Hal-hazırda Ayna qəzetinin 04.06.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.06.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Neftlə çirkli ərazilər təhlükə mənbəyidir
Neftlə çirkli ərazilər təhlükə mənbəyidir
Adamlar xəstəliklərdən şikayət edir, amma bu ərazilərdəki evlərini tərk etmək istəmirlər
Şənbə, 04.06.2011

A.Akif mətn ölçüsü  

Bakıətrafı qəsəbələrdə magistral neft və qaz kəmərlərinin üzərində, dəmiryol xətlərinin mühafizə zolağında, neft buruqlarının yaxınlığında, hətta mədən ərazilərindəki çirkli torpaqlar üzərində nə qədər evlər tikilib. Paytaxtda sənədsiz mənzillərin qeydiyyata alınacağı xəbəri çoxlarını sevindirdi. Amma Dövlət Neft Şirkəti və Dövlət Dəmiryol İdarəsinin ərazilərində olan gecəqondu tikililərə sənəd verilməyəcək.

Araşdırmalar göstərib ki, hazırda daha çox məskunlaşma aparılan ərazilərdən biri Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən, lakin bələdiyyə sərəncamı ilə vətəndaşlara verilən torpaq sahələridir. Gizli deyil ki, yerli icra orqanlarının maddi marağı əsasında şəhərətrafı qəsəbələrdə vətəndaşlar bu kimi ərazilərdə minlərlə ev tikiblər. Yəni məmur özbaşınalığı üzündən ölkə və şəhər üçün, iqtisadiyyat üçün ciddi probdem yaradılıb.

Öyrəndik ki, ARDNŞ özünə aid ərazilərdəki qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün reydləri yekunlaşdırıb. Bu torpaqların kadastrı hazırlanaraq, hökumətə təqdim edilib və neft çıxarılan ərazilərdəki evlər sənədləşdirilməyəcək.

Nəqliyyat Nazirliyi də "Şanxay" kimi tanınan gecəqondu ərazisində 800-ə yaxın evin sökülməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırıb.

Təqsirkar təkcə bələdiyyələr deyil

Bəlli olur ki, həmin evlərin böyük çoxunun torpaqla bağlı bələdiyyə sərəncamı yoxdur. Halbuki heç bir vətəndaş aidiyyəti orqanların icazəsi olmadan heç bir tikinti apara, daşı daş üstə qoya bilməzdi. Deməli, söhbət korrupsiyadan gedir. Bu problemi şəhər üçün yaradan korrupsiyalaşmış məmur təbəqəsidir.

Əksər ekspertlər hesab edir ki, əgər infrastruktur müasir standartlara cavab verirsə, tikililər magistral xətlərin mühafizə zolağında deyilsə, dövlətə rusum ödənilibsə, həmin mənzilləri qeydiyyata almaq lazımdır.

Hüquqşünas Müzəffər Baxışov da bu qənaətdədir ki, vətəndaş yaşadığı mənzilə görə vergiləri və kommunal xərcləri ödəyibsə, sənədləşmə aparılmasında problem yoxdur. Bununla sənədsiz evlərdə yaşayan minlərlə vətəndaşın mülkiyyət hüququ tanınacaq. Dövlətin də vətəndaş qarşısında pozitiv öhdəlikləri var:

"Dövlət kredit verməklə, torpaq sahəsi ayırmaqla vətəndaşlara mənzil hüququ verməlidir. Digər tərəfdən, əksər vətəndaşların yaşadıqları evlər qanunsuz adlandırılsa da, neçə illərdir kommunal xidmətlərə görə pul ödəyir. Əgər vətəndaş işıq, qaz, su, telefon pulu, torpaq, əmlak vergisi ödəyirsə, dövlət vətəndaşın həmin ərazidə yaşamaq hüququnu tanımalıdır. Avropa Məhkəməsinin bir neçə qərarında da bu məsələ öz əksini tapıb. Buna görə də ən doğru addım qanunsuz adlandırılan həmin evlərin sənədləşdirilməsidir".

MM Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayevin sözlərinə görə, sənədsiz evlərin tikilməsində təkcə bələdiyyələri təqsirləndirmək düzgün olmazdı.

REKLAM

Çünki həmin torpaqlar bələdiyyələrin ərazilərində olsa da, onların mülkiyyətində deyil. Digər tərəfdən, bir çox bələdiyyənin mülkiyyəti hələ də dəqiqləşdirilməyib. Ona görə də bələdiyyələr onların ərazilərində olan torpaqların onlara məxsus olmasını düşünüb vətəndaşlara veriblər. Deputat deyir:

"ARDNŞ-ə məxsus olduğu iddia edilən torpaqların vətəndaşlara verilməsi ilə bağlı sənədlərə baxdıqda məlum olur ki, həmin torpaqların verilməsi bu qurumun icazəsi ilə aparılıb. Yəni ARDNŞ-in həmin ərazilər üzrə nümayəndələri neft çıxarılması üçün istifadə edilməyən torpaqların vətəndaşlara verilməsinə icazə verib. Hazırda deyilir ki, həmin vaxt bu icazəni verən məmur qanunsuzluq edib. Axı verilmiş qərarlar dövlət adından çıxarılır və hansısa məmurun qanunsuz addımının cəzasını vətəndaş çəkməməlidir".

