Dünya çərkəzləri hərəkətə keçdilər
 |
Yüzillik Qafqaz Savaşındakı \"çərkəz soyqırımı\"nın tanınması tələb edilir
Şənbə, 28.05.2011
Ənvər BÖRÜSOY |
mətn ölçüsü |
|
|
|
Çərkəzlərin yüzillik soyqırım xatirəsi ilk dəfə olaraq bütün Quzey Qafqaz regionlarında keçirildi. Türkiyə, İordaniya, Suriya, Liviya, Livan, ABŞ, Almaniya, Belçika, Hollandiya, Kanada, İngiltərə, Fransa, İsrail və digər dövlətlərdə yaşayan çərkəz diaspor təşkilatları da bu anım törənlərinə qatıldılar. Çərkəzlər Rusiyanın dağlılara qarşı apardığı və yüz il sürən Qafqaz Savaşında soyqırıma məruz qalmış və kütləvi köçə məcbur edilmişlər.
Bu arada Gürcüstan parlamenti "çərkəz soyqırımı"nın tanınması barədə qərar qəbul edib. Çərkəz kökənli (onlar özlərini adıge adlandırırlar) kabarda, şapsuq, abxaz, adıgey, çərkəz, ubıx, abxaz, abaza toplumlarına aid milli təşkilatlar bir araya gələrək "çərkəz soyqırımı"nın tanınması uğrunda açıq mübarizəyə qalxıblar. İndi bu prosesdə ən çox əndişələnən tərəf - Rusiya dövlətidir.
Moskva çərkəzlərin qarşısında duruş gətirə biləcəkmi?
Qafqazı öyrənən bütün strateji mərkəzlər dünyanın hər yerində indi bu suala cavab arayırlar: Rusiya bir dövlət olaraq nədən ölkədaxili problemləri silah gücünə və əsəbi şəkildə çözməyə çalışır? 1994-1996, 1999-2003-cü illərdə yaşanan rus-çeçen savaşı, 2004-cü ildən etibarən Dağıstan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey respublikalarında hər gün davam edən antiterror əməliyyatlarında insanların oğurlanması, xüsusi cəza düşərgələrində onların işgəncələrə məruz qalması və ya öldürülməsi artıq danılmaz faktlardır. Quzey Qafqaz regionlarında "ölüm eskadronları", "qara quzğunlar" və digər silahlı birləşmələr məhəlli totalitar rejimlərin qorunub saxlanma siyasətinin vasitələrinə çevriliblər.
Rusiyanın digər regionlarında rus milliyyətçiliyi inkişaf etdikcə Qafqaz topluluqları da öz tarixi-coğrafi əraziləri çərçivəsində milli hüquqları, məxsusi yaşam tərzləri uğrunda mücadiləni gücləndirirlər. Öz növbəsində, Kremlin mühafizəkar çevrələri bunun qarşısını silah gücü ilə almaq üçün hərəkətə keçiblər. Arqumentləri isə budur ki, bu prosesin inkişaf edəcəyi təqdirdə Quzey Qafqaz üzərində nəzarəti itirə bilərlər.
Heç də sirr deyil ki, Quzey Qafqaz topluluqları arasında ən böyük diaspor şəbəkəsinə çərkəzlər malikdir. İndiki anda Rusiya Quzey Qafqazda hərəkətə keçən bu toplumla, digər tərəfdən isə diasporu təşkilatlanmış formada hərəkətə gətirən Qərblə ilk dəfədir açıq şəkildə üz-üzə dayanıb. Quzey Qafqazda çərkəz kökənli toplumların (regionda 600 min nəfər kabarda, 50 min çərkəz, 150 min adıgey, 40 min abaza, 70 min şapsuq, 90 min abxaz yaşayır, bu etnik qrupların toplam sayları - təqribən 1 milyon) və diasporun (onların sayı - bəzi rəqəmlərə görə 3 milyon nəfərə yaxın) milli təşkilatlanma prosesinə qatılmaları Rusiyanı bərk qıcıqlandıran faktordur.
İndiki məqamda onlar Rusiyadan ayrılmaq tələbini qoymurlar. Onlar daha çox 1763-1864-cü illərdə yaşanılmış çərkəz soyqırımının tanınmasını tələb edirlər. Moskva isə onu ən çox qıcıqlandıran bu məsələdən yayınmaq üçün yollar axtarır.
Quzey Qafqazda bu prosesə fərqli yanaşmalar var. Bununla bərabər "Qafqaz savaşı"nın durdurulmasının 147 illik anım törənləri keçirildi. Hətta bu törənlərdə yerli hakimiyyətlər fəallıq göstərdi. İndi Quzey Qafqazın əksər bölgələrində soyqırım xatirəsinə ucaldılmış abidələrə rast gəlmək olar.
Bunlar diasporu qane etmir. Onlar bu soyqırımın tanınmasını istəyir və bunun üçün beynəlxalq təşkilatlarla işbirliyinə üz tutublar. Onlar bu məzmundakı bütün arxiv sənədlərini əldə edərək çox ciddi bir şəkildə hücuma keçiblər. Zahirən soyuq görünən Kreml bu prosesin qlobal xarakter almasının qarşısını almaqda aciz görünməkdədir.
