Mənzilə qovuşma səviyyəsində 10-20 dəfə geridəyik
 |
Ekspert rəyi: dövlət yükü öz üzərinə götürsün
Şənbə, 18.06.2011
|
|
Ölkənin daşınmaz əmlak bazarında təklif olunan mənzillərin qiyməti əksər vətəndaşın alıcılıq qabiliyyətinə, real gəlirlərinə cavab vermir. Ona görə satışa çıxarılan mənzillər çox olsa da, onlara sahib olanlar çox azdır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, əgər 2008-ci ildə ölkədə 1008 ailə öz mənzil şəraitini yaxşılaşdırmağa müvəffəq olubsa, 2009-cu ildə cəmisi 941 ailə buna nail ola bilib. Bu o deməkdir ki, hər il ailələrin orta hesabla 0,05%-i öz mənzil şəraitini yaxşılaşdıra bilir.
Məsələyə münasibət bildirən "NBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında izafi təklif mövcuddur. Yəni təklif tələbi üstələyir. Bakıda real mənzil bazarında ay ərzində köhnə mənzillər üzrə 400-450 mənzil satılırsa, yeni tikililərdə bu rəqəm əvvəlki 1000-2000-dən 650-680-nə düşüb. O deyir:
"Təbii ki, buna həm də tikintinin özündə olan problemlər təsir göstərir. Digər tərəfdən, şirkətlərin satış imkanları, alış imkanları, ilkin bazarda kredit imkanları məhduddur. Ona görə də bəzi alıcılar bu bazarda mənzil almaq istəsələr də, kredit məhdudluğu onları təkrar bazara yönəldir".
Mənzilə qovuşma səviyyəsinə görə Azərbaycan bir sıra Avropa ölkələri ilə müqayisədə 10 dəfə, hətta bəzi ölkələrdən 20 dəfə geri qalır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilovun sözlərinə görə, bu sahədə vəziyyət ildən-ilə pisləşir. Belə ki, ölkədə orta aylıq maaşla 0,41 kvadratmetr mənzil sahəsi əldə etmək olar. Halbuki Avropa statistik qurumunun məlumatlarına görə, İngiltərədə bu göstərici 5,41 kvadratmetr, Finlandiyada isə - 10,55 kvadratmetr təşkil edir. Birliyin təhlilləri göstərir ki, bu sahədə vəziyyət getdikcə pisləşir.
Ekspert hesab edir ki, ölkədə əhalinin daha geniş kütləsini mənzillə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda, evsizlik problemi daha geniş vüsət alacaq. Uğurlu xarici təcrübələrə toxunan ekspert bildirib ki, əksər ölkələrdə mənzil probleminin həllini dövlət öz üzərinə götürür və bu, müxtəlif proqramlar vasitəsilə həyata keçirilir.
Beynəlxalq təcrübədə bənzər proqramlar uzun illər tətbiq olunur. Məsələn, qonşu Rusiya, hələ 2005-ci ildən "Rusiya Federasiyası vətəndaşları üçün - əlçatan və rahat yaşayış sahələri" adlı milli lahiyə icra olunmağa başlayıb. Burada əsas hədəflərdən biri mənzil almaq imkanına malik olan ailələrin xüsusi çəkisini 9%-dən 30%-ə qədər artırmaqdır. ABŞ-da icra olunan "Yaşayış sahələrinə əlçatanlığın təmin edilməsi" dövlət proqramı eyni məqsəd daşıyır. Eyni zamanda, İngiltərədə hələ 2008-ci ildə "Yaşayış sahələri və bərpa aktı" qəbul olunub.
Ekspert qeyd edir ki, Azərbaycanda mənzil təminatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün hökumət "Aztəminatlı əhali üçün (əlçatan) sosial mənzil proqramı" qəbul etməli və bu proqram konkret hədəflərə yönəlməlidir. Proqramın əsas qayəsi ölkədə aztəminatlı təbəqələr üçün əlçatan (sosial yönümlü) qiymətlərlə mənzil tikintisi olmalıdır.
Nüsrət İbrahimov da hesab edir ki, mənzil təminatını yaxşılaşdırmaq üçün xarici təcrübədən istifadə edilməlidir. Onun söylədiklərindən bəlli oldu ki, əksər ölkələrdə dövlət bu halda sifarişçi rolunu oynayır:
"Tikinti üçün hər hansı ərazidə torpaq sahəsi ayrılır, tender elan olunur. Tender qalibi olan şirkət tikintiyə başlayır. Sonra sifarişçi tikililərin bir hissəsini özünün güzəştli sosial kateqoriyasına daxil olan və ev növbəsində dayanan insanlara paylayır. Digər hissəsini açıq bazarda satışa çıxarıb, uzun müddətə (25-30 il) kreditlə satır. Hətta kredit müddəti 50 ilə qədər uzadıla bilir. Faizlər çox aşağı olur. Təbii ki, illik 3-4 faiz olmaqla. Hesab edirəm, həmin ölkələrin təcrübəsindən yararlanmaqla imkansız ailələrin mənzil problemini həll etmək olar".
Müsahibim onu da vurğuladı ki, dövlət sifarişçi olmaqla həm tikinti şirkətlərinə dəstək verər, həm də evsizlərin ev problemini həll edə bilər. Ancaq o hesab edir ki, istənilən halda birdən-birə bunu etmək olmaz. Onun fikrincə, cəmiyyəti tədricən buna hazırlamaq lazımdır:
"Bu gün əmlak bazarında mənzilin orta qiyməti 70-75 min dollardır. Əgər vəsait ayrılsa, il ərzində 13 min insanı mənzillə təmin etmək olar".
|
|
|
Oxşar xəbərlər:
MN hərbçiləri üçün bina tikiləcək
Məmurları qiymətləndirməyə yeni üsul
İpotekanın verilmə şərtləri sadələşdirilir
Korrupsiya əleyhinə qanunlar işləmir
Prezident İlham Əliyev Balakəndə olub
|
|
|