarında - Dərbənd və Borçalıda yaşayan azərbaycanlıların öz ana dillərində təhsil almaları ilə bağlı problemlərin olmadığını desə də, onların da müəyyən problemlərlə üzləşdiklərini vurğulayıb. Millət vəkili qeyd edib ki, İran və Gürcüstanda yaşayan azərbaycanlılar öz tarixi torpaqlarında yaşadıqları üçün Azərbaycan diasporu hesab oluna bilməzlər. Ermənistanın işğalı nəticəsində yüz minlərlə azərbaycanlının hüquqlarının kobud şəkildə pozulduğunu diqqətə çatdıran millət vəkili bildirib ki, bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verib:
"Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Bu, Azərbaycan xalqının böyüklüyü və tolerantlığıdır. Erməni kilsəsi Bakının mərkəzində qorunub saxlanır. Ermənistanda isə azərbaycanlılara aid bir abidə belə qalmayıb. Təəssüflər olsun ki, dünya bu məsələlərə ikili standartlardan yanaşır. Bu ikili standartlar dünyanı məhvə aparacaq".
|