Rusiya 102-ci bazaya görə Ermənistana haqq ödəmir
 |
Stepan Qriqoryan: \"Rusiya xərcləri öz üzərinə götürmək istəmirsə, ...\"
Şənbə, 11.06.2011
E.Eldəniz |
mətn ölçüsü |
|
|
|
Qəbələ RLS-in Rusiya tərəfindən icarə müddəti gələn ilin yanvarında tamam olur və Azərbaycan icarə müqaviləsinə yenidən baxmaq, müqaviləyə yeni bəndlər əlavə etmək niyyətindədir. Azərbaycan Müdafiə Nazirliyinin hazırladığı bəyanatda icarə haqqının yüksəldilməsi, təbiətə dəyən ziyanın azaldılması məqsədilə xüsusi tədbirlər görülməsi, RLS-də çalışan kontingentin tərkibində azərbaycanlıların sayının artırılması və Azərbaycanın razılığı olmadan stansiyada əldə edilmiş məlumatların üçüncü bir ölkəyə ötürülməsi kimi bəndlər yer almışdır.
MN-in bəyanatında qeyd olunub ki, dövlət güzəştə gedərək stansiyanın elektrik enerjisinə görə 1997-ci ilə qədərki borcu da ləğv etmiş və illik icarə haqqını 7 mln. ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Qeyd edək ki, 1985-ci ildən istismara verilən Qəbələ RLS İran, Ermənistan, Türkiyə və Yaxın Şərq ölkələrinin səmasını nəzarətdə saxlaya bilir.
Əslində dövlətin bu addımlarında təəccüblü bir şey yoxdur. Dünya praktikasında belə bir qanunauyğunluq var - əgər hər hansı bir dövlət öz hərbi bazalarını başqa ölkənin ərazisində yerləşdirirsə, buna görə müəyyən haqq ödəməlidir. Bu səbəbdən bir çox kiçik dövlətlər hərbi-siyasi nöqteyi-nəzərdən yox, iqtisadi cəhətdən sərfəliliyə görə hərbi bazaların öz ərazilərində yerləşdirilməsinə razılıq verir. Belə ki, sığınacaq vermiş ölkəyə xeyli miqdarda maliyyə vəsaiti köçürülür, həmin ölkələrin hərbi qulluqçuları bu bazalarda xidmət edir və bununla da müəyyən iqtisadi problemlər öz həllini tapmış olur.
Dünyada qiymətlərin günü-gündən artdığını nəzərə alsaq, hərbi bazalar haqda razılaşmalara mütəmadi olaraq yenidən baxılır. Çünki hərbi bazalara malik olan hər ölkə bu ərazilərdə ilkin olaraq öz məqsədlərini güdür və təbii ki, buna görə də müəyyən vəsait ödəməlidir. Biznes dili ilə desək, bazanın özü bu ölkəyə investisiya yatırılması deməkdir.
Bu qaydalara riayət olunmayan yeganə yer ərazisinə Rusiya hərbi bazalarının yerləşdirilməsinə icazə verən, lakin bütün xərcləri özü ödəyən Ermənistandır. Bu fakt hətta Rusiya siyasi dairələrində istehza ilə şərh olunur və buna Ermənistanın zəifliyi, inamsızlığı kimi baxılır. Bununla yanaşı, keçmiş SSRİ respublikalarında, məsələn, Qırğızıstan və Qazaxıstanda yerləşdirilən hərbi bazalara görə Rusiya çox böyük məbləğdə icarə haqqı ödəməklə yanaşı, sosial məsrəfləri də öz üzərinə götürüb. Bu mənada, Ermənistanla Rusiya arasındakı razılaşma anlaşılmazdır, çünki Ermənistan nəinki icarə haqqı almır, hətta digər bütün əlavə xərcləri də öz dövlət büdcəsindən ödəyir.
Burada söhbət, Rusiya hərbi bazasının Ermənistan ərazisində yalnız dislokasiya faktından getmir. Regional problemləri və qarşılıqlı münasibətləri nəzərə alsaq, bu bazanın Ermənistan ərazisində mövcudluğu məntiqə uyğundur. Amma həmin baza ilk növbədə Rusiyanın maraqlarını müdafiə edir. 1995-ci ildə Rusiya bazasının Ermənistanda dislokasiya məsələsi gündəmə gələndə xərclərin miqdarı tərəflər arasında bərabər paylanmışdı, yəni 50-nin 50-yə idi.
