Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) cümə axşamı regiona səfərin yekunlarına dair birgə bəyanatla çıxış ediblər ("Turan").
Həmsədrlər sənəddə qeyd edirlər ki, iyunun 6-9-da beynəlxalq vasitəçilər Bakıda, Dağlıq Qarabağda və Yerevanda olublar. ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə birlikdə həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarqsyanla, habelə "Dağlıq Qarabağın de-fakto hakimiyyətinin" nümayəndələri ilə görüşüblər.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə hazırlıq çərçivəsində həmsədrlər tərəflərlə "təməl" prinsiplər üzrə işlərin yekunlaşdırılmasına və onların təsdiqinə yönəlmiş addımları müzakirə ediblər.
Həmsədrlər iyunun 7-də Ağdam rayonunda qoşunların təmas xəttini piyada keçərək bir daha nümayiş etdiriblər ki, tərəflər 1994-cü ildən tətbiq olunan atəşkəs rejiminə riayət etməklə əməkdaşlıq edə bilərlər. Bununla həmsədrlər son 10 ay ərzində 3-cü dəfə qoşunların təmas xəttini bu şəkildə keçirlər. Münaqişənin davam etdiyi 16 il ərzində həmsədrlər 3 dəfə sərhədi bu tərzdə keçiblər.
Bununla əlaqədar olaraq, həmsədrlər tərəfləri bu keçid dövründə danışıqlar prosesini poza biləcək istənilən təxribat xarakterli bəyanatlardan və əməllərdən çəkinməyə çağırıblar.
Xatırladaq ki, iyunun 25-də Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Bu, son ilyarım ərzində 5-ci görüş olacaq.
|