Prezidentin Kadr Ehtiyat Fondu yaradılacaq?
 |
Fuad Muradov: \"Dövlət qulluğunda ancaq gənclərin olmasını tələb edə bilmərik\"
Şənbə, 04.06.2011
|
|
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırdır. İki ay ərzində bu sənədlə bağlı müxtəlif qurumlardan, şəxslərdən 2 minə yaxın təklif qəbul edilib. Proqramı hazırlayan işçi qrupun üzvü, millət vəkili, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) sədri Fuad Muradov deyir ki, hələ indiyə kimi heç bir dövlət proqramı ətrafında bu cür ictimai müzakirələr aparılmamışdı.
- İşçi qrup üzvləri həm regionlarda görüşlər keçirir, həm də İnternetlə təkliflər alırdı. Hətta biz, Facebook, şəbəkəsi vasitəsilə də müzakirələr açmışdıq. Milli Şura səviyyəsində də 3 dəfə üzvlərlə görüş keçirildi və onların təklifləri yığıldı. Nəticədə müxtəlif səpgidə, müxtəlif istiqamətləri əhatə edən 2 minə yaxın təklif aldıq.
- Bu 2 min təklifdən hansılar ağlabatan oldu və proqrama daxil olundu?
- Təkliflər sosial problemlərin həlli, asudə vaxtın təşkili, gənclər təşkilatlarının daxili imkanlarının yaxşılaşdırılması, dövlət tərəfindən onlara şərait yaradılması ilə bağlı idi. Gənclər Mərkəzinin olmaması da qabardıldı.
İşçi qrup üzvlərinin prezidentlə görüşündə bu istiqamətlərin hamısı müzakirə olundu. Artıq xəbər verildiyi kimi, gənclər üçün xüsusi şərtlərlə - sıfır faizlə ipoteka kreditinin verilməsi haqqında razılıq əldə olunub. Təbii, burda problemlər çoxdur. Yəni kredit şərtləri dəyişdirilməlidir. Əlbəttə, maksimal məbləğ qoyulan 35 min manata nəinki Bakıda, heç bir sıra regionlarda da normal ev almaq mümkün deyil. Bundan əlavə, sənədləşmə sadələşdirilməlidir. Bunların hamısı müzakirə olunub. Nəzərdə tutulub ki, Gənclər Proqramı hətta məktəbliləri də əhatə etsin. Hələlik müvafiq qurumlar, nazirliklər proqramla tanış olacaq, onun büdcəsi həll olunacaq və bundan sonra konkret işlər başlanacaq.
- İşsizlikdən gileylənənlər çoxdur.
Bu istiqamətdə konkret hansı təkliflər sənədə salınıb?
- İşsizliyin aradan qaldırılması üçün biznes inkubatorların yaradılması ideyası var. Gənclərin fermer təsərrüfatlarına cəlb olunması, onlara güzəştli kreditlər verilməsi də proqrama salınıb. Bir sıra innovativ layihələrin dəstəklənməsi kimi təkliflər yer alıb.
Biz işsizlik probleminin həllinə yardım üçün Prezidentin Kadr Ehtiyat Fondunun yaradılmasını təklif etmişik. Bura xaricdə təhsil alan tələbələrin məlumatları daxil ediləcək, bir növ məlumat bankı yaradılacaq. Bir neçə yüz gəncin məlumatları həmin bazada yerləşdiriləcək. Sonra istər dövlət qulluğunda, istərsə dövlətin iştirak etdiyi digər layihələrdə vakansiya olanda ilk növbədə bu gənclərə təklif olunacaq. Ola bilər orda adları keçənlər hardasa işləmiş olsunlar. Amma istənilən halda iş ilk növbədə onlara təklif ediləcək.
- Proqramda regiondakı gənclərin işinə, həyatına təsir edəcək hansı məsələlər var?
- Elə son həftə Tovuz, Oğuz, Masallı, Qubada oldum, gənclərlə görüş keçirdik. Məqsədimiz o idi ki, canlı görüşüb istəklərlə birbaşa tanış olaq. Belə təkliflər səsləndi ki, ali məktəblərə imtahan vermək üçün abituriyentlər Bakıya gəlməsin. Bu həm yol yorğunluğu, həm də psixoloji problemlər yaradır. Növbəti məsələ asudə vaxtın təşkili ilə bağlı idi. Bu məsələnin həllində biz regionlardakı olimpiya komplekslərinin bazasından maksimum istifadə etməliyik. Bunlar təkcə idman mərkəzi yox, həm də sosial mərkəzə çevrilməlidir. Çünki yeni binalar tikmək həm vaxt aparar, həm də baha başa gələr. Amma olimpiya komplekslərində idman zalları ilə yanaşı başqa zalları, otaqları da var. Bu yerləri kitabxanaya, internet mərkəzinə çevirmək olar, mədəniyyət, incəsənətin hansısa növləri ilə məşğul olmaq mümkün olar. İndiyə kimi Türkiyədə, Cənubi Koreyada belə təcrübə olub və biz bu təcrübədən istifadə edə bilərik.
Regionlarda hazırlıq kurslarının olmaması, repetitorluq səviyyəsinin aşağı olması ilə bağlı da iradlar səsləndi. Həm də hər ailə öz uşağını repetitor yanına göndərə bilmir. Ümumiyyətlə, regionlarda təhsillə bağlı ciddi islahatlara ehtiyac var.
- Bəs bu proqramın real işləməsi necə təmin olunacaq?
- Bəlli olduğu kimi, əhalinin 60 faizi 35 yaşına qədər olan əhalidir. Düşünürük ki, biz mümkün qədər çox gənci əhatə edə biləcəyik.
Ümumiyyətlə, proqramda innovativ təkliflər çoxdur. Ola bilər indiki reallıqda biz heç o təklifləri reallaşdıra bilməyək. Bu il olmaya bilər, amma növbəti illərdə bəlkə mümkün olacaq? Yəni proqrama salınan təkliflər bizim üçün Yol Xəritəsi də ola bilər.
|
|
|
Oxşar xəbərlər:
"Vətəni tanı"
5 dövlət Avronest yaratdı
|
|
|