Hal-hazırda Ayna qəzetinin 28.05.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.05.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir
Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir
Rusiya Ermənistan-İran münasibətlərinin inkişafında maraqlı deyil
Şənbə, 28.05.2011


Elçin Eldəniz
mətn ölçüsü  

Yürütdüyü işğalçılıq siyasəti səbəbincə sərhədləri Türkiyə və Azərbaycan tərəfindən qapalı saxlanan, strateji beynəlxalq layihələrdən təcrid olunan Ermənistan faktik olaraq məhvə məhkum edilib. Bütün bunların fonunda Gürcüstan-Rusiya münasibətlərinin getdikcə gərginləşməsi Ermənistanın durumunu daha da pisləşdirir. Odur ki, rəsmi İrəvan yeganə çıxış yolunu İranda axtarmaq məcburiyyətində qalıb.

İranla 48 km-lik qısa bir sərhədə malik olmasına baxmayaraq Ermənistan üçün İİR-lə münasibətlərin inkişaf etdirilməsi həyati önəm daşıyır. Lakin iki ölkə arasında iqtisadi əlaqələrin siyasi münasibətlərə nisbətinə nəzər saldıqda, hökumət rəsmilərinin və medianın vaxtaşırı səsləndirdiyi fikirlərin əksinə olaraq, bunun inkişaf etmədiyi aşkar şəkildə görünməkdədir.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin təhlillərinə əsasən, iqtisadi cəhətdən effektiv olmayan kiçik Ermənistan bazarında İranın hegemon mövqe tutmağa can atması, eləcə də Ermənistanı iqtisadi tənəzzülün məngənəsindən qurtarmağa səy göstərdiyi iqtisadi maraqlardan çox, hər iki dövlətin Azərbaycanla bağlı siyasi maraqlarının üst-üstə düşməsindən irəli gəlir. Bir tərəfdən, İran ərazisində Cənubi Azərbaycan faktorunun daim mövcudluğu, digər tərəfdən Azərbaycanın ABŞ və İsraillə mövcud isti münasibətləri, regionda aparıcı qüvvəyə çevrilmək arzusu antitürk fars rejimini xristian Ermənistana siyasi dəstək verməyə və Ermənistan iqtisadiyyatını məhv olmaqdan qurtarmağa sövq edir.

Ermənistan-İran iqtisadi əlaqələri

İki ölkə arasındakı iqtisadi əlaqələrə nəzər yetirsək, Ermənistanla İran arasındakı xarici ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2010-cu il ərzində 34,5 % azalaraq cəmi 138 mln. dollar səviyyəsində olub. Bu isə ekspertlər tərəfindən aşağı göstərici olaraq hesab olunmaqdadır. Belə ki, 2009-cu ildə Ermənistandan İrana 56,15 milyon dollar səviyyəsində mal ixrac olunmuşdursa, bu rəqəm 2010-cu ildə 30,1 % azalaraq cəmi 16,9 mln. dollar təşkil edib.

İrandan Ermənistana ixrac olunan məhsulların həcmində də ciddi azalma müşahidə olunub. Belə ki, 2009-cu ildə İİR-dən Ermənistana 344,1 milyon dollar həcmində müxtəlif növ mal ixrac olunmuşdursa, bu rəqəm 2010-cu il ərzində 35,2 % azalaraq cəmi 121,1 milyon dollar təşkil edib.

