Hərbi parad, yoxsa müharibə hazırlığı?
 |
Bakı manevrlərə başlayır
Şənbə, 04.06.2011
|
|
Paradda MSN müəssisələrində istehsal olunmuş silah və texnika xüsusi təqdimatla keçəcək. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, paradda hərbi texnika keçidində MSN-in Cənubi Afrikanın "Paramount Group" şirkəti ilə birgə istehsal etdiyi 6 və ya 8 ədəd "Matador" və "Marauder" tipli (3 və ya 4 "Matador" və eyni sayda "Marauder") minaya qarşı qorumalı transportyor tribunanın önündən keçəcək. Bu texnika Azərbaycanın istehsal etdiyi silahlarla təchiz edilib. Keçid zamanı texnikaların texniki-taktiki xüsusiyyətləri barədə məlumat veriləcək. Bundan başqa, avtomobillərin yedəyində və ya üzərində MSN tərəfindən istehsal olunmuş 107 mm çaplı reaktiv yaylım atəş sistemi (raket buraxılış qurğusu) təqdim olunacaq.
Paradda "Land Rover" və digər heyət daşıyan maşınların üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış "İstiqlal" snayper tüfəngi, pulemyotlarla silahlanmış əsgərlərin keçidi nəzərdə tutulur. Avtomobillərin üzərində yerli müəssisələrdə istehsal olunan 60 mm çaplı "Kommando" tipli minaatanlar və 82 mm çaplı minaatanlar ("Aşırım-5") da nümayiş etdiriləcək. Bundan başqa, paradda iştirak edən şəxsi heyətin bir bölüyünün Azərbaycan istehsalı olan AK-74M markalı avtomatlarla silahlanması nəzərdə tutulur.
Paradda Azərbaycanın "Azad Systems" şirkətinin İsrail şirkəti ilə birgə istehsal etdiyi pilotsuz aparatların və modernləşdirilmiş BTR transportyorların keçidi də planlaşdırılır.
Dünən MN sözçüsü Eldar Sabiroğlu bildirib ki, paradda hansı silahlı birləşmələr, nə qədər hərbi texnika, canlı qüvvənin iştirak edəcəyi haqda vaxtı çatanda məlumat veriləcək.
Hərbi parad - müharibə ehtimalı?
Ölkə mətbuatında əksini tapan bir sıra bilgilərə görə, iyunun 26-da Bakıda planlaşdırılan hərbi parada Rusiya mane olmağa çalışır. Bu fikir onunla əsaslandırılır ki, hərbi parad təşkil olunsa, bu, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Kazan görüşündən cəmi bir gün sonraya təsadüf edəcək. Belə bir vaxtda Azərbaycan ordusunun hərbi paradı Kazan sammitini təşkil edən Rusiyanın maraqlarına uyğun deyil.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri bu fikri düzgün hesab etmirlər. Əldə olunan məlumata görə, ölkənin hərbi-siyasi rəhbərliyi bu paradın 2008-ci illə müqayisədə daha geniş olmasını istəyir və hətta orada iştirak edən hərbi qulluqçuların sayının da xeyli artıq olacağına dair bilgilər gəlir. Hər hansı bir fors-major situasiya yaranmasa, hərbi parad olacaq.
Ekspertlər düşünmür ki, bu məsələyə Rusiyanın hər hansı şəkildə təsiri var. Paradda nümayişə çıxarılan bir çox hərbi texnikanın Rusiya mənşəli olduğunu deyən ekspertlərin fikrincə, son məlumatlara görə, Azərbaycan tərəfi yaxın illərdə özünün hərbi ehtiyacları üçün Rusiyanın müdafiə sənayesi şirkətlərindən silah və hərbi texnika alınacağına və təmirinin davam etdiriləcəyinə boyun olub. Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirir və Moskvada bu kimi tədbirləri Rusiya müdafiə sənayesinin təbliğatı üçün önəmli hesab edirlər.
Ekspertlər eyni zamanda hərbi paradın işğal altında olan torpaqları hərbi əməliyyatlar vasitəsilə azad etməyə hazırlaşma ilə əlaqələndirilməsini də bölüşmürlər. "Doktrina" ekspertlərinin sözlərinə görə, müdafiə xərclərinin kəskin artımı və il ərzində silahlanmaya 500 milyon - 1 milyard dollar səviyyəsində vəsait sərf olunduğu sirr deyil. 2011-ci il üçün də böyük proqramlar mövcuddur və bu baxımdan hərbi parad o qədər də önəmli görünmür.
Yəni hərbi paraddan asılı olmayaraq Azərbaycan müdafiə imkanlarını kəskin şəkildə artırmaqdadır.
