Ötən həftə AEBA Tehranın atom proqramının hərbi xarakterli olduğuna dair yeni məlumat aldığını bildirdi. Deyildi ki, İran zəif zənginləşdirilmiş uran ehtiyatını tədricən artırır. Rəqəmlərə əsasən, bu ilin fevralında onların 3,6 ton uran ehtiyatı var idisə, bu rəqəm indi 4,105 tona çatıb. Hesabatda qeyd olunub ki, zəif zənginləşdirilmiş uran da 30 faiz artıb. Bir müddət öncə ehtiyatda olan uranın 56,7 kq-ı 20 faizədək zənginləşdirilib.
"France Press"in məlumatına görə, hesabatda vurğulanıb ki, 2004-cü ildən sonra İran hakimiyyəti bu yöndə şübhəli fəaliyyətini davam etdirib. AEBA baş direktoru Yukio Amano mayın 6-da İran Atom Enerjisi Təşkilatının sədri Firiduni Abbasiyə məktub yazaraq, ondan bu barədə izahat verməsini, agentlik müfəttişlərinin bütün nüvə obyekt və təsisatları ilə yaxından tanış olmasına, nüvə avadanlıqları, bu sahədə çalışan şəxslər, eləcə də İranın nüvə fəaliyyəti ilə bağlı sənədlərin nəzərdən keçirilməsi üçün şərait yaradılmasını istəmişdi.
İranın AEBA təmsilçisi Əli Əsgər Soltaniniya bir neçə gün öncə jurnalistlərə açıqlamasında agentliyin bu hesabatını həmişəki kimi "əsassız və şübhə dolu yorucu iddiaların təkrar olunduğu" sənəd adlandırıb.
Yeni məlumat, heç şübhəsiz, Avropa dövlətləri və ABŞ-ın İran hakimiyyətinə təzyiqlərini gücləndirəcək. Artıq Ağ ev bu yöndə basqıları artırmaqdadır. ABŞ dövlət katibinnin birinci müavini Ceyms Steynberq jurnalistlərə açıqlamasında İranın nüvə proqramına yardım edən daha 7 xarici şirkətə - "PCCI" (İranın Cerisi adasında), "Royal Oyster Grour" (Birləşmiş Ərəb Əmirliyi), "Sreedy Shirs" (BƏƏ-İran müştərək şirkəti), "Tanker Pacific" (Sinqapur), "Ofer Brothers Grour" (İsrail) və "Associated Shirbroking" (Monako) - sanksiya qoyduqlarını söyləyib.
C.Steynberq deyib: "ABŞ-ın dövlət katibi Hillari Klinton İrana qarşı sanksiyaları pozan, onun nüvə proqramı ilə əməkdaşlıq edən 7 xarici şirkətə sanksiya tətbiq edib. Bu addım İranı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrasına vadar etmək məqsədi ilə atılıb".
ABŞ Venesuelanın ən nəhəng yanacaq şirkəti "Petroleos de Venesuela S.A"ə qarşı da sanksiya tətbiq edib. Bu şirkət Amerika bazarında sifariş qəbul etməkdən məhrum olub. "Biz bununla dünyanın bütün şirkətlərinə xəbərdarlıq edirik: İranın energetika sahəsinə dəstək verərək, məsuliyyətsiz siyasət yürütsə, yaxud ABŞ-ın yasaqlarından yayınmaq üçün İrana yarım etsə, həmin şirkətlər ciddi çətinliklərlə üzləşəcək", - deyə müavin bəyan edib.
İran parlamenti isə ona qarşı sanksiyalara cavab olaraq ABŞ-ın 26 keçmiş və fəaliyyətdə olan məmuruna qarşı "sanksiya" tətbiq edib. Onların arasında ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld, Amerikanın İraqdakı ordusunun komandanı Raymond Oderno, İraqa və Əfqanıstana hərbi müdaxilədə iştirak etmiş general Tommi Frank da var. Onlar "mülki şəxsləri qətlə yetirməkdə və məhbuslara işgəncə verməkdə şübhəli bilinirlər".
İran parlamentinin bu qərarı daha çox deklarativ səciyyə daşıyır. Çünki yasaq tətbiq edilmiş məmurların İranla çətin ki, əməkdaşlığı və ya ticarət əlaqəsi olsun. O bir tərəfdən, insan haqlarını pozduğuna, seçicilərinə zülm edən, fərqli düşündüyünə və qanuni haqqını tələb etdiyinə görə onları həbsə atan, öz vətəndaşlarını işgəncəyə məruz qoyan bir hakimiyyətin parlamentindən belə bir sanksiya ciddi görünmür.
Hələ ötən ayın ortalarında İsrail hökuməti də İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiya rejiminə əməl edilməsini müşahidə üçün özəl komissiya yaradıb. Komissiyanın vəzifəsi üçüncü ölkənin yardımı ilə İranla ticarət əlaqəsi saxlayan dövlətlər və şirkətlərin fəaliyyətini aşkarlamaqdır. İsrail İrana qarşı tətbiq olunan hər növ sanksiyaların icrasını izləyəcək.
|