Təhsil haqqı sistemində xaos hökm sürür
 |
Ödənişlərin bahalığına görə inkişaf etmiş ölkələri geridə qoyduq
Şənbə, 11.06.2011
|
|
2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artacağı gözlənir. Hələlik artımın nə qədər olacağı bəlli deyil. Misir Mərdanov məsələyə münasibətini bildirərkən deyib ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Halbuki dünyanın 100 reytinqli universitetinin hamısında dövlət sifarişli ixtisaslarda təhsil pulsuzdur və belə görünür, nazirlik ali məktəblərdə təhsil haqlarının aşağı olduğunu düşünür.
Azərbaycan universitetlərində təhsil haqları dünyada ən bahalılar sırasındadır. Minimum əməkhaqqı 85, orta aylıq əməkhaqqı 340 manat olan Azərbaycan təhsil ödənişlərinə görə ən inkişaf etmiş ölkələri belə geridə qoyur.
Dövlət universitetlərinin "flaqmanı" sayılan BDU-dan başlayaq. Burada ən aşağı təhsil haqqı 700 manatdır. Bu qiymət I qrup üzrə riyaziyyat müəllimliyi, geologiya, hidrogeologiya mühəndisliyi və geofizika və xəritəçilik mühəndisliyi ixtisaslarında, III qrup üzrə kitabxanaçılıq və informasiya ixtisasının qiyabi şöbəsində tətbiq olunur. Digər qruplar üzrə ən aşağı qiymət 800 manatdır.
BDU-nun II qrup üzrə dünya iqtisadiyyatı ixtisasında əyani təhsil alan tələbə illik 1700 manat ödəməlidir. Qiymət səviyyəsinə görə bu qrupda ikinci ixtisas elə dünya iqtisadiyyatının qiyabisidir - 1500 manat. Turizm və otelçilik ixtisasının əyanisi 1100, qiyabisi isə 1000 manatdır. Ən bahalı ixtisaslar III qrupdadır. Hüquqşünaslıq fakültəsinin əyani məzunu olmaq istəyən tələbə ildə 2100 manat ödəməlidir. Bu fakültədə qiyabi təhsil 1900 manatdır. Beynəlxalq münasibətlər ixtisası əyani 1900, qiyabi isə 1700 manatdər. IV qrup üzrə BDU-da ən bahalı ixtisaslar biologiya müəllimliyi, biologiya və torpaqşünaslıq və aqrokimyadır - 1100 manat.
Neft Akademiyası və İqtisad Universitetində təhsil haqları 800-1500 manat arasında dəyişir.
Ən bahalı universitetlərdən biri də Dillər Universitetidir. Burada tərcümə ixtisası ən prestijli ixtisasdır. Bu ixtisasda tələbə ildə 2500 manat ödəməlidir. Sonrakı yerlərdə 2350, 1500 manatlıq fakültələr gəlir.
Dövlət Konservatoriyasında "solo oxuma" ixtisası 2500, Turizm İnstitutunda nəqliyyat servisi fakültəsi, menecment, turizm və otelçilik ixtisaslarının qiyməti 2000 manat, Milli Aviasiya Akademiyasında dünya iqtisadiyyatı ixtisasına yiyələnmək üçün illik 2000 manatından keçməlisən.
İncəsənət Universitetində menecment, kitabşünaslıq, beynəlxalq münasibətlər, sənətşünaslıq, solo oxuma, instrumental ifaçılıq, musiqişünaslıq, xoreoqrafiya sənəti üzrə ixtisasların illik qiyməti isə 1500 manatdır.
İdman Akademiyası ən ucuz ali məktəb hesab olunur. Burada təhsil haqqı 200-300 manat arası dəyişir. Pedaqoji Universitet və Müəllimlər İnstitutunda da təhsil haqları nisbətən aşağı - 550-800 manat arasındadır.
Özəllərdən yalnız Xəzər Universiteti təhsil haqlarını açıqlamır. Özəl sektorda daha çox prestij qazanmışlardan olan Qafqaz Universitetində isə qiymətlər sözün əsl mənasında od tutub yanır. Burada I qrup üzrə kimya mühəndisliyi ixtisasına yiyələnmək istəyən tələbə ildə 3500 manat ödəməlidir. Ən aşağı qiymət fizika müəllimliyi və riyaziyyat müəllimliyi ixtisaslarında mövcuddur - 2000 manat. Qafqaz Universitetində III qrup üzrə beynəlxalq münasibətlər ixtisasında təhsil almaq üçün 4500 manat illik ödəniş edilməlidir. Bu qrup üzrə ən ucuz dil və ədəbiyyat müəllimliyidir ki, burada da qiymətlər 3500 manatdır. IV qrupda universitet yalnız bir ixtisas - kimya müəllimliyi üzrə qəbul elan edir ki, burada da təhsil haqqı 2000 manatdür. "Qərb" və "Azərbaycan" universitetlərində də qiymətlər 2500-3350 manat arasında dəyişir.
Tələbələrin 60 faizi ödənişli təhsil alır
Bəlkə də bu səbəbdəndir ki, ölkədə ali təhsil əmsalı aşağıdır. 18-29 yaşlı gənclərin cəmi 16-17 faizi ali təhsillə əhatə olunur. İnkişaf etmiş ölkələrdə bu, 40 faizdən başlayır, hətta İsraildə 70 faizə çatır. Sirr deyil ki, bu gün orta təhsil bilikləri iqtisadiyyatda tələbatı ödəmir. Rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq üçün keyfiyyətli ali təhsilə ehtiyac var. Ölkənin təhlükəsizliyi üçün daha çox insan ali təhsil almalıdır. Büdcə 10 dəfə artsa da, ali təhsil alanların sayında azalma gedir.
Bu gün təhsil haqlarının formalaşmasında xaos hökm sürür. Baxmayaraq, qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma 2004-cü ildən 2010-cu ilədək ödənişlərin 5 dəfə qalxmasına baxmayaraq, şuranın qəbul etdiyi qərarlar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Tarif Şurasına göndərilən sorğuda onlar təhsil haqları ilə bağlı heç bir qərarın qəbul edilmədiyini bildirdilər. Qiymətlərin qalxması yalnız təhsil nazirinin bunu bəyan etməsi ilə baş verir. Əsasnaməyə görə, tənzimlənən qiymətlər artırılarkən onun ciddi iqtisadi əsaslandırması olmalıdır. Amma bu, təhsil sahəsinə indiyədək aid edilməyib.
Ali məktəblərdə təhsil alan tələbələrin 60 faizi ödənişli əsaslarla oxuyurlar..
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
"Azərbaycan bayrağı İst-river sahilində"
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
|
|
|