Qeydə alınan rəqəmlərin fonunda iki ölkə arasındakı iqtisadi əlaqələrə nəzər yetirdikdə real statistik göstəricilərin hər iki ölkə rəsmilərinin şişirdilmiş bəyanatları ilə tərs mütənasiblik təşkil etdiyi açıq görünur. Hazırda iki ölkə arasındakı iqtisadi əməkdaşlıq energetika sahəsində daha çox müşahidə edilməkdədir. Belə ki, İranla Ermənistan arasındakı energetika sahəsindəki birgə əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Öz təbii qaz tələbatının mühüm bir hissəsini İrandan təmin etməyə məcbur qalan Ermənistan qaz kəmərinin inşası barədə razılığa, hələ bir neçə il əvvəl gəlib. Lakin təxminən 250 milyon dollara başa gələn qaz kəməri fəaliyyətə başlasa da, Ermənistanın dövlət maraqlarına uyğun olmayıb. Belə ki, Ermənistanın strateji müttəfiqi və eləcə də, yeganə xilaskarı sayılan RF Ermənistanı energetik asılılıqda saxlamaq, İran qazının 3-cü ölkələrə Ermənistan tərəfindən ixracını əngəlləmək məqsədilə regionda guya müstəqil siyasət yürüdən Ermənistanın maraqlarına zidd olaraq, qaz kəmərinin diametrinin müqavilədə nəzərdə tutulandan iki dəfə az, cəmi 76 sm ölçüdə çəkilməsinə icazə vermişdi.

Qaz kəmərinin çəkilməsi ilə bağlı İranla Ermənistan arasında bağlanan müqavilənin digər bəndinə əsasən, qaz xətti Razdan İES-ə qədər çəkilməli və həmin istilik-elektrik stansiyasının yeni 5-ci enerji bloku İran tərəfindən inşa edilməli idi.

REKLAM

Lakin RF tərəfi İrandan gələn qaz kəməri xəttinin diametrini iki dəfə azaltmaqla Razdan İES-in 5-ci blokunun tikilməsinə əngəl törətmişdir.

Ekspertlərin fikrincə, əgər qaz kəməri sahəsində nəzərdə tutulan müqavilə tam şəkildə həyata keçirilsəydi, Ermənistan Rusiyanın birtərəfli enerji asılılığından, eləcə də Gürcüstan ərazisindən keçərək Ermənistanın ehtiyaclarını ödəyən qaz xətti ətrafında gedən sövdələşmələrin doğurduğu təhlükədən (kəmərin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən satınalınma qorxusu) də qurtula bilərdi. Lakin Cənubi Qafqaz regionunda cərəyan edən siyasi proseslərin fonunda Ermənistan siyasətinin qeyri-müəyyənliyi və ikitirəliyi (İranla əlaqələrin daha da genişləndirilməsi) Rusiyanı bu kimi addımlar atmağa və Ermənistanı tam asılılıqda saxlamağa məcbur edir.

Təbii qazla bağlı iki ölkə arasında bağlanmış müqaviləyə əsasən, İran ixrac etdiyi qazın əvəzinə Ermənistandan elektrik enerjisi almağı nəzərdə tutub və öz maraqları naminə Ermənistana böyük güzəştlər etməklə qazın satılmasının barterlə həyata keçirilməsinə razılıq verib. Belə ki, Ermənistan strateji müttəfiqi sayılan Rusiyadan aldığı "mavi yanacağ"ın hər 1000 kubmetrinə görə 180 dollar ödədiyi halda, islam respublikası olan İrandan, 3 kilovat saat elektrik enerjisi əvəzinə 1000 kubmetr qaz əldə etməkdədir. Bunu rəqəmlə ifadə etsək, müəyyən olur ki, Ermənistan İrandan əldə etdiyi 1000 kubmetr qaz üçün cəmi 60 dollar ödəyir. İqtisadi böhran içində olmasına baxmayaraq, İranın energetika sahəsində bu günədək heç bir ölkəyə güzəştə getmədiyini nəzərə aldıqda İranının öz milli çıxarları naminə belə bir razılığa getdiyi görünməkdədir.