Rzayev bu fikirdədir ki, standartlara cavab verən mənzillər birmənalı olaraq qeydiyyata alınmalıdır. Nəzərə alınmalıdır ki, bu evlərin tikilməsində təkcə bələdiyyələr yox, aidiyyəti dövlət qurumları da məsuliyyət daşıyır. Çünki bələdiyyə torpaq ayırıbsa, həmin sənədlərə yerli icra, hüquq-mühafizə orqanları, işıq, qaz, su idarələrinin əməkdaşları da qol çəkib. Ən azından həmin qurumlar indi qanunsuz adlandırılan evlərin tikintisinə mane ola bilərdilər.

Rzayev düşünür ki, neft quyusunun yaxınlığında, qaz kəmərlərinin üzərində evlər tikilibsə, onlar məhkəmə qərarı ilə vətəndaşa kompensasiya ödəmək şərti ilə sökülə bilər. Digər ərazilərdə isə evlər sənədləşdirilməlidir:

"Bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Vətəndaş da burada ev tikibsə, əgər torpağın mülkiyyətçisi olduğu dövlət qurumları həmin torpaqdan istifadə etmirsə, evlər sənədləşdirilə bilər".

Xərçəngə tutulanların sayı artıb

Neft sızan quyuların yaxınlığında, neftlə çirklənmiş ərazilərdə inşa edilən evlərdə yaşamağın təhlükəli olduğunu söyləməyə ehtiyac yoxdur. Bunu hər kəs bilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gətirdiyi rəqəmlərə görə, təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş ərazilər təxminən 10 min hektardan artıqdır ki, bunun da 7,4 min hektarı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 metrlik dərinliyinə hopub və yeraltı suların çirklənmə mənbəyinə çevrilib. Bir sıra hallarda torpaq sahələri radionuklidlərlə də çirklənib. Bu ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə yuksəkdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenlərlə çirklənib. Bu da öz növbəsində atmosferi çirkləndirmə mənbəyinə çevrilib.

Bu neftlə çirklənən ərazilərdə monitorinq aparan "Bərabər İmkanlar Mərkəzi"nin sədri Rafiq Təmrazov deyir ki, həmin ərazilərdə yaşayanların ciddi problemləri var. Sakinlər xəstəliklərin çoxluğundan və ekoloji mühitin kəskin dərəcədə pis olmasından şikayətlənirlər. Bir çox insan neft buruqlarının bir neçə addımlığında ev tikib və evlərin ətrafında, yolların kənarlarında çirkab suları toplanır, antisanitariya hökm sürür.

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, son illər neftlə çirklənmiş ərazilərdə yaşayan insanlar arasında xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Qadınlar arasında erkən uşaq tələf etmə halları çoxalıb. Uşaqlarda olan müxtəlif xəstəliklərin isə hələ nə olduğu müəyyən deyil:

"Onlar da virus adı ilə müalicə olunur. Amma konkret nə virusdur, nədən yaranması ilə bağlı həkimlərdə də dəqiq məlumat yoxdur. Qan təzyiqi xəstəliyi artıb. Buna görə də neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ciddi işlər aparılmalıdır".

Həkim Azər Quliyev də bu ərazilərdə yaşayışı radioaktivlik baxımından qorxulu hesab edir və təsdiq edir ki: bu ərazilərdə yaşayanların xərçəng, ürək-damar, astma-bronxit, mədə xəstəliklərinə tutulma ehtimalı digərlərinə nisbətən xeyli yüksəkdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Narkomanların AİDS-ə yoluxma riski yüksək olaraq qalır
Ölkədə uyuşdurucu istifadəçilərinin dəqiq sayı bəlli deyil

İldə 3 minə qədər qız erkən yaşda nikaha girir
Aynur Sofiyeva uşaqların xəstə doğulmasını bununla izah edir

Hadı Rəcəbli: "65 yaşdan sonra nəvələr üçün çalışırlar"
Müəllim çatışmazlığı problemini gənclik aradan qaldıracaq

Ötən il 109 qadın, 41 kişi öldürülüb
Məişət zorakılığı halları artır

Veteranın evini söküblər
Vaxtilə şəhərin mərkəzində evi olan sakin indi küçələrdə qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər