Hal-hazırda Ayna qəzetinin 11.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İranın Qafqaz revanşı
İranın Qafqaz revanşı
Özünün xilası üçün bunu hədəf seçib
Şənbə, 11.06.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Tehran Universiteti nəzdində 2006-cı ildən fəaliyyətə başlayan "Qafqaz Tədqiqatları Mərkəzi" sayəsində bu ölkə Qafqaz regionunda son beş ildə baş verən proseslərdə fəal şəkildə iştirak etməyə başlayıb. Siyasi, ictimai, iqtisadi, sosial, ideoloji, dini və digər sahələrdə xeyli dərəcədə aktivləşiblər. Həştərxan və Kalmıkstandan başlayaraq bütün Quzey Qafqaz və Güney Qafqaz da daxil olmaqla çox geniş şəkildə hətta özünün infrastrukturlarını yaratmaqdadır.

Bu prosesdə İran tərəfi daha çox antitürk maraqlarının ictimai və sosial dayaqlarını inkişaf etdirməklə yaxın gələcəkdə İranı gözləyən problemlərin qarşısını almağa ümid edir. Siyasət meydanında "coğrafi siyasət" adlanan bu doktrina indiki şəraitdə İranın mövqelərinin güclənməsinə hesablanır.

Hörümçək toru strategiyası

Hələ ilkin ortaçağ dönəmində farslar indiki Hindistandan Orta Asiya və İran yaylasına bir toplum olaraq köç etdikləri dönəmdə Kaşqar, Buxara, Səmərqənd, Xivə, Bəlx, Ürgənc, Gərm, Gissar, Məzari-Şərif, Kabil, Şiraz, Tus, İsfəhan, Qəzvin, Yəzd, Kirman və digər qədim yaşayış məskənlərində özlərinin xüsusi koloniyalarını yaratmaqla burada parn-urdu mədəni dəyərlərini dərin qatlara yeritməyə çalışdılar. Bununla da özlərinin mövcudolma prinsiplərini də rəsmiləşdirməyə çalışdılar. Türküstan, İran və Qafqaz siyasətinin tarixi köklərində farslar bütün çabalara baxmayaraq, özümlü dəyərlərinin, sadəcə, İran yaylasında qismən strateji hədəflərinə nail ola biliblər. Bu sırada onlar etnoloji mənada sosial güc ola bilməsələr də, mədəni, ədəbi və ideoloji qatların arxasında gizlənməklə son 90 ildə xeyli dərəcədə irəli gedə biliblər.

19-cu yüzildə yaranan, bu gün Avropanın özünün belə imtina etdiyi "Hind-Avropa nəzəriyyəsi" hələ də Tehran rejiminin ali ideoloji prinsipi olaraq qalmaqdadır. Bu gün İran bir dövlət olaraq, bu nəzəriyyənin bir qədər modern görünüşlü labirintlərini tətbiq etməklə, ən azından öz dəyərlərini qorumağa çalışır. İndiki məqamda İranda din pərdəsi altında gizlənmiş fars şovinist siyasətinin coğrafi hüdudlarının genişlənməsi, ölkə əhalisinin buna total şəkildə səfərbər olunması üçün daha genişmiqyaslı hədəflər ortaya qoyulubdur.

Bu sırada İranın ən çox ümid etdiyi istinad nöqtəsi Qafqaz və Orta Asiya regionlarında daha fəal şəkildə çoxşaxəli iqtisadi, siyasi, ideoloji, maliyyə, sosial şəbəkələrdir. Buna görə də indi dünyada məşhur olan "web" - hörümçək toru strateji hədəflərinə üz tutulmuşdur.

Osmanlı dönəmindən sonra İranın Orta Şərqdəki fars şovinist siyasəti ərəb dünyasında iflasa uğramaqdadır. Hazırda İran Türkiyədə "ələvi"lik hərəkatını gücləndirməklə bu ölkəyə nüfuz etmək taktikasına üz tutsa da, hələ ki, bunun uğurlu nəticə vermədiyi təqib edilməkdədir. Çünki Anadoludakı ələvi inanclılar həm də türklük dəyərlərini ali prinsip hesab edirlər. Ancaq Qafqaz və Orta Asiya regionlarında İranın nisbətən sərbəst hərəkət etmək imkanları üçün münbit şərait mövcuddur. Bunun da əsas səbəbləri hər iki regionda demokratik həyat tərzinin tam qələbə çalmaması, etnoloji rəngarəngliyin mövcudluğudur.

Hələ ki İran bu regionlarda nisbətən sərbəst hərəkət edə və rahat nəfəs ala bilir. Belə bir şəraitdə İranın "web" - hörümçək toru strateji şəbəkəsini yaratması heç də çətin deyil.

REKLAM

Çünki ortada az güclə böyük sosial dayaqlar yaratmaq, bunun çevrəsində iqtisadi, maliyyə, daha sonra isə bunun mədəni qatlarını formalaşdırmaqla daha üstün səviyyədə irəliyə doğru addım atmaq farsların tarixi koloniya strategiyasına bağlı olan ənənələrdən qaynaqlanır.

