Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında" qanuna əlavə və dəyişikliklərlə büdcə təşkilatlarında çalışanlara yuxarı yaş həddi kimi 65 yaş müəyyənləşdi. Bu təşkilatlarda 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Ancaq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş işçinin çalışma müddəti nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Bu dəyişiklik özəl müəssisələrə, bələdiyyələrə, QHT-lərə, dövlətin payı olmayan, yaxud da az olan şirkətlərə aid deyil. Dövlət qulluğunun da müəyyən kateqoriyaları var ki, 65 yaş həddi ilə bağlı yenilik onlara tətbiq olunmur. Məsələn, bu dəyişiklik qanuna uyğun olaraq dövlət başçısının təyin etdiyi şəxslərə şamil edilmir.
MM Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, insan 65 yaşına qədər işlədikdən sonra öz qayğısına qalmalı, istirahətini təşkil etməyə çalışmalıdır:
"Sosial araşdırmalar göstərir ki, 65 yaşdan yuxarı işləyən insanların 97 faizi özü üçün deyil, yenə də övladları üçün çalışır. Bu insan 65 yaşa qədər övladı üçün çalışır, sonra isə nəvəsi üçün işləyir və s. Axı, insan özü üçün də yaşamalıdır. Əslində 65 yaşlılar qayğı ilə əhatə olunmalıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, 65 yaşına çatanlar pensiyaya çıxmalıdırlar".
Dəyişikliyin institutlarda müəllim çatışmazlığına səbəb olacağı fikrinə münasibətini açıqlarkən deputat bildirdi ki, bu gözləniləndir:
"Müəllim çatışmazlığı yarananda təhsil müəssisəsi rəhbəri yeni işçilər axtaracaq. Onda müəllimlərin də maaşları artırılacaq ki, başqa təşkilatlarda işləyənlər buraya gəlsin. Eləcə də gənclərin elmə marağı artacaq, onlar həvəslə elmi yaradıcılıqla məşğul olacaqlar. Nəzərə alsaq ki, pensiyaya çıxanların yerinə elə həmin insanların övladları, nəvələri, qohumları da gələcək, onda burada ciddi problemin olmadığı özünü təsdiqləyəcək".
Rəcəbli deyir ki, yaşlı insanların təqaüdə göndərilməsini faciə kimi qəbul etmək lazım deyil:
"İndi bəziləri ağrıyla deyir ki, məsələn, filan qocaman professor olmasa nə edərik? Amma həmin professorların çoxu ateizmdən, sosializm iqtisadiyyatından, kolxoz və sovxozlardan müdafiə ediblər. Yəni belələrinin təqaüdə getməsi elm və təhsilə problem yaratmır".
Müsahibim hesab edir ki, müasir texnologiyalardan, siyasi elmlərdən, İKT-dən müdafiə edənlər yaş məsələsinə görə təqaüdə gedirsə, onda hansısa problem yarana bilər. Çünki bu gün bu sahələrin alimlərinə daha böyük ehtiyac var. Onun qənaətincə, müasir gənclik bu boşluğu dolduracaq.
Rəcəbli hesab edir ki, bu addımın atılması gənclərə yol açılması üçün zəruri idi. Onun sözlərinə görə, 82 yaşında müəllimin sağlamlığında problemlər var, yeriməkdə, eşitməkdə çətinlik çəkir. Əlbəttə, onların müəyyən xidmətləri var və bunu heç kim inkar etmir:
"Amma 80 yaşında onlar tələbəyə nə öyrədə bilər? Hər şeyin əvvəli və sonu var. İnsanlar işləməli və vaxtı çatanda istirahətə getməlidir".
|