Gürcüstanın yüksək vəzifəli şəxslərinin Ermənistana səfərlərinin sayının artması iki dövlət arasında əlaqələrin səmimiləşməsindən xəbər verir. Belə ki, son aylarda prezident Mixail Saakaşvili, baş nazir Nikoloz Qilauri, xarici işlər naziri Qriqol Vaşadze, daxili işlər naziri Vano Merabaşvili və müdafiə naziri Baço Axalaya Ermənistana bir neçə işgüzar səfər ediblər. Gürcüstanın yüksək vəzifəli şəxslərinin qısa müddət ərzində Ermənistana səfərlərini nəzərə alsaq, əslində Ermənistanın Gürcüstan üçün nə qədər əhəmiyyət kəsb etdiyini, Gürcüstan ərazisindən istifadə edərək Rusiyadan hərbi təyinatlı yüklərin və personalın daşınmasına qoyduğu yasaq qarşılığında ermənilərə hər hansı bir sahədə güzəştə gedərək onları razı salmaq fikrinə düşdüklərini söyləmək olar. Səfərlər çərçivəsində Ermənistan və Gürcüstan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa dair müzakirələr aparıldığı KİV-də öz əksini tapıb.
Səfər zamanı ermənilərin soyqırım abidəsini ziyarət edən müdafiə naziri Baço Axalaya mətbuata verdiyi bəyanatda erməni-gürcü münasibətlərinin xüsusi xarakter daşıdığını, bu münasibətlərin gələcəkdə daha da möhkəmləndiriləcəyini və heç bir gücün onların əməkdaşlıqlarına mane ola bilməyəcəyini söyləyib. Baço Axalaya səfəri zamanı müdafiə naziri Seyran Ohanyanla görüşərək hərbi sahədə əməkdaşlıq barədə razılığa gəlmiş və nəticə etibarilə erməni hərbçilərinin Saçxeri Dağ Təlim Mərkəzində hazırlanmalarına dair razılaşma əldə olunub.
Baxmayaraq ki, Gürcüstan, geostrateji vəziyyətinə görə Cənubi Qafqazda xüsusi əhəmiyyəti olan Azərbaycanla əməkdaşlığa da xüsusi diqqət ayırır. Belə ki, Azərbaycan neftinin və qazının dünyaya çatdırılmasında tranzit ölkə rolunu oynadığı üçün iri miqyasda gəlirlər əldə edərək öz iqtisadiyyatını ayaq üstə tutan Gürcüstan Azərbaycanla əməkdaşlığın əhəmiyyətini anlayaraq Rusiya ilə 31 mart 2006-cı il Soçidə imzalanmış ölkə (quru və hava tranzitləri) ərazisindən Rusiya hərbi yüklərinin və personalın tranziti haqqındakı razılaşmanı etibarsız elan etmişdir. Gürcüstan bu qərarla, əlbəttə ki, Ermənistanı çətin vəziyyətə salmışdı. Bununla belə, bu bəyanatın fonunda hazırda erməni-gürcü münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlərin müşahidə olunduğu qəribə görünür.
Gürcüstanda qondarma "erməni soyqırımı"
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmalarına görə, həm ABŞ-da təhsil aldığı zaman, həm də Gürcüstan prezidenti seçildiyi zaman erməni lobbisi tərəfindən böyük dəstək alan Saakaşvili 24 aprel tarixində ermənilərin qondarma olaraq elan etdikləri "soyqırım" günündə soyqırım kəlməsini işlətməsə də, ermənilərə ölkədə təntənəli yürüş, bir neçə anım və Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirmələrinə icazə verib. Təbii ki, Saakaşvilinin bu addımı Gürcüstan-Ermənistan münasibətlərinin əslində göründüyündən fərqli olaraq daha möhkəm olmasına işarədir.
Saakaşvilinin Ermənistanla münasibətlərinə xüsusi diqqət ayırmasının iki əsas səbəbi var. Birincisi, daha əvvəllər olduğu kimi, erməni lobbisinin gücündən faydalanaraq ABŞ-da iqtidarda olan Obama administrasiyasına təsir edərək, 2013-cü ildə baş nazir postuna oturmaqdır. İkincisi, Rusiya ilə münasibətlərini nizama salmaq üçün Ermənistandan vasitəçi kimi istifadə etməkdir. Ümumilikdə Gürcüstanda yaşayan 250 min erməninin 90 mini tarix səhifələrində Axıska türklərinin yaşadıqları yer olaraq qeyd olunan Samsxe-Cavaxetiya bölgəsində məskunlaşıb. Ermənilər həmin bölgənin ermənilərin tarixi torpaqları olduğu fikrində israrlıdır. Hətta ermənilərin Samsxe-Cavaxetiya bölgəsində yaratdıqları bir sıra təşkilatlar Gürcüstanın idarəetmə orqanlarına təsir imkanına malikdir.
İkibaşlı siyasət
Gürcüstanın baş naziri Qriqol Vaşadze Ermənistana səfəri zamanı, Gümrüdə dislokasiya edilmiş və Rusiyaya aid olan 102 saylı hərbi baza haqqında öz mövqelərini ifadə etmək hüququna malik olduqlarını və bu hərbi bazaların region ölkələri üçün təhlükə yaratdığını demiş, əlavə olaraq bildirilmişdi ki, Gürcüstan rəhbərliyi tərəfindən Rusiyanın hərbi təyinatlı yüklərinin və personalın tranziti haqqında razılaşmanın etibarsız elan edilməsi gürcü-erməni münasibətlərinə heç bir zərər gətirməyəcək və Ermənistanla əməkdaşlıq yenə də yüksək səviyyədə davam etdiriləcəkdir. Qeyd olunan bəyanatın ilkin nəticəsi olaraq ermənilərin kompakt olaraq məskunlaşdıqları Samsxe-Cavaxetiya bölgəsində erməni konsulluğunun açılacağı da gündəmdədir.
Azərbaycan-Gürcüstan münasibətlərinə yenidən baxılmalıdır
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin ekspertləri hesab edirlər ki, son vaxtlar Gürcüstanın rəsmi dövlət nümayəndələrinin Ermənistana işgüzar səfərləri və iki dövlət arasında əldə olunmuş razılaşmaların detalları bir daha araşdırılmalı, eləcə də rəsmi Bakı Azərbaycan-Gürcüstan münasibətlərini bir daha nəzərdən keçirməlidir. Hətta iqtisadi cəhətdən Azərbaycandan asılı vəziyyətdə olan Gürcüstana müxtəlif vasitələrlə Ermənistanla əməkdaşlığından narahatlıq hiss etdirilməlidir. Çünki yuxarıda qeyd olunduğu kimi, Ermənistan və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivlərinə dair imzalanacaq və ya əldə olunmuş hər hansı bir razılaşma Azərbaycana qarşı yönəlib.
Prezident İlham Əliyevin dediyi kimi, əgər işğal olunmuş torpaqlar sülh yolu ilə geri qaytarılmasa, bu məsələ hərbi yolla həll olunacaq. Azərbaycan işğal olunmuş torpaqları azad etmək üçün hərbi yolu seçəcəyi zaman isə strateji müttəfiq sayılan Gürcüstanın Rusiyadan Ermənistanda dislokasiya olunan 102 saylı rus hərbi bazasına silah-sursatın daşınmasına gözyumma ehtimalı doğmuşdur. Azərbaycanla münasibətləri daha çox iqtisadi əsasda quran Gürcüstanın mütləq öz maraqları dairəsində hərəkət edəcəyi ehtimaldan kənar deyil.
|