Niyə "Qoşulmama Hərəkatı"na qoşulduq?
 |
Bu üzvlüyün perspektivdə mənfi və müsbət təsirləri barədə mülahizələr var
Şənbə, 28.05.2011
|
|
Bu həftənin ən diqqət çəkən siyasi hadisələrindən biri Azərbaycanın "Qoşulmama Hərəkatına" (Non-Aligned Movement) qoşulması oldu. Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Balidə (İndoneziya) "Qoşulmama Hərəkatı"na üzv ölkələrin xarici işlər nazirlərinin 16-cı toplantısında sənədə imza atdı. Azərbaycanla birgə Fici də bu təşkilata qoşulmaqla hərəkat üzvü olan ölkələrin sayı 120-yə çatdı. Xatırladaq ki, Azərbaycan indiyədək bu hərəkatda müşahidəçi statusu ilə təmsil olunurdu.
Təşkilatın yaranma tarixi və prinsipləri
Keçmiş Yuqoslaviya prezidenti İosif Broz Tito misirli həmkarı Camal Əbdül Nasir və Hindistanın baş naziri Cəvahirlər Nehru ilə məsləhətləşərək təşkilatın xeyir-duasını veriblər. Bu ölkələr soyuq müharibə dövründə nə ABŞ-ın, nə də SSRİ-nin tərəfini tutmaq istəyirdilər. Yeni qurumun məqsədi ABŞ-la SSRİ arasındakı gərgin rəqabətdən, başqa sözlə, NATO ilə Varşava Müqaviləsindən uzaq durmaq idi. Qoşulmayanlar Hərəkatı özündə hərbi-siyasi bloklarda iştirak etməməyi əsas xarici siyasi kurs elan edən ölkələri birləşdirir. Bu hərəkat 1961-ci il Belqrad konfransında 25 ölkə tərəfindən təsis olunub. İştirakçı dövlətlərin 60 faizi BMT üzvü ölkələrdir. Quruma üzv olan ölkələr əsasən Afrika, Cənubi Amerika və Karib hövzəsini əhatə edir. Təşkilatda yalnız bir Avropa dövləti var - Belarus.
Təşkilatın 5 prinsipi var: bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət; qarşılıqlı olaraq bir-birinə təcavüz etməmək; qarşılıqlı olaraq bir-birinin daxili işlərinə müdaxilə etməmək; bərabərlik və qarşılıqlı mənfəət; sülh şəraitində yaşama.
Təşkilata üzvlər içərisində ən demokratik hesab olunan dövlət Cənubi Afrika Respublikasıdır. Böyük əksəriyyət demokratiya, iqtisadiyyat, siyasi inkişaf və s. göstəricilər üzrə dünyadakı saysız-hesabsız hesabatlarda sonuncu yerləri bölüşürlər. Nəzərə alaq ki, təşkilatın 2006-cı ildə Havanadakı 14-cü sammitində sədrlik Kuba prezidenti Fidel Kastroya keçib. 2009-cu ildə Misirdə keçirilən 15-ci sammitdə isə sədrlik prezident Hüsnü Mübarəkə (artıq o hakimiyyətdən devrilib) keçib.
Qoşulmayanlar Hərəkatının növbəti sammiti gələn il İranda keçiriləcək.
Azərbaycanın indiyədək təmsil olunduğu müşahidəçilər siyahsında isə Bosniya və Herseqovina, Serbiya, Xorvatiya və Monteneqro kimi Avropa dövlətləri yer alır. Eyni zamanda Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Ukrayna kimi postsovet ölkələri də müşahidəçi statusu daşıyırlar.
Rəsmi Bakının arqumenti
Hələ sənədə imza atılmazdan öncə XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov demişdi ki, Azərbaycan bu üzvlüklə onu göstərir ki, heç bir hərbi-siyasi blokda yer almaq istəmir və bütün problemlərin həllində öz gücünə arxalanır. XİN rəsmisi açıqlamasında zəruri əlavəsini də unutmamışdı: "Azərbaycan istədiyi anda bu qurumu tərk edə bilər".
E.Məmmədyarov isə mayın 25-də "Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley görüşü"nün açılış mərasimində etdiyi çıxışda rəsmi Bakının bu təşkilatla bağlı hədəflərini ortaya qoymuşdu:
"Qoşulmama Hərəkatına üzvlük Azərbaycan Respublikasına qoşulmamış ölkələr ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığa və daha ədalətli, bərabər və beynəlxalq hüquqa əsaslanan beynəlxalq duruma nail olmaq məqsədilə Hərəkatın beynəlxalq əlaqələrdə konstruktiv rol oynamasına töhfə verməyə imkan yaradacaq".
Məmmədyarov bildirdi ki, Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürüdərək, özünü etibarlı tərəfdaş və həmçinin Xəzər-Qafqaz regionunda əməkdaşlıq üçün güclü, stabil və geniş anlayışda həlledici bir ölkə kimi təsbit edib.
Nazir bildirib ki, Soyuq Müharibənin bitməsi heç də qoşulmamış ölkələrin siyasi əlaqələndirici mexanizmi kimi fəaliyyət göstərən Qoşulmama Hərəkatının rolunu zəiflətməyib. "2003-cü ilin fevralında Kuala-Lumpurda keçirilən 13-cü Zirvə Görüşündə və sonralar bir sıra tədbirlər zamanı razılaşdırıldığı kimi, Qoşulmama Hərəkatının yenidən canlandırılmasında daha da qətiyyətli olmalıyıq. Sürətlə dəyişən beynəlxalq mühitlə effektiv şəkildə üzləşmək iqtidarında ola biləcək daha yaxşı əlaqələndirilən və effektiv bir Hərəkatı reallaşdırmaq üçün biz yeni yolları və vasitələri araşdırmalıyıq. Bu həm mövcud mexanizmlərin, o cümlədən Əlaqələndirici Büro, İşçi və ya digər Qrupların gücləndirilməsi və həm də Beynəlxalq Təşkilatların Ali orqanlarına bir-birimizin namizədliklərimizin dəstəklənməsi və bu orqanlarda fəaliyyətlərimizin və qərarlarımızın əlaqələndirilməsi kimi yeni yolların araşdırılması ola bilər. Azərbaycan Hərəkatın son 50 il ərzində öz üzvləri üçün həyati xarakter daşıyan məsələlərin həllində mühüm və dinamik rolunu yüksək qiymətləndirir və mən tam əminəm ki, üzvlərinin baxışlarını birləşdirən forumdan ədalət, sülh və firavanlıq forumunadək yüksəlmiş Qoşulmama Hərəkatı gələn 50 ildə də bu gün kimi güclü olacaq və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəkdir", - deyə o qeyd edib.
Dünən E.Məmmədyarov Malayziyanin xarici işlər naziri Datuk Anifah Aman və Timor Lestenin xarici işlər naziri Zakarias Albano Da Kosta ilə ikitərəfli görüşlər keçirib. Nazir E.Məmmədyarov Konfransın yekun iclasında Qoşulmama Hərəkatına üzv olan Avropa dövlətləri qrupu adından çıxış edib. "Qoşulmama Hərəkatı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlavə platform olacaqdır", - deyə o söyləyib.
Azərbaycan rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb?
Ekspertlərin fikrincə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ABŞ - Rusiya arasında seçim etmək problemlərinin ortaya çıxması ölkənin Qoşulmayanlar Hərəkatına üzvlük niyyətinin ortaya çıxmasına səbəb ola bilərdi. "Təəssüf edirəm ki, dövlətin taleyi ilə bağlı olan bu məsələdə cəmiyyətdən gizli hərəkətlərə, addımlara üstünlük verilir. Bu kimi qərarların verilməsi üçün genişhəcmli ictimai müzakirənin aparılması zəruri idi. Amma təəssüf ki, bu məsələ qəfildən açıqlandı və Azərbaycan cəmiyyətinin buna reaksiya vermək imkanları bilərəkdən məhdudlaşdırıldı", - deyə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov bildirdi. Məmmədov hesab edir ki, bu prosesdə hakimiyyətə ictimai dəstək yoxdur və bu o deməkdir ki, Azərbaycanın bu hərəkata üzvlükdən sonrakı perspektivi sual altındadır.
Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərlinin fikrincə, Azərbaycan cəmiyyətində ənənəvi qərbyönlü və rusiyayönlü qütbləşmənin mövcudluğu fonunda rəsmi Bakının bu addımı cəmiyyətdə qütbləşmənin dərinləşməsi və çox da uzaq olmayan perspektivdə ictimai gərginliklə müşayiət oluna bilər:
"Azərbaycanda müxtəlif istiqamətlərdə islahatlar baxımından ciddi problemlərin olması heç kimə sirr deyil, Avropa təşkilatları daim bu islahatların həyata keçirilməsini tələb edirlər, amma "Qoşulmama Hərəkatı"na üzvlük Azərbaycanı demokratik islahatlardan uzaqlaşdıra bilər".
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edirlər ki, Cənubi Qafqaz regionu gərgin bir ərazi olaraq qalır və bu regionla bağlı beynəlxalq siyasi və hərbi strategiya oturuşmamış xarakter daşıyır. "Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması problemi var və "Qoşulmama Hərəkatı"na üzvlüyün bu problemi çözəcəyi şübhə doğurur", - deyə mərkəzin ekspertləri bildirir.
Bunu düzgün sayanlar da var
Amma fərqli fikirdə olanlar da var. Politoloq Elçin Mirzəbəylinin qənaətincə, "Qoşulmama Hərəkatı"na qoşulmağımız doğru addımdır:
"Bəzi ekspertlər Azərbaycanin strateji hədəfinin Avroatlantik məkana inteqrasiya olduğunu bildirir və bu addımın prosesin qarşısında ciddi maneə yaradacağını deyirlər. Amma bu doğru yanaşma deyil. Avropada NATO-ya üzv olmayan dövlətlər var ki, onlar üçün bu mövqe Avroatlantik məkana inteqrasiya problemi yaratmır. İnteqrasiya ilk növbədə hüquqi dəyərlərin mənimsənilməsi ilə bağlı məsələdir. Məsələn, İsveç, yaxud İsveçrə NATO üzvü deyil. Amma bu dövlətlər Avroatlantik məkana nəinki inteqrasiya olunub, hətta bu məkana yeni dəyərlər gətiriblər. Bu baxımdan bu hərəkata qoşulma Azerbaycanın maraqlarına tamamilə uyğundur. Biz olduqca təhlükəli bir regionda yaşayırıq və bloklara qoşulma hazırda maraqlarımıza uyğun deyil".
Mirzəbəyli hesab edir ki, bu hərəkata qoşulmanın Azərbaycana nə verəcəyini indidən söyləmək çox çətindir. "Amma əsas odur ki, heç nə almayacaq. İndiki məqamda itirməməyin özü də böyük uğurdur. Hərəkata qoşulma Azərbaycan - NATO əlaqələrinə heç bir problem yaratmayacaq..
|
|
|
Oxşar xəbərlər:
Erməni tərəf danışıqları ləngidir
Qarabağ məsələsi yenidən BMT tribunasına çıxarılır
Elmar Məmmədyarov:"Tənzimlənməmiş münaqişələr regiona daha çox təhlükə törədir"
|
|
|