Parlament "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər etdi. İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın dediyinə görə, dəyişiklik ölkədə ziyarətgah yaradılmasını qadağan edir:
"Qanunda nəzərdə tutulurdu ki, dini mərkəz və idarələr ziyarətgah yarada bilər. Hazırda Azərbaycanda 500-dən çox ziyarətgah var. Qanun dəyişəndən sonra kiminsə ziyarətgah yaratmaq istəyi gerçəkləşə bilməz". Komitə sədri əminliklə bildirdi ki, indi ölkədə dini qurumların qeydiyyata alınma məsələsində heç bir problem yoxdur. Qanuna edilən dəyişiklikdən sonra nəzir qutuları da yığışdırılacaq".
Niyə ancaq islam təşkilatları hesabat verməlidir?
İqbal Ağazadə məhz İslam təşkilatlarının hesabat verməsi tələbindən narazılığını bildirdi: "Niyə məhz İslam təşkilatları öz səlahiyyəti haqqında hesabat verməlidir? Necə ola bilər ki, ölkədə olan dini qrupların bir qismi hesabat versin, digəri yox?" Deputat hesab edir ki, layihəni hazırlayanlar məsələyə bir qədər azərbaycansayağı baxıblar. Elə hesab ediblər ki, əhalinin 95 faizi müsəlmandırsa, bəsdir. Amma azsaylı insanlara bir yerə toplaşıb qeyri-islami icma yaratmaq imkanı verilməyib".
İslam dini icmaları qadağan edilməlidir
Qüdrət Həsənquliyev qanunda İslama aid ayrıca bölmə salınmasını təklif etdi. O, İslam dini icmaların yaradılmasının qadağan edilməsini tələb etdi:
"Çünki İslamda və Quranda icma yaratmaq məsələsi yoxdur. Onsuz da müsəlmanlar hamı qardaşdır. Əgər icma yaradırsa, deməli, parçalanma yaratmaq istəyir. Əgər sən İslamdan digər siyasi məqalələr üçün istifadə etmək istəmirsənsə, elə cümə günləri get məscidə". Deputat erməniləri ayaqda saxlayan əsas ölkənin kimlər olduğunu da vurğuladı: "Bu, heç də Rusiya deyil, Türkiyə və İrandır onları saxlayan".
Oqtay Əsədov bu qanun vasitəsilə Azərbaycanda din sahəsindəki pərakəndəliyə bir qədər nizam gətirmək istədiklərini bildirdi: "Bir də görürsən, kimsə gəlib burda hansısa sekta yaradır, sonra da Avropa Şurasına yazır ki, imkan vermədilər. Bu, tolerantlıq məsələsi deyil".
Dini xadimlər üçün forma yaradılsın
Siyavuş Novruzov isə çıxışına "Bismillahir-rəhmanir-rəhim" deyib şeytanı lənətləməklə başladı. O, din adamları üçün səliqə-sahmanlı bir geyim seçilməsini istədi. Deputat qeyd etdi ki, Gürcüstanda baş verənlər ciddi təhlükədən xəbər verir:
"Yer adlarımızı dəyişdirdilər, dinmədik. Sonra çox iş gördülər. İndi də müsəlman idarəsi yaradırlar. Dələduzun birini də gətirib ora sədr qoyacaqlar. Gərək parlamentlərarası dostluq qrupu bu məsələyə münasibət bildirsin".
Fəzail Ağamalı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasının zəruriliyndən söz saldı. Onun fikrincə, ölkəmizdə İslamla bağlı bütün məsələlər bu idarə vasitəsilə həyata keçirilməlidir.
İslam Universitetinin rektoru Sabir Həsənli bəzi sualları cavablandırdıqdan sonra layihə səs çoxluğu ilə qəbul edildi.
|