Ölkədə qapalı məhkəmələrin çıxardığı edam hökmlərinin əksəriyyəti "narkotik maddələrin qanunsuz alveri", "zina" ittihamları ilə bağlıdır. Bir həftə öncə narkotik maddələrin satışı və qanunsuz qaçaqmalçılığında suçlandırılan 23 məhkum edam edildi. Bu məhbuslardan 3-ü mayın 22-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində, 20-si isə Qəzvin şəhər zindanında dar ağacından asılıb.
Narkotik maddələrin satışı ilə məşğul olanlarla bundan sonra daha kəskin davranacaqlarını bildirən Qəzvin prokuroru höccətülislam İsmayıl Sadiqi-Niyari jurnalistlərə açıqlamasında narkotik qaçaqmalçılığında suçlanan və ölümə məhkum olunmuş daha 20 nəfərin yaxın günlərdə dar ağacından asılacağını vurğulayıb.
İranda çıxan "Şərq" qəzetinin məlumatına əsasən, Tehranın baş prokuroru Abbas Cəfəri-Dövlətabadi deyib ki, hüquq-mühafizə orqanları "narkotik maddələrin qanunsuz alveri" ittihamı ilə 300 nəfər barəsində dar ağacı hökmü çıxarıb. Prokuror dəqiqləşdirir: "Üzərində 30 qram və ondan artıq narkotik maddə aşkarlanan istənilən vətəndaş narkotik maddə taciridir və ona ölüm maddəsi tətbiq edilir". Prokuror onu da qeyd edib ki, bu 300 nəfərlik siyahıda narko-tacirlər və narkomafiya başçıları yoxdur.
Beynəlxalq Əfv Təşkilatının illik hesabatında ölüm hökmünün daha çox ABŞ, İran, Çin, Səudiyyə Ərəbistanı, Yəməndə icra olunduğu vurğulanır. Bu cəza növü Asiya və Yaxın Şərq dövlətlərində daha çox tətbiq edilir. İran, Sudan, Pakistan və Birləşmiş Ərəb Əmirliyində 18 yaşdan da aşağı yaşda olanlar edam olunurlar.
2010-cu ildə 527 nəfərin ölümə məhkum edildiyi qeydə alınıb. Həmin il İranda 252, Şimali Koreyada 60, Yəməndə 53, ABŞ-da 46, Səudiyyə Ərəbistanında 27 edam hökmü icra olunub. Çin bu rəqəmi açıqlamadığından onun adı bu siyahıda göstərilmir. ABŞ-ın isə hələlik 16 ştatında ölüm hökmü yasaqlanıb.
Ayətulla terrora haqq qazandırır
İranın tanınmış din xadimi, prezident Əhmədiejadın "xaç atası" sayılan ayətulla Məhəmmədtağı Mispah öz tərəfdarlarını israillilərə, o cümlədən onların uşaqlarına qarşı terror aksiyalarına çağırıb.
Mispah ən radikal din xadimlərindən sayılır. Öz veb-saytında yaydığı risaləsində terrorçu-intiharçının hücumlarının yalnız qanuni olduğunu deyil, bunun hər bir imanlı müsəlmanın vəzifəsi olduğunu iddia edir. Sayt izləyicilərindən biri ona belə bir sualla müraciət edib: "Əzabla ölməklə, intihar arasında nə fərq var. Bəziləri deyir ki, əzablı ölüm, intihar yasaqdır, islama ziddir". Ayətullah Mispah cavabında "tələbənin islam düşmənlərinin təbliğatına uyduğundan" təəssüflənərək deyib:
"Sionist rejimə qarşı mübarizə aparmaqdansa, belə suallar verməklə vaxt itirirsiniz. İslam və xalqın müdafiəsi üçün islama iman gətirənlərin əzabla şəhid olmasına nəinki icazə verilir, hətta bu, onun borcu sayılır".
İstifadəçi "Həmas" və "İslami-cihad" kimi qrupların mülki insanlara qarşı terror aksiyası ilə bağlı belə bir sual verib: "Bu halı islam necə dəyərləndirir? Bu hücumlar zamanı uşaqların öldürülməsinə necə baxırsınız?"
Ayətullah Mispah bu sualı belə cavablandırır: "Məncə, uşaqların öldürülməsini yasaqlamaq vacib deyil. Nə qədər ki yəhudilər öz hakimiyyətlərinə qarşı etiraz etməyəcəklər, onlara daha çox ziyan vurmaq lazımdır".
Sosial fəsadlar hardan qanaqlanır?
İRNA agentliyinə əsasən, İslam Respublikasının iki vətəndaşı azyaşlı uşaqları cinsi zorakılığa məruz qoyarkən görüntüləri lentə aldıqlarına görə açıq şəkildə dar ağacından asılıblar. Bu hökm Kirmanşahın şəhər meydanında gerçəkləşdirilib. Ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.
"Qərb mədəniyyətinə qarşı mübarizə" aparan Tehran hakimiyyəti 32 ildən artıqdır savadsızlığa qarşı mübarizə kampaniyası keçirir. Maarifləndirmə hərəkatının sədri Əli Bağırzadənin sözlərinə görə, 2,6 milyon vətəndaş oxuyub-yazmağı bilmir.
İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən sədr deyib ki, İran əhalisinin 85 faizi təhsillidir: "Biz çalışırıq ki, əhalinin qalan 15 faizi oxuyub-yazmağı öyrənsin. Əhalinin əsasən 10-49 yaş arasında olan hissəsi savadsızdır".
Bir müddət öncə bu hərəkat bəyan etmişdi ki, hər il orta hesabla 1 milyon vətəndaş təhsildən məhrum olur. Qurum sədrinin müavini Əli İbrahimianın sözlərinə görə, savadsızların çoxu qadınlardır.
Savadsızlığın əsas səbəblərindən biri milli dildə təhsilin yoxluğudursa, o biri dolanışığın ağırlığıdır. Odur ki, yad dildə oxumaq fars olmayanlara problem yaradır. Ona görə də uşaqlar oxumaqdan yayınır. Təcrübə göstərir ki, dolanışığın ağırlığı ucbatından ata-ana uşaqları çörək qazanmağa yollayır. Bu faktlar Tehran hakimiyyətinin öz vətəndaşlarına etdiyi zülm kimi dəyərləndirilir. Savadsız, işsiz, beyinləri yalnız qondarma islam düşmənlərinə qarşı mübarizə təbliğatı ilə yuyulan insanların mənəvi aşınması qəribə görünmür.
Bir ayda 300 nəfərin uyuşdurucu qaçaqmalçılığı üstündə edam edilməsinin kökü, səbəbləri, təəssüf ki, araşdırılmır. Axı həmin insanlar İslam Respublikasının qoyduğu qaydalar əsasında tərbiyələnib. Bu üzdən İranda nə savadsız, nə narkotik maddə istifadəçisi, nə taciri, nə də pedofiliya sayaq fəsadlar olmamalı idi. Ancaq bütün bunlar var və özü də az deyil.
|