Həmin dövrün siyasi şəraiti baxımından bəlkə də bu, məntiqi idi. Lakin 2000-ci ildə maraqlı və anlaşılmaz vəziyyət alındı. Razılaşmalara müəyyən dəyişikliklər edildi və Ermənistan bütün xərcləri öz üzərinə götürdü. Bu, məşhur "Borc əvəzinə əmlak" proqramı çərçivəsində bir neçə strateji və vacib obyektlərin Ermənistan tərəfindən Rusiyaya bağışlandığı bir vaxtda baş vermişdi.
Politoloq Stepan Qriqoryan yazır ki, "burada əsas rolu o vaxtkı Ermənistan rəhbərliyinin hakimiyyəti möhkəmləndirmək cəhdi oynayırdı. Ermənistanda Rusiya təsirinin güclənməsi əsasən bu faktordan asılı idi. Bu ağlasığmaz şərtləri başqa məntiqlə əsaslandırmaq qeyri-mümkündür. Onu da xatırlayaq ki, o vaxt Rusiyanın Azərbaycan və Gürcüstanla münasibətləri çox mürəkkəb idi. Bu bazanın rolu Rusiya üçün də çox əhəmiyyətli idi və həmin dövrdə Rusiya Ermənistanın bütün şərtlərinə razılıq verə bilərdi. Çox maraqlıdır ki, bu zaman yalnız Ermənistan güzəştə getdi. Lakin burada təhlükəli bir məqam var. Müxtəlif siyasətçilər nə qədər əks fikirlər söyləsələr də, mən inanıram ki, əgər Rusiya öz hərbi bazasını təmin etmək üçün xərcləri öz üzərinə götürmək istəmirsə, deməli, sabah lazım gələndə onlar bizi müdafiə etməyəcəklər".
Ötən ilin avqustunda Ermənistan ərazisindəki Rusiya hərbi bazasının statusu barədə "1995-ci il sazişinə" ikitərəfli əlavələr edildi. Bazanın qalma müddəti nəzərdə tutulmuş 25 ildən 49 ilə dəyişdirildi. İmzalanmış protokolda qeyd edilmişdir ki, "Rusiya hərbi bazası, Ermənistan ərazisində olduğu müddətdə RF-nin maraqlarını qorumaqla yanaşı, həm də ER-in Silahlı Qüvvələri ilə birgə Ermənistanın təhlükəsizliyini həyata keçirməlidir. Bu məqsədlərə çatmaq üçün Rusiya tərəfi Ermənistanın müasir və müvafiq silahlar, hərbi texnika ilə təmin olunmasında hərtərəfli kömək göstərməlidir". Lakin icarə şərtləri dəyişilməmiş qalmışdır. Belə təsəvvür yaranır ki, hazırkı hakimiyyət də Rusiyanın köməyi ilə öz mövqelərini möhkəmləndirməyə çalışır. Əks təqdirdə, bəs niyə onlar Ermənistan üçün əlverişli şərait yaratmağa cəhd göstərmir?
Buna bənzər məsələ Rusiya ilə Ukrayna arasındakı münasibətlərdə də olub. Yanukoviç prezidentliyinin ilk vaxtlarında parlamentə, Rusiya hərbi bazalarının Ukraynada güzəştli əsaslarla yerləşdirilməsi təklifi ilə müraciət etmişdi və əvəzinə Rusiyadan verilən qazın qiymətlərinin aşağı salınmasını gözləyirdi. Lakin bahalı qaz və güzəştli hərbi baza problemləri hələ də həll edilməyib. Ermənistan hakimiyyəti isə qazın qiymətləri ətrafında yaranmış "bazar" dövründə Rusiya bazasının icarə şərtlərini dəyişdirmək istiqamətində heç bir cəhd göstərmir.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir
Ermənistan dünyanı aldadır
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
|
|
|