Quzey Qafqaz:
Noqay faktoru ilə hesablaşmaq lazım gəlir
 |
Onlar da milli muxtariyyət tələb edir. Niyə də olmasın?
Şənbə, 04.06.2011
Ənvər BÖRÜSOY |
mətn ölçüsü |
|
|
|
İyirminci illərdə "Stalin milli siyasəti" gerçəkləşdirilməyə başlayanda Quzey Qafqazda ilk addım kimi noqay türklərinin tarixi ərazilərində yeni inzibati coğrafi statuslar müəyyənləşdirildi. Tarixən noqaylara məxsus olmuş ərazilər Dağıstan, Çeçenistan, Kalmıkstan respublikaları, Stavropol və Həştərxan vilayətləri arasında bölündü. Bununla da Türküstan və Qafqaz arasında quru coğrafi sərhəd aradan qalxmış oldu. Bütün bunlar azmış kimi Dağıstanda noqaylar üçün balaca bir "Noqay milli rayonu" təsis edildi. Noqaylara məxsus məşhur Noqay Çölündən istifadə olunmasında isə onlara ancaq müəyyən otlaq ərazilərindən istifadə hüququ verildi.
1920-1930-cu illər aralığında noqay aydınları xalqla birlikdə Noqaystan ərazisinin bir bütöv olaraq qorunub saxlanması üçün çox cəhdlər etdilər. Ancaq Kremlin antitürk siyasəti bu dirənişlərə qarşı böyük bir sipər idi.
Noqaylar - "torpaqsız" və "vətənsiz" toplum
Noqay türklərinə məxsus tarixi ərazilər müxtəlif regionlara bölünsə də, onlar elə indinin özündə belə həmin torpaqlarda yaşamaqda davam edirlər. Bu sırada onların apardıqları milli mücadilə Noqaystan anlayışı çərçivəsində bütünləşir. Noqay türklərinin Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkiyə və Krım boyunca sayları bəzi təqribi rəqəmlərə görə 3 milyon nəfərə yaxındır...
Bu türk toplumuna qarşı çar Rusiyası, bolşevik Rusiyası və indiki Rusiya Federasiyası dövründə aparılan "torpaqsız" və "vətənsiz" toplum siyasəti dəyişmədən davam edir. Onları yarımköçəri və maldarlıqla məşğul olan bir toplum kimi öz torpaqlarından məhrumetmə siyasəti hər zaman dövlət strategiyasının tərkib hissəsi olmuşdur.
Ünlü noqay dissidenti Balbek Keldas, eləcə də digər noqay aydınları öz millətlərinin tarixi-coğrafi dəyərlərini Altun Orda və Noqay Orda imperiyalarının ali dəyərlərinə sadiq qalmağa yönləndirə bilmiş, bu müqəddəs dəyərləri daim canlı saxlamışlar. Noqaylar bir fəal və dinamik toplum olaraq Rusiyanın antimilli siyasətinə qarşı dirənişlər göstərən digər xalqların hər zaman yanında olmuşlar. Bu sırada çeçen, inquş, qaraçay, balkar, kumuk və Krım türkləri ilə birlikdə aparılan milli mübarizələr böyük bir tarixi gerçəkdir.
1920-1939-cu illər aralığında Noqaystan hərəkatına qarşı o zaman Sovetlər Birliyinin ən elitar hərbi hissələri ağır döyüşlər aparmışlar. Bu illər ərzində yüz minlərlə noqay türkü soyqırımlara məruz qalmış, sürgünlərə göndərilərək konslagerlərdə məhvə məhkum edilmişlər. İndi Noqay Çölündə onların sayı coğrafi tutumla tərs mütənasibdir...
Noqaylar Sovetlər Birliyi dağılana qədər bolşevik rejiminin qanunlarına bütün mümkün vasitələrlə tabe olmamaqda idilər. Bununla da Həştərxan vilayətində Ak Kazak türklərinin (onlar Çingiz xanın mənsub olduğu börüçi (qurdlar) elatını təmsil edirlər), kalmıkların, qaraçaylıların, balkarların, çeçenlərin və inquşların milli hərəkat tarixi məhz noqayların milli dirənişləri əsasında mövcud olmuşdur. Sovetlər Birliyinə qarşı noqayların xalq üsyanları elə bu günün özündə belə Rusiyada tabu qoyulmuş mövzulardan biridir.
1950-1991-ci illər aralığında baş verən "Xan Girey Noqay Milliyyətçi Hərəkatı" sovet DTK-sının ən çox qorxduğu milli mübarizə hərəkatlarından biri idi.
Birlik Hərəkatından Noqaystana doğru
Noqay türkləri 1991-ci ildə Dağıstanın Terekli Mektep rayonunda Quzey Qafqaz və Rusiyadakı digər qeyri-rus topluluqları arasında öz milli qurultayını keçirən ilk xalq olaraq tarixə düşdü. Qurultayda "Noqay Birlik Hərəkatı"nı təsis etməklə bu türk toplumunun öz tarixi ərazilərində milli, mədəni, sosial hüquqlarının və coğrafi hüdudlarının bərpa edilməsi irəli sürüldü.
Noqaylar tarixi Noqaystan coğrafi sərhədlərini bərpa edə bilməsələr də, ən azından milli bütünlüklərini qorumaq üçün çox ciddi addımlar ata bildilər. Məşhur noqay yazarı İssa Kappayın baş redaktoru olduğu "Polovets Ayı" dərgisi isə bütün noqay aydınlarının fikir tribunasına çevrildi. Digər türk xalqları ilə birlikdə noqaylar "Türk Xalqları Assambleyası", "Qafqaz Türkləri Birliyi", "Noqay Orda", "Noqaystan" və digər hərəkatların yaradılmasında ən fəal iştirakçı toplumlardan biri olmuşdur.
Bütün bunlarla yanaşı, noqaylar Dağıstanda, eləcə də digər bölgələrdə ən sakit, hər hansı bir dini, milli radikalizmdən uzaq durmuşlar. Çünki noqay çöllərinin psixologiyası və qanunları milli dirənişdə daha təmkinli və riyazi hesablamalara söykənmişdir. Bu prosesə dəfələrlə süni şəkildə müdaxilə etmək istəyən güclər də peyda olmuşlar. Belə ki, Çeçenistanın Şelkovski, Stavropol vilayətinin Kum rayonlarında süni şəkildə yaradılan radikal vəhhabi hərəkatlarını bəhanə edərək Vladimir Putinin "çekist hakimiyyəti"nin antiqafqaz siyasətinə qarşı mətinliklə dözmüşlər.
Son zamanlar Rusiya prezidenti Dmitri Medvedevin başlatdığı modernləşmə siyasətinə qarşı zərbələr vurulması, xalqlararası etnik münaqişələrin ədavətə çevrilməsi yönündə bir sıra cəhdlər edilməkdədir. Çünki "müharibə, etnik münaqişələr partiyası" olan mühafizəkar çevrələr bu prosesi mümkün qədər ləngitmək istəyirlər. Bunun ən bariz örnəyi isə noqaylara məxsus ərazilərdə gündəmə gətirilən olayları göstərmək olar.
Bu mənhus taktika ilə Noqaystan ideyasının qarşısını almaq, digər tərəfdən isə Rusiyada yeni islahatları əngəlləmək istəyi yaşanır. Bu yöndə ən böyük fitnələrə Dağıstanda əl atılmaqdadır.
Dağıstanda antitürk siyasəti və coğrafi məkan anlayışı
1950-ci ilin ortalarında Dağıstanda belə bir siyasət gündəmə gətirildi: "Regionun dağlıq və yarımdağlıq ərazilərində dəhşətli zəlzələ təhlükəsi gözlənir. Buna görə də həmin ərazilərdə yaşayan əhali müvəqqəti olaraq çöl bölgələrinə köçürülməlidirlər". Bu hay-küylü kampaniyanın tərkib hissəsi kimi avar, dargin, lak, axvax, andi, didoy, rutul, tsaxur, ləzgi, qırız, kaytak və digər toplumlar noqay, kumuk və Azərbaycan türklərinə məxsus torpaqlara köçürüldülər. Bu toplumlar aradan 60 il ötməsinə baxmayaraq, hələ də öz tarixi ərazilərinə geri dönmək istəmirlər.
Son olaraq Azərbaycanın şimalındakı Üryan-Oba kəndində bu gün yaranmış münaqişə elə bunun açıq şəkildə örnəyidir. Bu kənddə məskunlaşan ləzgilər indi buranın Rusiyaya birləşdirilməsi tələblərini belə irəli sürürlər. Belə bir durumla kumuk türklərinə məxsus Xasavyurd, Qorxmazqala, Torpaqqala, Kizlər, Buynak, Tarki-Tau, Mahaçqala, Qayakənd, Qızılyurd, Babayurd, Qarabudaxkənd rayonlarını göstərmək olar.
Yüz on minlik laklar kumuk türklərinin torpaqlarında Novolak adlı rayon yaratmaqla (təbii ki, Moskvanın dəstəyilə) onlara məxsus olan dağlıq ərazilərə geri dönməyi ağıllarına belə gətirmirlər. İndi bu siyasət noqayların torpaqlarına qarşı yürüdülməyə başlayıb. Regionda iqtisadi dirçəlişin lüzumunu bəhanə edərək bu yöndə səfərbər olunan yatırım fondları hərəkətə keçiblər. Xüsusilə avar, dargin və ləzgilərə aid kriminal çevrələr əllərindəki maliyyə vəsaitlərini noqaylara məxsus ərazilərdə yeni fabrik və zavodlar salmaq adı altında işə salmağa başlayıblar. Çünki Medvedevin apardığı siyasətə görə, hansı regiona yatırımlar qoyulacaqsa, buradakı əraziləri 99 il müddətinə icarəyə götürmək olar. Belə bir addımı atmaqla noqayların torpaqlarını zəbt etməyi, özününküləşdirməyi rəsmiləşdirmək qarşıda duran başlıca strategiya hesab olunur.
Noqaylar və kumuklar bu siyasətin qarşısını almaq üçün hərəkətə keçiblər. Kumuk alimləri və "Tenglik Kumuk Milli Hərəkatı"nın mütəxəssisləri bildirirlər ki, ötən 60 ildə onların torpaqlarında məskunlaşan qeyri-türk toplumları regionda nə kənd təsərrüfatının, nə də iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsində hələ də ciddi addım atmayıblar. Bu gəlmə xalqlar sadəcə başqa xalqlara məxsus torpaqlarda məskunlaşdırılmışlar.
Milli muxtariyyət tələbləri və Dağıstan
Bu ilin aprelində Xasavyurd şəhərində Dağıstanda ən qəddar mafiyalardan biri olan "Şimal Alyansı"nda təmsil olunan işadamları, məmurlar, deputatlar, bankirlər, idmançılar bir araya gələrək "Avar Milli Muxtariyyəti"nin yaradılma tələbini irəli sürdülər. Onlar bu addımı atmaqla özlərinin tarixi torpaqları olan Botlix, Tsumada, Tsuntin, Gergebil, Bejti, Axvax, Xunzax, Çarodin, Untsukul rayonları, eləcə də son 60 ildə məskunlaşdıqları və kumuklara məxsus Xasavyurd, Qorxmazqala, Torpaqqala, Kizlər, Buynak, Qayakənd, Qızılyurd da daxil olmaqla "Avar Milli Muxtariyyəti"nin yaradılma ideyasını dəstəklədilər. İndi bunun ardınca noqay türklərinin torpaqlarını dolayı yolla ələ keçirməyi hədəf seçiblər.
Noqaylar mayın 29-da Terekli Mektep rayonunda fövqəladə qurultay keçirərək, bu siyasətin qarşısını almaq üçün hərəkətə keçdiklərini elan etdilər. Qurultaya qatılan 500 nəfərlik nümayəndənin qarşısını almaq üçün Dağıstan Daxili İşlər Nazirliyinə məxsus 1200 nəfərlik polis qüvvələri bölgədə yerləşdirildi. Bu olayın şahidləri bildirirlər ki, hətta daxili qoşunların ağır zirehli texnikaları belə xüsusi döyüş hazırlığına gətirilmişdi. Qurultayda noqaylara məxsus ərazilərin işğalının qarşısını almaq üçün "Noqay Milli Muxtariyyəti"nin yaradılma ideyası müdafiə olundu. Qurultaya Qaraçay-Çərkəz, Çeçenistan, Stavropol, Həştərxandan nümayəndələr qatılmışdılar.
Noqayların bu təşəbbüsünü Dağıstan Rus Kazak Atamanlar Şurası, Tenqlik Kumuk Milli Hərəkatı da dəstəkləmişlər. Qurultayda noqayların milli problemləri xüsusilə qabardıldı. Noqay xalqının dağınıq şəkildə yaşamağa məcbur edilməsi, milli dildə təhsilin keyfiyyətinin artırılması, noqay dilində elmi və kütləvi ədəbiyyatların nəşr olunması, insanların aylıq gəlirlərinin həddən ziyadə aşağı olması, işsizliyin tüğyan etməsi, diaspor təşkilatlarına məxsus olan işadamlarının bu ərazilərdə yatırımlar qoymağa imkan verilməsi, torpaqların uzun illər eroziyaya uğradılması, 800 min hektar torpaq sahəsinin onların əlindən alınması üçün aparılan siyasət və digər problemlərə toxunuldu.
Qurultayda çıxış edən Murat Auezov, Sultan Söyünov, Əhməd Yarlıkapov, Cambulat Karasov, Arslanbəy Qazaxoğlu və digər nüfuzlu liderlər bildirdilər ki, noqaylara məxsus tarixi ərazilərdə təcili olaraq bütün ictimai qurumları bir araya gətirməklə "Ümumnoqay Konfransı" yaradılsın. Qurultay nümayəndəsi Arslanbəy Qazaxoğlunun "Rusiya 25 min nəfərlik osetinlərə görə Güney Osetiyanın tanınmasını qəbul edirsə, nədən 450 minlik noqayın onlara məxsus tarixi torpaqlarında ən azından milli muxtariyyətlərini tanımaq istəmir?" sualı alqışlarla qarşılanmışdır.
Qurultayda Qafqazda antitürk siyasətinin qarşısının alınma zamanının çatdığına açıq şəkildə işarə edərək bu yöndə qaraçay, balkar, noqay, türkman, Ahısqa və Azərbaycan türklərinin bir araya gəlməsi, bununla da türk xalqlarına qarşı daim irəli sürülən ərazi iddialarının qarşısının birlikdə alınması təklifi müdafiə olunubdur.
Qurultayın sonunda "Xan Girey" eposundakı qədim noqay şamanlarının duaları səsləndirilibdir: "Tanrıdan Noqay Ulusuma ona məxsus Orda torpaqlarında əmin-amanlıq diləyirəm!"
|
|
|
Oxşar xəbərlər:
Qafqazda "çərkəz ssenarisi"
|
|
|