İran ilə ABŞ arasında "casus" qalmaqalı yaşanmaqdadır. "MIGnews"-un məlumatına əsəsən, Amerikaya sığınmış İran kəşfiyyat orqanının keçmiş zabiti və daha iki iranlı ABŞ-ın Manhetten bölgə məhkəməsində sensasiyalı açıqlama ilə çıxış ediblər. Onların bu çıxışı 2001-ci ilin 11 sentyabr terror aksiyası (göydələnlərin partladılması) qurbanlarının ailə üzvləri və yaxınlarının iddia qaldırması üçün ciddi əsas sayıla bilər. Onlar məhkəmədə and içərək bildiriblər ki, 11 sentyabr terror aksiyasınını hazırlanmasında və sonradan bu cinayətin izinin itirilməsində İran hakimiyyəti də "iştirak edib".
Sığınanların sözlərinə görə, Tehran hakimiyyəti "təyyarələrin ələ keçirilməsi ilə bağlı terrorçuların təlimatlanmasına və məşq etmələrinə yardım edib". Onların iddiasına əsasən, İran rejiminin uyğun qurumları həmin cinayətdən həmən sonra yüzlərcə "əl-Qaidə" yaraqlısına maddi dəstək verib".
Terakt qurbanları yaxınlarının vəkili ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agentinə müraciət edərək, bu 28 saatlıq ifadədə "ziddiyyətli məqamları" tapmasını istəyib. Keçmiş agent bildirib ki, onların söylədikləri "inanmağa əsas verir".
İranlıların ifadələri yayıldıqdan sonra ETTELAAT Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) azı 30 nəfərlik "casus şəbəkəsini" aşkarladığı və "casusları" həbs etdiyi haqda bəyanat verdi. Guya şəbəkə üzvləri iranlıları "ABŞ diplomatları vasitəsi ilə İrana qarşı casusluğa cəlb edirmiş".
Bu sensasiyalı xəbərə əsasən, "casuslardan biri 25 ildən bəri" nazirliklərdən birində rəhbər vəzifədə çalışıb. O, MKİ-ni "İslam Respublikası rentgen aparatlarının göstəriciləri və nüvə proqramı haqda məlumatlandırırmış". Bundan başqa, həmin vəzifəli şəxs "sabotaj, nüvə və elmi obyektlərə hücum planları hazırlayırmış".
Bu fəaliyyət qarşılığında o, ABŞ-da fəxri təqaüd alacaqmış. İran mənbələri "casusun" və çalışdığı nazirliyin adını açıqlamır.
İran parlamenti milli təhlükəsizlik və xarici siyasət komissiyasının başçısı Əlaəddin Brücerdi "30 nəfərlik casus" olayı ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, ABŞ-ın bölgədəki "ən kiçik hərəkətlərini belə izləyirlər".
O, ölkəsinin təhlükəsizlik qurumlarının fəaliyyətini tərifləyərək deyib: "İran tamamilə açıq bir ölkədir. Ölkə vətəndaşları başqa ölkələrə asanlıqla səfər edə bilir. Son əməliyyat isə ETTELAAT-ın MKİ və MOSSAD-a qarşı duruş gətirdiyinin göstəricisidir".
İranın açıq dövlət olduğu və vətəndaşlarının istənilən ölkəyə sərbəst gediş-gəliş məsələsi müəyyən mənada həqiqəti əks etdirsə də, ancaq onların səfərdən qayıtdıqdan sonra İran ETTELAAT-ı tərəfindən dəfələrlə sorğu-sual edildiyi faktlarından deputat, təəssüf ki, danışmır.
Tehran hakimiyyəti Manhetten ştatı məhkəməsində verilən məlum ifadələrə münasibət bildirməyib. Son zamanlar İran prezidenti Mahmud Əhmədinejadın yan-yörəsindəkiləri həbs etməklə hakimiyyətin özünə xas "təmizləmə" işləri apardığı ehtimal olunur.
|