Bu ildən artıq bütün ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanla olacaq. Tədris ili başa çatdıqdan sonra bütün yerli təhsil idarəetmə orqanları müvafiq vakant yerləri TN-ə təqdim edəcəklər. Tezliklə TN-in internet saytında və "Azərbaycan müəllimi" qəzetində işə qəbul forması və vakant yerlərin siyahısı yerləşdiriləcək. Müəllim olmaq istəyən şəxslər işə qəbul üçün elektron ərizə təqdim edəcəklər.
TN strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin baş məsləhətçisi Xəyyam Fərəcovun bildirdiyinə görə, 2011-2012-ci tədris ili üçün 2000-ə qədər vakant yerin təqdim ediləcəyi gözlənilir. Vakansiyalar bütün ixtisaslar üzrə olacaq. Bakı şəhərində fiziki tərbiyə, informatika, gənclərin çağırışaqədərki hazırlıq fənləri üzrə müəllimlərə daha çox ehtiyacın olacağı gözlənilir. Rayonlarda Azərbaycan dili və ədəbiyyatı, tarix, xarici dil, biologiya, fizika, kimya, coğrafiya, riyaziyyat fənləri üzrə müəllimlərə tələbat üstünlük təşkil edir.
Öyrəndik ki, nazirlikdə işə qəbulla bağlı müsabiqə keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupu yaradılacaq və onlar "test bankı" hazırlayacaqlar. Prosesdə iştirak etmək istəyən namizədlərin hər biri dörd yer seçə bilər. Onlar kompüter qarşısında 35 suala cavab verəcəklər. Bunun üçün namizədlərə bir saat vaxt veriləcək. Cavablar dərhal bilinəcək. İmtahan suallarının 80 faizindən çoxuna düzgün cavab verənlər müsabiqəyə buraxılacaqlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər üçünsə sualların 60 faizindən çoxuna düzgün cavab verilməlidir.
MM Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev müəllimlərin işə qəbulunun imtahan əsasında aparılmasını təqdirəlayiq addım sayır. Onun dediyinə görə, dünyanın bir çox ölkəsində belə bir təcrübə var:
"Əgər müəllimlərə xüsusi dövlət qulluqçusu statusu veriləcəksə, belə bir müsabiqə lazımdır. Çünki dövlət qulluqçusu statusu müəllimlərə əlavə imtiyazlar verəcək. Bu zaman müəllimin sosial vəziyyəti ilə bağlı da nəzərəçarpacaq dəyişiklik olacaq. Belə olan halda ali məktəb məzunlarının təkrar imtahan edilərək müəllim götürülməsi normaldır".
|