Çərkəzlər geri çəkilənə bənzəmirlər
Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və Abxaziyada Qafqaz Savaşının sona çatmasının 147 illiyi münasibətilə keçirilən anım törənlərinə bu respublikaların rəsmiləri də qatılmışdılar. Yerli hökuməti təmsil edənlər çıxışlarında məsələni bu şəkildə qoyurlar: Qafqaz Savaşının nəticəsi olaraq yurd dışına köçüb gedən, 147 ildir mühacirətdə yaşamaq zorunda qalan soydaşların öz mövcudluqlarını qoruya bilmələri, bu acı tarixi anmaları çox böyük hadisədir, bu milli faciənin yerini doldurmağın zamanı çatıb və Qafqaz Savaşı qurbanlarını unutmağa heç bir çərkəzin haqqı yoxdur.
Bu gün dünya çərkəz təşkilatları Rusiyadan bir dövlət olaraq bu soyqırımın səbəbkarı kimi müvafiq qərar qəbul etməsini, 147 illik mühacirət həyatına son qoyulması və onların öz tarixi torpaqlarına dönməsi üçün şərait yaradılmasını tələb etməyə başlayıblar. Rusiyadakı "Dünya Çərkəzləri Qardaşlığı", "Adıge Xase", "Adıge Xekuj-Çerkesiya", "Apsnı", "Adıge Xabl" və digər təşkilatlar bir araya gələrək hərəkətə başlayıblar. Elə xaricdəki diaspor təşkilatları da ictimai qurumlar yaradaraq beynəlxalq birliyin dəstəyini qazanmaq üçün bu yöndə tədbirlər keçirirlər. Çərkəz soyqırımı ilə bağlı arxiv sənədləri əsasında səkkiz seriyalı sənədli film çəkilərək dünya dillərinə tərcümə olunub. Bu məzmunda xeyli kitablar nəşr edilib.
Dini, milli və mədəni aspektdən əlavə, çərkəz topluluqları həm də tarixən onlara məxsus olmuş coğrafiyaya iddialarını gizlətmirlər. Bu da öz növbəsində Rusiya dövləti üçün böyük bir başağrısı doğurur. Rəsmi Moskva Quzey Qafqaz siyasətində yaranmış bu problemdən yayınmaq üçün daha dərin siyasətlərə baş vursa da, hələ ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaqda aciz durumdadır. Çərkəz təşkilatları iddia edirlər ki, xaricdə yaşayan soydaşların istənilən an öz vətənlərinə dönərək ölkə vətəndaşlığını almaq və burada yaşamaq hüququ var. Bu qərardan 10 il ötməsinə baxmayaraq, ondan ancaq rus, erməni, yunan və digər slavyan toplumları faydalana biliblər. Xaricdə yaşayan on minlərlə çərkəzin bu hüquqdan istifadəsi dolayı yolla yasaqdır. Onlara öz tarixi vətənlərini ziyarət etməyə adicə vizalar verilmir. Məşhur "nə etməli" sualına cavab olaraq çərkəz toplumlarının daha radikal addımlar atmaq variantları qalır.
Gürcülərin "çərkəz intiqamı"
Rusiyanın Gürcüstana aid Abxaziya və Güney Osetiya bölgələrini işğal etməklə əslində özü üçün strateji baxımdan daha dərin problemlər yaratdığı indi-indi dərk olunmaqdadır. Bu iki bölücü region hesabına ötən 20 il müddətində 50 min nəfərdən çox gürcü vətəndaş silahlı münaqişələrdə həlak olub, 100 min nəfərə yaxın insan ömürlük əlil qalıbdır. 350 min nəfərdən çox gürcü vətəndaş öz evindən, torpağından qaçqın-köçkün durumuna düşüb. Gürcüstan iqtisadiyyatına isə milyardlarla dollar həcmində zərər vurulub. Məğrur gürcülər Rusiyadan bütün bunlara görə intiqam almaq üçün uzun müddət fürsət gözləyirdilər.
2002-ci ilin məşhur Qızıl Gül İnqilabından sonra beynəlxalq birlikdən dəstək alan, bir dövlət olaraq dirçəlməyə başlayan Gürcüstan düz iki il idi çərkəz soyqırımını tanımaq üçün müvafiq sənədlər üzərində işləyirdi. Rusiya, Fransa, İsrail, İngiltərə, Almaniya, Osmanlı, Misir, ABŞ arxivləri əsasında bu soyqırımı sübut və təsdiq edə biləcək bütün sənədlər Gürcüstan hökumətinin əlində idi. Digər tərəfdən, ötən ilin oktyabrında Tiflisdə dünya çərkəz təşkilatları və alimlərinin iştirakı ilə böyük bir toplantı keçirildi. Demək olar, bütün çərkəz təşkilatları Gürcüstanın bu soyqırımı tanımasına dəstək verdilər. Mayın 21-də Gürcüstan parlamentində nüfuzlu gürcü tarixçi, etnoqraf, politoloq, sosioloq, qafqazşünas alimlərin mötəbər arxiv sənədləri əsasında çərkəz soyqırımını tanımaq barədə hazırladıqları arayışlar əsasında qərar verildi. Bu qərar Rusiyadan Gürcüstanda törətdiyi əməllərinə görə adekvat intiqam idi.
Gürcülərin bu addımı çərkəz soyqırımının tanınması barədə dünyada ilk rəsmi qərar hesab olunur. Bütün dünya çərkəzləri bu qərarı minnətdarlıqla qarşılayıblar. Bunun nəticəsi olaraq Quzey Qafqazın çərkəz topluluqları Abxaziya məsələsində Gürcüstana münasibətdə haqsız olduqlarını etiraf etməkdədirlər. Bir zaman fitnəkarlığa uyaraq könüllü silahlı birliklər yaradıb Abxaziyada gürcülərə qarşı savaşanlar Gürcüstanın belə bir addımı atmasından sonra öz əməllərinə görə utanmağa başlayıblar.
Tiflisdən gündəlik 24 saat ərzində Quzey Qafqazlara yönəlik yayımlanan PİK TV kanalı da informasiya məkanında ciddi addımlar atmağa başlayıb. Bütün dünya çərkəzlərinin söz və fikir tribunası olan NART TV kanalı isə Quzey Qafqaz və çərkəz diasporunu uzlaşdıran təbliğat şəbəkəsi qurmuşdur.
Rusiya prosesləri önləyə biləcəkmi?
"Çərkəz masası"nı təqib edən Moskva çərkəzlərə məxsus ictimai qurumları bir neçə kəsimə bölməkdə fəallıq sərgiləyir. Rəsmi Moskva onları "dialoq tərəfdarı" və "barışmazlar" qruplarına ayırmaqla fitnə toxumları səpmək, bu aspektdə daha dərin qatlara baş vurmaq istəyir. Passionar milliyyətçi kəsimi daha çox gənclər təşkil etdiyi üçün Kreml onlara zərbələr endirməyə başlayıb. Yaşlı və çərkəz təəssübkeşi olan məmur nomenklaturasını, elm adamlarını, ziyalıları öz tərəfinə çəkmək üçün Rusiya onlara şəxsi imtiyazlar verməklə prosesləri mümkün qədər ləngitməyə və neytrallaşdırmağa cəhd edir.
2014-cü il Soçi Qış Olimpiya Oyunları məsələsini bəhanə edərək Rusiya Krasnodar vilayəti boyunca çərkəzlərə məxsus tarixi torpaqları, xüsusilə Qara dəniz sahillərini turizm və idman mərkəzlərinə çevirməklə, bu əraziləri iri şirkətlərin mülkiyyətinə verməklə strateji hədəfdə gözlənilən Böyük Kabarda və ya Böyük Çərkəziya dövlətinin yaradılmasının qarşısını almağa səfərbər olunubdur. Çərkəz istiblişmentinin əsas dayaq nöqtəsi olan alimlərin, rəssamların, ziyalıların, internet sosial şəbəkələrinin əhatə dairəsinin böyüməsinin qarşısını almaq üçün Kreml xüsusi tədbirlər planı hazırlayıbdır.
...Qafqaz Savaşı tarixini heç kim unutmayıb. Gürcüstan parlamenti 100 il davam edən bu soyqırım siyasətini tanımaq üçün 18 oktyabr 1907-ci ildə "Quru ərazilərdə aparılan müharibələrdə soyqırımların törədilməsi"nin ədalətsiz bir siyasət olması barədə qəbul edilən Haaqqa konvensiyasına isnad etmişdir. Buna 95 millət vəkili səs vermiş, bu tarixi vəhşətlərə görə çərkəz topluluqlarının yanında durduqlarını elan etmişlər.
Azərbaycan bir dövlət olaraq son 20 ildə Qafqazda baş verən bütün proseslərdə daim neytral mövqedə durmaq siyasətini yürüdüb. Heç özünə məxsus olan tarixi ərazilərin Ermənistana verilməsi barədə beynəlxalq səviyyədə tələb olunan addımları atmayıb. Beynəlxalq konvensiyalar və qanunlar əsasında ölkə ərazilərinin işğalını belə gündəmə gətirməyib. Erməni təcavüzünü beynəlxalq məhkəməyə belə verməyib...
İndi dünya çərkəzləri 147 il öncə baş vermiş cinayətlərə və soyqırımlara görə Rusiyanı beynəlxalq məhkəməyə verməklə tarixi ədalətin öz yerini tutmasına çalışırlar. Bütün çərkəzlər milli səfərbərlik yönündə daha ciddi addımlar atmağa hazırlaşırlar.
|
|
|
Oxşar xəbərlər:
Bakı prezidentlərin Soçi görüşünə ümidlə yanaşır
Filipp Qordon:
"Qarabağ münaqişəsi qaynar fazaya keçə bilər"
Dağlıq Qarabağ: nizamlamada geriləmə var
Quzey Qafqazda savaş dalğası yeni mərhələdə
"Qafqaz Xilafəti" sindromu
|
|
|