Təbriz-Eraks neft kəməri

İran ilə Ermənistan arasındakı enerji sahəsindəki əməkdaşlığa hesablanan, amma sənəd üzərində qalan digər bir istiqamət də neft kəmərinin çəkilişidir. Bu məsələ ilk dəfə 4 dekabr 2004-cü ildə gündəmə gəldi. İlkin mərhələdə Culfa-Mehri marşrutu ilə 60 km-lik neft kəmərinin çəkilişi və sonradan Rusiya-Ermənistan-İran əməkdaşlığı ilə Mehridə ildə 7,5 milyon ton neft emal edən zavodun tikilməsi planlaşdırılırdı. Lakin Rusiya 2007-ci ilin yanvarında iqtisadi cəhətdən faydalı olmayacağını səbəb göstərərək Mehridə bu zavodun tikilməsinə qarşı çıxsa da, rəsmi İrəvanla Tehran neft əməkdaşlığına dair müzakirələri davam etdirmişlər. Danışıqlar nəticəsində 2008-ci ilin dekabrında Ermənistanın enerji və təbii sərvətlər naziri A.Movsesyan ilə İran xarici işlər naziri M.Möttəki arasında Təbriz-Eraks neft kəmərinin çəkilişinə dair ilkin razılaşma əldə edilmişdir.

İlkin məlumatlara görə, 240 milyon dollar dəyərindəki bu layihənin 300 km uzunluğunda olması və 250 millimetrlik borularla çəkilməsi nəzərdə tutulmuşdu. Razılığa əsasən, bu investisiyanın 50%-ni Ermənistan, 50%-ni isə İran tərəfi qoymalı idi. Lakin Ermənistanın böhranlı iqtisadi vəziyyətini görən İran tərəfi öz milli maraqlarını reallaşdırmaq məqsədilə bu dəfə də güzəştə gedərək, gələcəkdə əldə olunan gəlirdən həmin məbləği qaytarmaq şərti ilə, layihənin reallaşması üçün Ermənistanın payına düşən 50%-i də öz üzərinə götürdü.

RST ekspertlərinin fikrincə, bu növ layihələr, İranın iqtisadi və siyasi maraqlarına cavab versə də, Rusiyanın Qafqazdakı regional siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də Rusiya Cənubi Qafqazda yeganə istinad yeri olan Ermənistana iqtisadi məngənədən qurtulmağa icazə verməmək üçün bu növ layihələrdə iştirakdan müxtəlif bəhanələrlə yayınır, işləri dondurmaqla və yaxud layihələri yarımçıq reallaşdırmaqla, faktiki olaraq, onları perspektivsiz və Rusiyadan asılı edir.

"Şimal-Cənub" nəqliyyat dəhlizi

İran və Ermənistan arasında maliyyə dəyərinin 1,5-2 milyard dollar olduğu təxmin edilən iri, lakin iqtisadi maraqdan çox, siyasi təsirə malik təkəbbürlü dəmiryol layihəsi də gündəmdə qalmaqdadır. 2009-cu il aprelin 14-də imzalanan müqaviləyə görə, Ermənistanla İran arasında çəkiləcək 470 km-lik dəmiryolun 60 km-i İran, geri qalan 410 km-i isə Ermənistan ərazisindən keçəcək. Tikintinin 5 il müddətinə tamamlanması və nəticədə Ermənistanın "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşularaq körfəzə birbaşa çıxışı təmin ediləcək. Bu amil isə İrandan çox Ermənistanın milli maraqlarına xidmət edir. Belə ki, beynəlxalaq aləmə, sadəcə, Gürcüstan ərazisindən keçməklə çıxan Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsindən sonra gələcəkdə Samtsxe-Cavaxetiya regionunda da eyni ssenari üzrə işğalçılıq fitnələrini həyata keçirməyi planlaşdırdığı üçün çıxış qapısını sığortalamaq niyyətindədir.

RST ekspertlərinin fikirincə, Ermənistan-İran dəmiryol xəttinin sırf siyasi məsələ olması, tələb olunan maliyyə-kredit vəsaitlərinin və yatırımların miqdarının çoxluğu, bu layihənin həyata keçirilməsi üçün prosesə beynəlxalq maliyyə qurumlarının, investorların qoşulması zərurətini gündəmə gətirir. Buna görə də Ermənistan tikintiyə sərmayə qoyacaq tərəfdaş axtarır. Bu yolun inşası ilə bağlı İran, Rusiya və Çin üzdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirsələr də, layihənin perspektivsiz olması səbəbindən bu işə ciddi yanaşılmamış və nəticədə problem bu günədək öz həllini tapmamışdır.