İran öz varlığını qorumaq üçün gözünü Qafqaza dikib

Hələ miladdan öncə 6-cı yüzildən indiki eradan 330 il əvvələ qədər əhəmənilər, daha sonra isə 226-cı ildən 651-ci ilə qədər sasanilər dönəmində koloniya siyasətini tarixdə ilk dəfə olaraq farslar tətbiq etmişdilər. Bu örnəyin mədəni qatlarının izlərini elə indinin özündə belə müşahidə etmək çox asandır. Ən azından parn-urdu (fars) mənşəli toplumların məskunlaşma coğrafiyası bunun təsdiqidir. İrandakı qatı fars şovinist çevrələrində bu strategiya "kəbire-persiya" (böyük fars coğrafiyası) adlanır. Qafqazın bütün iri şəhərlərində və ticarət mərkəzlərində İran bu hədəflərə nail olmaq üçün İran Mədəniyyət Mərkəzlərini yaradır. Bakı, İrəvan, Tiflis, Batumi, Mahaçqala, Dərbənd, Həştərxan, Vladiqafqaz, Elista və Soçi şəhərlərindəki bu mərkəzlər indi fars şovinist siyasətinin "web" - hörümçək toru şəbəkəsinə çevrilib.

Bu şəbəkənin yaşadılması, inkişaf etdirilməsi, İranın bir dövlət olaraq gəlirlərinin artırılması, nüfuz dairəsinin böyüməsi yönündə Tehrandakı "Qafqaz Tədqiqatları Mərkəzi" çox geniş planlı layihələr hazırlamaqda davam edir. Mərkəzin əsas fəaliyyət prinsipi isə "Ümumi Proqramlar", "Proqram və fəaliyyətlər" və "Elmi Şura" strukturundan ibarətdir. Mərkəzdə Qafqazda yaşayan bütün toplumların mənəvi, mədəni, dini, sosial həyat tərzi və coğrafi məkan psixologiyası bütün incəliklərinə kimi araşdırılmaqdadır. Bunun ardınca isə həmin toplumların həyatına, coğrafi regionlara nüfuzetmə prinsiplərinin necə tətbiq edilməsi hədəfləri həyata keçirilir.

Buna görə də mərkəzin dəstəyilə davamlı şəkildə fəaliyyət proqramları hazırlanır, konfranslar keçirməklə beynəlxalq güclərin regiondakı fəaliyyətlərinin araşdırılması, Qafqaz regionlarının mədəni və bədii dəyərlərinə nüfuz etmək, Qafqazın bütün regionlarından gənclərin İranda təhsil almaq siyasətini genişləndirmək, Qafqazdakı bütün elm ocaqlarında "İranşünaslıq" mərkəzlərini yaratmaq, ortaq elmi tədqiqatları genişləndirmək, Qafqazdakı ictimai və siyasi proseslərdə İranın önəmini artırmaq, Qafqazdakı regional etnik konfliktlərdə İranın vasitəçilik maraqlarının təmin edilməsi, energetika və nəqliyyat resurslarına nüfuz etmək, İran və Qafqazın ictimai, tarixi, mədəni qatlarını ən üstün səviyyəyə qaldırmaqdan ibarətdir.

Bu gün Qulamhüseyn Zərgərinejad, Əsgər Zarei, Zakir İsfəhani, Bəhram Əmirhəmidian, Elahe Qulai, İnəyətulla Rza, Maniçöhr Muradi, Cahangir Kərəmi, Əhməd Kazimi, İbrahim Türkmən, Məhəmmədbağır Haqpənah, Mehdi İmanpur, Məcid Sabir, Cavad Vahidi, Məhəmmədbağır Bəhrami, Cəlaləddin Nəmini Miyanəçi, Həsən Behiştpur, Müctəba Dəmirçilu, Əkbər Əminiyan, Mehdi İmanipur, Məhəmməd Hüseyn Purşüdzadə, Ehsan Xəzai, Seyid Hüseyn Təbatəbai, Bəhram Əmirəhmədian, Həsən Behiştupur, Seyid Kazım Musəvi, Əhməd Əhmədi, Seyid Əli Mücani, Məhəmmədrza Vəsfi, İrəc Hatəmi, Məhəmməd Nəhavəndian, Əsgər Zarei, İrəc Allahdadi, Səid Seyfi, Əli Əlibabai, Pərvin Təvazö kimi nüfuzlu elm xadimlərini bu prosesə cəlb edibdir.

Tehranın Kargəre-Şomali küçəsi, bina 16-da və Zərdüşte-Qərbi küçəsi, bina 56-da yeləşən "Qafqaz Tədqiqatları Mərkəzi"ndə hazırlanan layihələrdə ən çox Azərbaycan Respublikasının sosial, iqtisadi, ictimai həyat tərzinə nüfuz edilməsi planlarına üstünlük verilir. Bu layihələrə daxil olan planlardan biri də Bakıda yerli televiziya kanallarında meyxana, əruz ədəbiyyatı, dini verilişlərin sayının artırılması, bu yöndə xüsusi qrantlar ayrılmasına ayrıca önəm verilir. Bu üç mövzu farsların Azərbaycan ictimai həyatında çoxdan sınanmış metodu hesab edilir. Son 3-4 ildə gənclər arasında yayğın şəkildə olsa da ədəbiyyat aləmində dəbdə olan "modernizm" və "postmodernizm"in inkişaf etdirilməsi üçün də qrantlar ayrılmaqdadır. Bu sırada Tehranda sınaqdan çıxmış Fərrux Fərruxzad, Nima Yucic, Yəhya Arian Purdar, Sadiq Hidayət, Bozorq Ələvi və digərlərinin ortaçağ fars siyasətinin strateji hədəfi olan "tərkidünya" fəlsəfəsinin çağdaş ədəbiyyatda yer almasıdır. İndi bu sırada Azərbaycanda yaranmaqda olan həmin cərəyana xüsusi önəm verməyə başlayıbdır.

Fars şovinizmi alternativ güc rolunda

Tehran "Qafqaz Tədqiqatları Mərkəzi"nin araşdırmalarında açıq şəkildə qeyd olunur ki, indi Ermənistan, Gürcüstan və Azərbaycanda artıq Rusiyanın boyunduruğu altında əlaltı siyasəti tədricən çökməkdədir. Bu proses həm də Quzey Qafqaz regionlarında inkişaf etməkdədir. Qərb dövlətlərinin uzun müddətdir elan etdikləri demokratiya siyasəti isə elə onların özü tərəfindən çoxlabirintli forma və məzmun daşıdığı üçün, regionda demokratik proseslərin ləngərli xarakter daşıdığına görə insanların buna inamında bir sarsılma mövcuddur. Çünki Qərb elan etdiyi demokratik prinsiplərdən daha çox özünün iqtisadi maraqlarını təmin etmək qayğısına qalmağı üstün tutubdur. Buna görə də yaranmış boşluğu doldurmaq üçün İran "effektiv təsir" siyasətini genişləndirməklə öz nüfuz dairəsini də gücləndirə bilər. Bütün bunları diqqətlə təqib etmək üçün ən azından Tehrandakı iranboom.ir və caucasus.ir internet səhifələrini izləmək yetərlidir.

"Qafqaz Tədqiqatları Mərkəzi"nin araşdırmalarında o da qeyd olunur ki, Qafqazda İran dövləti prosesləri istədiyi kimi tam nəzarətə ala bilməzsə, o zaman Fələstin modelini işə salmağa məcburdur. Unutmaq olmaz ki, İran Orta Şərqdə öz nüfuzunu artıra bilmədiyi üçün Fələstində süni şəkildə xristian və müsəlman ərəblər, şiə ərəblər və yəhudilər arasında daim silahlı münaqişələr tətbiq etməklə iqtisadi, enerji və digər sahələrdə istədiklərinə nail olmaq üçün hərəkət edib. İndi sırada Qafqaz strategiyası da bu minvalla formalaşdırılmaqdadır.

İran Qərb dövlətlərinin elan etdiyi kimi Qafqazda demokratik prosesləri əngəlləmək üçün çabalar göstərir. Çünki Qərb dövlətləri, xüsusilə Avropa Birliyi, Avropa Şurası, elə NATO-nun özü belə Qafqaz siyasətindəki "astagəlliyi" səbəbindən İran bu boşluqda rahat nəfəs almaq üçün indi ildə ən azından 2 milyard dollar vəsaitindən keçməsindən heç də peşman deyil. Bununla da alternativ siyasi, ictimai, iqtisadi, sosial, mədəni şəbəkələri daha da aktiv duruma yönəltməkdədir. Abxaziya, Güney Osetiya, Dağlıq Qarabağ kimi etnik bölücü regionların sülh yolu ilə həll edilməməsi Qərbin mövqelərinin daha da daralması kimi psixoloji təbliğatlarda hələlik qazanan tərəf də elə İrandır.

Çağdaş dünyada təcrid olunmuş şəkildə dövlət modeli olmadığının fərqinə varan İran belə bir siyasəti aparmaqla həm də öz daxilində son bir neçə ildə inkişaf etməkdə olan xalqların öz milli hüquqları uğrunda mübrizələrinin də qarşısını almağa ümid edir. İndi Güney Azərbaycan, Loristan, Kürdüstan, Bəlucistan, Xuzistan, Xorasan-Türkmənistan hərəkatları İranın bir dövlət olaraq süqutuna aparan ən böyük dirənişlərdən birinə çevrilməkdədir. Qərb dövlətləri heç bunun da fərqində deyillər. İran bir dövlət olaraq, Qafqazda mövqelərini addım-addım gücləndirməklə bu prosesin önünə çıxmağı hədəf seçibdir. "Qafqaz Tədqiqatları Mərkəzi" isə hər ötən gün Qafqaz siyasətində yeni-yeni texnologiyaların əsaslarını hazırlamaqdadır...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tehranda yeni kortəbii nümayişlər

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər