Parlament: həbsdə olanların məsələsi qaldırıldı
 |
İqbal Ağazadə: \"Bu adamların həbsdə qalması müsbət heç nə vəd etmir\"
Bahar Muradova: \"18-19 yaşlı uşaqlara ictimai-siyasi status verməli deyilik\"
Şənbə, 11.06.2011
|
|
Dünən MM-də sessiyadankənar ilk iclas idi. İclas Respublika himninin səslənməsi ilə başladı. 24 məsələnin daxil edildiyi gündəliklə bağlı müxtəlif təkliflər səsləndi.
ABU-nun tələbələri diplomsuz qalıb
Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov özəl universitetlərin fəaliyyətinin dövlət tərəfindən monitorinqini təklif etdi. Konkret olaraq ABU ətrafında qalmaqalı xatırladan deputat dedi ki, ordan diplom ala bilməyən xeyli tələbə var:
"Bu gənclər dövlətin lisenziya verdiyi təhsil ocağında təhsil alıblar. Düzdür, elələri var hansısa köçürmə yolu ilə ABU-ya daxil olublar. Onların məsələsinə ayrılıqda baxıla bilər. Amma qanuni qaydada instituta girib təhsil alanların sayı kifayət qədərdir. Onlar arasında xarici tələbələr də kifayət qədərdir".
Eynulladan sonra yerdə qalanları da buraxmaq lazımdır
İqbal Ağazadə jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını təqdiredici hal saysa da, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və digər oxşar ictimai-siyasi statusu olan gənclərin azadlığa buraxılmasını istədi:
"Bunların azadlıqdan məhrum edilməsi bugünkü Azərbaycan reallığı ilə uzlaşmır. Bəxtiyar Hacıyev Konstitusiya ilə ona verilən hüquqdan - alternativ hərbi xidmət hüququndan istifadə etmək istəyir. Kimsə bu məsələyə Azərbaycan-Ermənistan münaqişəsi fonundan yanaşa bilər. Amma hazırda ciddi təhsili olan bir şəxsin bu gün bu ittihamla həbsdə olması nə ölkə daxilində, nə də xaricində müsbət bir şey vəd etmir".
Ağazadə həmkarlarına onu da təklif etdi ki, MM adından Türkiyə hökumətinə müraciət olunsun və orda həbs edilən Qarabağ qazisi Ziya Yusifin azadlığa buraxılması tələb edilsin.
Xəzəri hasarlamaqla Ginnesin rekordlar kitabına düşmək istəyirik?
Fazil Mustafa tikinti sahəsində özbaşınalıqlara münasibət bildirilməsini istədi. 65 minlik stadionun təməlinin qoyulmasını əlamətdar və vacib hadisə kimi qiymətləndirən deputat anlamadığı bəzi tikintilər haqqında sual verdi:
"Əvvəllər dəniz sahilləri hasarlanırdı. İndi bütün yolları hasarlayırlar. Bu kursun axırı hara gedib çıxacaq - Astaraya qədər hasarlayacaqlar? Bunu Ginnesin rekordlar kitabına düşmək üçün edirik? Bəlkə bu praktikanı Türkmənistan və Rusiyaya da təklif edək və Xəzəri dünyanın yeganə hasarlı dənizi edək?" F.Mustafa dövlət vəsaitlərini dənizin və yolların hasarlanmasına sərf etməyi hökumətin yanlış siyasəti kimi qiymətləndirdi və dedi ki, belə davam etsə, gələcəkdə hökumət vətəndaşın problemini həll etməyə vəsait tapa bilməyəcək.
YAP icra katibinin müavini Siyavuş Novruzov ənənəsinə sadiq qalaraq yenə də iclas zalında səslənən fikirlərə, konkret olaraq İqbal Ağazadənin tələblərinə münasibətini açıqladı: "İstintaqı gedən şəxslərin əfvi mümkün deyil". Deputatın sözlərinə görə, mövcud qanunlara görə, Azərbaycanda yalnız iki səbəbdən - ya dini, ya da qeyri-ənənəvi seksual baxışlarına görə hərbi xidmətdən yayınmaq olar:
"Bəzilərinə dini mənsubiyyəti əlinə silah almağa icazə vermir.
Azərbaycan müsəlmanları üçün bu qayda yoxdur. Avropada isə adətən cinsiyyətinə görə hərbi xidmətə getmirlər. Kim istəyirsə, bu 2 haldan birindən istifadə edə bilər. Heç kim göydən zənbillə düşməyib".
Adını kənddə müəllim yazdırıb, özü Bakıda gəzir
Sabir Rüstəmxanlı gənclərin Bakıda iş tapa bilmədiyindən gileyləndi. Dediyinə görə, paytaxtda hara iş üçün gedirsənsə, rus və ingilis dillərini istəyirlər: Bəs öz dilimiz heç kimə lazım deyil? Niyə respublikanın kadr potensialını verən kənd sakinləri işsiz qalmalıdır?" Deputat xatırlatdı ki, dağ rayonlarında kəndlərə müəllimlərin göndərilməsi ilə bağlı əlavə imtiyazlar nəzərdə tutulub. Amma bəziləri bu imtiyazlardan yararlansa da, işləmir, fırıldağa əl atır: "Onlarla adam tanıyıram ki, adlarını məktəblərə yazdırıb, özləri Bakıda gəzirlər".
Fərəc Quliyev Qarabağ ətrafında münaqişənin adının rəsmilər tərəfindən fərqli səsləndirilməsini, bura Dağlıq Qarabağ ifadəsinin salınmamasını təklif etdi. O, həmçinin Milli Məclisdə Qarabağ komissiyasının yaradılmasını istədi: "Bu komissiya prezidentə danışıqlarda yardımçı olar, həm də parlamentin özünün ötürücü funksiyalarını artırar".
Tarixçi alim Musa Qasımlı küçələrdə günorta vaxtı fənərlərin yandırıldığından danışdı və müvafiq qurumları bu israfçılığa son qoymağa çağırdı.
Füzulidə doludan ziyan çəkənlərə yardım edilməlidir
Vitse-spiker Bahar Muradova Füzulidə dolu altında qalan əkin sahələrindən, təbii fəlakətə görə çarəsiz duruma düşən sakinlərdən söz saldı. Xanım deputat bildirdi ki, "İcbari sığortalar haqqında" qanun məhz bu cür hallarda işə salınmalıdır: "Lap ordakı evlər, əkin sahələri sığortalanmasa belə, bu insanlara kömək edilməlidir. Onlar gələnilki məhsul dövrünə qədər yaşamaq üçün yardım almalıdır.
Bahar Muradova da dolayısı ilə İqbal Ağazadənin sözlərinə reaksiya verdi. Dedi ki, indi gərək cəmiyyət üçün əsas Qarabağ məsələsi öndə gəlsin: "Hər bir kəs bu məsələni bir nömrəli kimi qəbul etməlidir. Yoxsa ki, 18-19 yaşlı uşaqları ictimai-siyasi statuslu şəxs adlandırıb önə çəkməli deyilik. Bu statusu qazanmaq üçün illərlə çalışmaq lazımdır. Bəlkə bu uşaqlar kiminsə qohumudur, övladıdır. Heç kim övladının həbsə düşməsini istəməz. Amma bunun üçün vaxtında tədbir görmək lazım idi. Yüzlərlə cinayətdən biri kimi baş verən bir işi ixtisaslaşdırmaq, kimisə ittiham etmək düz deyil. Əgər Azərbaycan siyasətində deyə biləcəyiniz söz yoxdursa, işinizi 18-19 yaşlı uşaqların qanunpozan hərəkətləri üzərində qurmayın".
|
|
|
Oxşar xəbərlər:
Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Vitse-spiker müxalifətçi deputatlardan razıdır
Bahar Muradova:
|
|
|