Dünya mediasında İranın ali hakimiyyətindəki ixtilafın təfsilatları barədə xəbərlər dolaşır. Hətta bu ixtilafın öz zirvəsinə çatdığı, Əhmədinejadın istefaya göndəriləcəyi barədə mülahizələr var. Son xəbərlərə görə, İslam inqilabı keşikçiləri korpusunun komandiri Məhəmməd Əli Cəfəri ölkə prezidenti Mahmud Əhmədinejadı həbs etmək xahişi ilə dini lider Əli Xameneyiyə ərizə verib. Bu əhvalat barədə Əli Xameneyinin Kaşan şəhəri üzrə nümayəndəsi Əbdülnəbi Namazi açıqlama ilə çıxış edib. Əhmədinejadın adı İranın dini liderini devirməyə cəhddə əli olmuş adamların ümumi siyahısına daxil edilibmiş. Xameneyi isə bu siyahıda adı olanların, Əhmədinejad istisna olmaqla, hamısının həbs edilməsinə razılıq verib.
Əbdülnəbi Namazinin açıqlamasına görə, Xameneyi deyib ki, "prezidenti rahat buraxın". Bəzi siyasi müşahidəçilər tərəfindən bu iltifat Xameneyi tərəfindən Əhmədinejada ciddi xəbərdarlıq kimi yozulur. Bu xəbərdarlığın onun istefası ilə nəticələnə biləcəyi istisna edilmir.
Xəbərin doğruluğu şübhə doğurmur, belə ki, Namazi məlumatlı adamdır, üstəlik ayətulla dini rütbəsi var və yalan danışa bilməz. Bundan başqa, bu açıqlamanın ardınca ayətulla Əbdülnəbi Namazinin saytı bağlanıb. Əhmədinejad və Xameneyi arasındakı ziddiyyət barədə bundan əvvəl də xəbərlər yayılmışdı. İslam inqilabı keşikçiləri korpusu və prezident dəftərxanalarından deyilənlər barədə təkziblər verilsə də, bu təkziblərə az adam inanır. Əli Xameneyini devirməyə cəhd ittihamı doğrulanarsa, həmin şəxslər edam edilə bilərlər.
Beləliklə, nə baş verir? Birinci ehtimala görə, Əhmədinejad və ətrafındakı fars milliyyətçiləri hakimiyyətin xomeyniçi mühafizəkar qanadı ilə üzülüşmək istəyirlər və ixtilaf bundan qaynaqlanır. Son zamanlar Əhmədinejadın ətrafında cəmləşmiş bu milliyyətçilərin rəsmi dini ideologiya ilə daban-dabana zidd olan milliyyətçi mülahizələrlə açıqdan-açığa çıxış etdikləri və bu açıqlamaların İran elitasında çoxlarını qıcıqlandırdığı bu ehtimalı qüvvətləndirir. Belə bir mahiyyət daşıyan ixtilaf açıq müstəviyə keçərdisə, İran şəhərlərində qanlı qarşıdurmalarla müşayiət olunacağı istisna deyildir.
İkinci ehtimal İranın qorxulu nüvə proqramı ilə bağlıdır, bu niyyətlə bağlı ölkənin başı üzərini ciddi təhlükə aldığı açıq hiss olunur. Qərbin ehtimali zərbəsindən yayınmaq və ölkəni savaş dağıntılarından xilas etmək naminə kursu dəyişdirmək üçün İran elitasından hansısa siyasi qruplaşma qurban verilə bilər.
|