Amma ekspertlər o fikirlə razıdırlar ki, nəzəri baxımdan Qərb və Rusiya Azərbaycanın artan hərbi qüdrətinin nə zamansa hərbi əməliyyatların başlanmasına səbəb olacağından narahatdır. Amma praktiki baxımdan indi bunun gerçəkləşəcəyi gözlənmir. "Çünki həm Qərbin, həm də Rusiyanın Azərbaycanın siyasi və hərbi elitasına ciddi təsir və təzyiq rıçaqları hələ də qalır", - deyə ekspertlər bəyan edilər.
Xatırladaq ki, mayın əvvəllərində Azərbaycan Quru Qoşunları və Hərbi Hava Qüvvələri cəbhə xətti yaxınlığında irimiqyaslı təlimlər keçirmişdilər. Bu kimi hadisələri misal çəkən bəzi mənbələrin fikrincə, Azərbaycan müharibəyə hazırlaşır. Amma ekspertlərin bir çoxu hesab edir ki, müdafiə qüdrətini gücləndirən hər bir ölkə üçün hərbi təlimlər adi bir hal olmalıdır. Bu baxımdan SQ-nin hərbi təlimlərinin bundan sonra da intensivləşəcəyini gözləmək olar.
"Çünki ölkənin müdafiə xərcləri kəskin artıb, xeyli sayda silah-sursat, hərbi texnika alınıb. Bu baxımdan yaxın perspektivdə Azərbaycanda genişmiqyaslı hərbi təlimlər artıq adi hal olacaq", - deyə hərbi ekspert, "Ordunun Dostları" İctimai Birliyinin sədri Oqtay Kazımov bildirdi. Onun sözlərinə görə, hazırda hərbi əməliyyatların başlanma perspektivi praktiki olaraq yoxdur. "Çünki tərəflər arasında danışıqlar prosesi davam edir. Amma nəzəri baxımdan hərbi əməliyyatların başlanma perspektivi həmişə var və hərbi təlimlər də ona istiqamətlənib. Məncə, son təlimlər ölkənin müharibəyə, hərbi əməliyyatlara hazırlaşdığının göstəricilərindən biridir və bu, düşməni psixoloji və mənəvi cəhətdən neytrallaşdırmağa yönəldilib".
Prezidentlərin görüşünə ümid böyükdür
İyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşüdür. Görüş Rusiya prezidenti adına ənənəvi cıdır çərçivəsində baş tutacaq. Rusiya XİN departament direktoru Andrey Kelin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq üçün Rusiya əlindən gələn hər şeyi etməyə hazırdır, "amma irəliləyiş tərəflərin iradəsindən asılıdır". Rusiya rəsmisi bildirib ki, sözügedən görüşə ciddi hazırlıq gedir:
"Hazırda prezidentlər bunun üzərində işləyir, xarici işlər nazirləri isə onlar üçün müvafiq sənədləri hazırlayırlar. Biz habelə hazırlıq işlərində iştirak edirik. Bu, çox ciddi və həssas işdir".
Türkiyə də prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir. Bunu Türkiyənin Azərbaycan səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib. Səfir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:
"Biz Qarabağ münaqişəsinin həlli istiqamətində əlimizdən gələn köməyi göstərməyə hazırıq. Rəsmi Ankara istəyir ki, Kazanda münaqişənin həllinə dair qərar qəbul olunsun. Biz başda Dmitri Medvedev olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bu problemi həll etsək, bölgədəki digər problemlər də həll olunar, Türkiyə-Ermənistan sərhədləri açılar. İlk qapanan qapının da ilk açılması lazımdır. Biz bu problemin həlli üçün nə lazımdırsa, etməyə hazırıq".
Səfir deyib ki, Qarabağ münaqişəsi çoxdan həll olunmalı idi, lakin bu proses gecikir: "Zaman ötdükcə insanların da səbri tükənir".
ABŞ səfiri Metyu Brayza isə qeyd edib ki, Kazan görüşündə baza prinsipləri üzrə razılaşma əldə ediləcəyinə dair prezident Barak Obamanın ümidlərini bölüşür. Səfir bildirib ki, prezident Obama artıq görüşdən gözlədiyi nəticələri Dovil bəyanatında qeyd edib:
"Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Həmsədr ölkələr Əliyev və Sarkisyanı Kazan görüşündən yararlanaraq baza prinsiplərinə dair razılaşma əldə etməyə çağırıblar. Mən, əlbəttə, bu ümidləri bölüşürəm və tam şəkildə əmin olmaqda davam edirəm ki, münaqişənin hərbi yolla həlli mümkünsüzdür".
Ermənistan Azərbaycanı müharibəyə çəkir?
Dünən cəbhə xəttində mətbuat konfransı keçirən MN mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib ki, Ermənistan hər gün Azərbaycanı müharibəyə çəkir və məcbur edir ki, Azərbaycan müharibəyə başlasın: "Hər gün atəşkəsin pozulması, Azərbaycanda dinc sakinlərin yaşayış məntəqələrinin atəşə tutulması, beynəlxalq səviyyəli danışıqlarda ermənilərin öz mövqelərini dəfələrlə dəyişmələri, siyasi manipulyasiyaları, atəşkəsin pozulması nəticəsində hər iki tərəfin itkilər verməsi buna sübutdur",
Lakin E.Sabiroğlu bu gün Azərbaycanda çox geniş və böyük silah cəbbəxanasının mövcud olduğunu da vurğulayıb.
Ekspertlərin fikrincə, əgər Azərbaycan və Ermənistan arasında aparılan danışıqların hazırkı vəziyyətinə, Azərbaycanın iqtisadi baxımdan güclənməsinə, müdafiə xərclərinin kəskin artımına, ötən illərdə separatçıların heç bir ölkə tərəfindən tanınmamasına, Ermənistanın iqtisadi böhranla üzləşməsinə, ciddi səfərbərlik çatışmazlığına və s. nəzər salsaq, onda real vəziyyətin necə olması qənaəti yaranar. Mövcud proseslər ona yönəlir ki, yaxın perspektivdə Azərbaycanın işğal altında olan ərazilərini geri qaytarmaq imkanları artır. Bu, sülh danışıqları yolu ilə də və ya hərbi əməliyyatlar vasitəsilə də ola bilər. Bu yollardan hansının mümkün olacağı yaxın illərin mövzusudur. Belə bir vəziyyətdə Ermənistan Azərbaycanı müharibəyə çəkməklə prosesi öz xeyrinə yönəltməyə cəhd edə bilər.
Erməni tərəfinin bəyanatları, cəbhə xəttində separatçıların hərəkətləri və başqa proseslər Azərbaycanı indi hərbi əməliyyatlara başlamağa məcbur edir. Ermənilər bu proses başlayarkən beynəlxalq güclərin Azərbaycana təzyiq edəcəyinə, Qarabağ cəbhəsi bölgəsində psixoloji üstünlüyü öz xeyirlərinə dəyişəcəyinə ümid edirlər. Amma göründüyü kimi, rəsmi Bakı bu istiqamətdə atacağı addımları ölçüb-biçir.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin fikrincə isə, əgər Dağlıq Qarabağda savaş bərpa olunsa, Azərbaycan bir çox cəhətdən ermənilərdən üstün olacaq:
- SQ-yə daxil hərbi hissələr kor-koranə hərəkət etməyəcək, çünki vahid komandanlıq var;
- birləşmələr arasında rabitə əlaqəsi güclü qurulacaq, çünki son illər bu istiqamətdə islahatlara üstünlük verilib;
- hərbi-hava qüvvələri öz sözünü deyəcək və hərbi əməliyyatların qısa müddət ərzində uğurla yekunlaşmasına səbəb olacaq, çünki son illər HHQ üçün xeyli təyyarə və vertolyotlar, avadanlıq, pilotsuz təyyarələr alınıb;
- Quru Qoşunlarının taktiki və strateji hərəkətləri təkmilləşib və onların maddi-texniki təchizatı güclənib;
- SQ üçün insan resursu problemi olmayacaq, çünki ölkənin kifayət qədər insan resursu var;
- aktiv hərbi əməliyyatların arxa cəbhədən dəstəklənməsi ilə bağlı heç bir problem olmayacaq, çünki Azərbaycanın həm kadr, həm avadanlıq, həm də vəsait imkanları artıb;
- SQ-nin kəşfiyyat imkanları artıb, son illər bu sahəyə xüsusi diqqət yetirir;
- Müdafiə Sənayesi inkişaf edir və bir sıra silah-sursatı daxildə istehsal etmək imkanı var;
- taktiki və strateji planlaşdırma üzrə addımlar konkretdir və əməliyyatların idarə olunmasında ciddi təkmilləşmələr var və s.
|
|
|
Oxşar xəbərlər:
İrandan Qarabağa - təbii qaz
Misir saytı Azərbaycan xalqından üzr istəyib
Nəriman Həsənzadədən irad
Ruslara Qarabağda kilsə tikdirmək planı
"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış
|
|
|