Tehran Azərbaycan və Ermənistan arasında vasitəçilik aspektində "fəallaşdığı" müşahidə olunur. İran səfiri Məhəmmədbağır Bəhrami ötən həftə bildirmişdi ki, "Terrorçuluğa qarşı mübarizə"yə həsr olunmuş konfrans çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Tehrana dəvət olunub. Səfirin sözlərinə görə, ABŞ və İsrail dəvət olunmayıblar: "Çünki onlar terrorçuluğu dəstəkləyir".
Tehrandan Bakıya bu artıq ikinci dəvətdir. Novruzda prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan eyni vaxtda Tehrana dəvət olunmuşdular. O dəvət 9 yaşlı Azərbaycan vətəndaşının erməni tətikçisi tərəfindən qətlə yetirildiyi gündən bir həftə sonra idi. Müəmmalı "Novruz bayramlaşması" idi, ən azı ona görə ki, Ermənistanın bu bayrama bir aidiyyəti yoxdur. Nə isə, prezident İlham Əliyev Tehrana getmədi, oraya bizdən baş nazirin müavini yollandı. İndi yeni bir dəvət, özü də "terrorçuluğa qarşı mübarizə" aspektində...
Bu dəvət öz yerində. Bir aydan sonra Mahmud Əhmədinejad İrəvana rəsmi səfərə gedir. Orada iki ölkə arasında əlaqələrin inkişafı, habelə "Qarabağ məsələsinin müzakirə ediləcəyi" gözlənilir. Keçən ilki İrəvan səfərində İran - Ermənistan işbirliyi ilə bağlı 4 sənəd imzalanmış və bir ortaq bəyanat verilmişdi.
"Terrorçuluğa qarşı mübarizə"yə həsr olunan toplantıya gəldikdə, buna İran hakimiyyətinin bölgədə nüfuzunu artırmağa yeni bir cəhd kimi baxmaq da olar. Tehranın qənaətincə, Bakı ilə Qərb arasında müəyyən sərinlik yaşanır və belə bir durumda boşluğu doldura bilərlər. Təbii ki, düşmüş olduqları təcrid durumunda hər şeyə rəğmən bölgənin aparıcı dövləti olduqlarını, terrorçuluğa qarşı mübarizədə fəallıq göstərdiklərini sərgiləməyə cəhd var.
Təbii ki, Azərbaycan toplumu sözə deyil, əmələ qiymət verir. Burada Qarabağ uğrunda savaş gedərkən Tehranın Ermənistana maddi, mənəvi, maliyyə, silah-sursat yardımlarını, sonrakı dönəmdə Ermənistan iqtisadiyyatına can və qan verdiklərini, bununla da zəbt olunmuş torpaqların işğaldan təmizlənməsi yolunda böyük bir əngəl olmaqda davam etdiklərini unutmurlar.
İran rəhbərliyinin Qarabağ və Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin gerçək mahiyyətinə işıq salan ən yeni örnək: İranın İrəvan səfiri Əli Saqian bu günlərdə demişdi: "Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə güc tətbiq edilmədən və öz müqəddəratının təyininə hörmət əsasında tənzimlənməlidir". İranın XİN bu açıqlamaya dair yaydığı xəbərdə isə bildirilirdi ki, müvafiq araşdırma aparır. Ancaq Saqian dediklərinin təhrif olunduğu haqda Yerevanda heç bir bəyanat vermədi. Heç bu xəbəri yaymış erməni informasiya vasitələrindən təkzib verilməsi də istənilmədi.
Ermənistanın Tehranda səfiri Qriqor Arakelyan isə İranın İSNA xəbər agentliyinə bildirdi: "Son 20 il ərzində İran Ermənistana gerçək dostluq münasibəti göstərib".
Terrorçu və işğalçı ilə bu qədər dostsunuzsa, terrorçuluğa qarşı hansı "mübarizə"dən söz gedir?
|