Bu layihənin həyata keçmədiyinin səbəbi təkcə maliyyə çətinliklərilə bağlı deyil, həm də Rusiya-Gürcüstan münasibətlərinin pozulmasında, Azərbaycan və Türkiyə sərhədlərinin bağlı olması səbəbindən Avropaya quru yolu ilə çıxışının mümkünsüz olmasında, yolun keçdiyi marşrutun relyef çətinliyinin bu layihənin gerçəkləşməsinə xeyli əngəllər törətməsində və əsasən də, maliyyə cəhətindən daha ucuz başa gələn, Azərbaycan ərazisindən keçməsi planlaşdırılan "Şimal-Cənub" nəqliyyat dəhlizinin daha sərfəli (düzənlik ərazilərdə qatarların sürətinin və vaqonların sayının çox olması) və ən əsası, başda strateji müttəfiqi sayılan RF olmaqla İran, Çin və digər Avropa dövlətlərinin daha çox maraq göstərməsindədir. Belə ki, faktiki olaraq rentabelli olmayacağı öncədən bəlli olan və Ermənistan ərazisindən keçməsi planlaşdırılan dəmiryol xəttinin çəkilişində maraqlı tərəf yalnız Ermənistan və qismən İrandırsa, Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizinin inşasında isə iqtisadi marağı olan və körfəzə, Yaxın Şərqə çıxış qazanmaq istəyən dövlətlər sırasında Avropa ölkələri, Uzaq Şərq ölkələri və ən əsası Rusiya vardır.

Nəticə

İran-Ermənistan əməkdaşlığı çərçivəsində baş verənləri təhlil etdikdə belə nəticəyə gəlmək olar ki, İran hökuməti Azərbaycanla müqayisədə Ermənistanla münasibətlərində daha pozitiv mövqe sərgiləməyə çalışsa da, göstərilən iqtisadi layihələrin xeyli hissəsinin tam siyasiləşdirilməsi, kimlərinsə ambisiyalarına xidmət etməsi və əsasən də Rusiyanın bu proseslərdə "özünəməxsus" mövqe tutması onların praktik olaraq gerçəkləşdirilməsini tamamilə mümkünsüz edir. Nəticə etibarı ilə, iqtisadiyyatı bərbad vəziyyətə düşən Ermənistan və siyasi proseslər burulğanında boğulan S.Sarkisyan hökuməti çıxış yolu axtarmaq məqsədilə İranla bir çox strateji layihələrə imza atmaq və siyasi məsələlərin həllində İran faktoru ilə manipulyasiya etmək niyyətindədir. Bununla yanaşı, embarqo və siyasi yasaqlar çənbərində qalan, ABŞ-İsrail tandeminin və beynəlxalq yəhudi lobbisinin təzyiqindən xilas olmağa çalışan İİR isə bir ümid yeri, bir tarazlaşdırıcı qüvvə kimi beynəlxalq erməni diasporasının imkanlarından yararlanmağa ümid edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Bölmənin digər xəbərləri
 
Büdcə layihələri səssiz-səmirsiz qəbul edildi
Kimin əlavə sualı varsa, yazılı şəkildə nazirliyə təqdim edə bilər

Siyasi məhbus məsələsi gündəmdən düşmür
Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını israr edir

Niyə "Qoşulmama Hərəkatı"na qoşulduq?
Bu üzvlüyün perspektivdə mənfi və müsbət təsirləri barədə mülahizələr var

Demokratikləşmə üçün 7 addım
İctimai Xartiya təkliflər paketini təqdim etdi

Bakı yolu Ştrasserin üzünə bağlıdır
Səbəb: universal "siyasi məhbus" anlayışı yoxdur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər