İyunun 8-də Türkiyənin Kayseri şəhərində Nabukko layihəsinin dəstəklənməsi ilə bağlı 5 ölkə arasında saziş imzalanır. Bu barədə Nabucco Gas Pireline International GmbN məlumat yayıb.
Sazişi bu konsorsiuma daxil olan Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyənin müvafiq nazirlikləri imzalayacaq. Layihənin icraçı direktoru Reynhard Mitçek bildirib ki, saziş layihənin inkişafı üçün önəmli addımdır.
Sazişin əsas elementlərinə daxildir: Avropa Birliyi və Türkiyə qanunvericiliyinə uyğun olaraq tranzit üçün əlverişli normativ bazanın təsdiqi, layihənin qanunvericilikdə mümkün diskriminasiyanı nəzərdə tutan dəyişikliklərdən müdafiəsi, layihənin gələcək inkişafı üçün lazım olan qanunverici və inzibati tədbirlərin dəstəklənməsi.
Bu sazişdə hər bir dövlətin layihənin dəstəklənməsi üçün üzərinə götürdüyü öhdəliklər qeyd olunub. Nabukko kəmərinin 2013-cü ildən çəkilməsi planlaşdırır. Birinci qaz 2017-ci ildən nəql edilməlidir. Azərbaycan bu kəmərin ərsəyə gəlməsi üçün mühüm ölkələrdən hesab olunur.
Milli Məclisin deputatı Əli Məsimli bildirdi ki, Azərbaycan indiyə qədər Nabukko layihəsini dəstəkləyib. "İndi bəzi məsələlərə görə Azərbaycanın burada iştirakı ertələnir. Başlıca səbəb Azərbaycanın tariflərlə bağlı razılaşmamasıdır. Ona görə də Azərbaycanın imzalanan sazişdə iştirakı təxirə salınıb"- deyə deputat izah edir.
|