Büdcə layihələri səssiz-səmirsiz qəbul edildi
 |
Kimin əlavə sualı varsa, yazılı şəkildə nazirliyə təqdim edə bilər
Şənbə, 28.05.2011
|
|
Adətən parlamentdə büdcə ilə bağlı müzakirələr digər qanun layihələrinə nisbətən
daha qızğın keçir, parlament iclasında əsl diskussiya müşahidə olunur. Bu dəfə
isə deputatlar yalnız "vaxt" məsələsi ilə bağlı səslərini çıxardılar. Bəziləri
çıxışa 10 dəqiqə vaxt tələb etsələr də, spiker Oqtay Əsədov başda olmaqla bəzi
deputatlar 5 dəqiqənin kifayət edəcəyini deyirdilər.
Sonda belə razılığa
gəlindi ki, büdcə ilə əlaqədar iki layihə birlikdə müzakirə edildiyinə görə
istəyənlər 10 dəqiqə çıxış edə bilər. Lakin müzakirə zamanı bu vəd də yaddan
çıxdı və nəticədə deputatlar cəmi 3 dəqiqəyə sözlərini yekunlaşdırmalı oldular.
Bu vaxta ən çox narazılıq bildirən Elmira Axundova oldu. Deputatın
sakitləşmədiyini görən Oqtay Əsədov vaxtilə Pənah Hüseynə dediyi sözləri indi
ona ünvanladı: "Bəsdir də, yerinizdən danışmaq adətini tərgidin. Birinci dəfə
deyil ki, belə edirsiniz".
Ziyad Səmədzadə: "Pul axını güclənsə də, əhalinin
əmanətlərini qoruya bilmişik"
Büdcə ilə bağlı qanun layihələrini MM İqtisadi
siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Qeyd etdi ki, 2010-cu
ilin dövlət büdcəsi iqtisadi inkişafa böyük töhfə verib, iqtisadiyyatın davamlı
və keyfiyyətli inkişafını təmin edib. İl ərzində büdcə gəlirlərinin
formalaşmasında heç bir problem yaranmayıb. Dövlətə pul axını güclənsə də,
hökumətin və Mərkəzi Bankın səyləri sayəsində əhalinin əmanətlərinin qorunması
davam etdirilib.
Z.Səmədzadə bu büdcə ilə XXI əsrin 10 ilinə qiymət
verildiyini xatırladaraq müqayisə üçün bəzi rəqəmlər səsləndirdi. 2010-cu ildə
ÜDM 41,6 milyard dollar təşkil edib ki, bu da 2001-ci ilə nisbətdə 7,8 dəfə
çoxdur. Adambaşına düşən məhsul üzrə göstərici də inkişaf edən dövlətlərə
yaxınlaşır. Valyuta ehtiyatları 2001-ci ildə 1,4 milyard olsa da, bu gün bu
göstərici 29 milyard dolları ötür. Son 10 il ərzində hər il əhalinin gəlirləri
qiymət indeksini 2 dəfə örtüb.
Komitə sədri büdcənin icrası ilə əlaqədar
ortaya çıxan problemlərdən də danışdı. Bir sıra rayonlarda gəlirlərin
formalaşmasında problemlər yaranıb.
Azərbaycan üzrə əmək müqavilələrinin
bağlanması istiqamətində işlər güclənməlidir. Belə olsa, özünü işsiz adlandıran
insanların sayı azalar, onların sosial sığortaları güclənmiş olar.
Yerli
istehsalçıları vergidən azad etməliyik
Ziyad Səmədzadə hesab edir ki, bəzi
hallarda istehsalçıları vergidən azad etmək lazımdır:
"Bəzən nazirliklər bir
sıra məhsul və avadanlıqları kənardan alır, yerli istehsalçılar pis vəziyyətdə
qalır. Azərbaycanda elə gözəl müəssisələr var ki, istehsal etdikləri avadanlığın
40 faizini ixrac edirlər. Biz ölkəyə idxal olunan bəzi məhsulları ÜDV-dən azad
edirik, buna görə bizim müəssisələr pis vəziyyətə qalır. Odur ki, biz vergidən
azadolma prinsipinə yenidən baxmalıyıq. 90-cı illərin əvvəlində tətbiq olunan
prinsiplər dəyişməlidir. Əgər vergi azadolmalarını gücləndirməsək, daxili
istehsalı gücləndirə bilmərik".
Komitə sədri hökuməti vakansiyaların
doldurulmasına, həm də borcalma siyasətində diqqətli olmağa çağırdı: "Fikir
verilməlidir ki, bu borcu niyə alırıq, bundan iqtisadiyyata nə xeyir dəyəcək.
"Borc haqqında" qanunda həm dövlətin, həm də özəl sektorun borclarına sistemli
yanaşmalıyıq".
Neft Fondundan vəsait götürməliyik
2011-ci il dövlət
büdcəsində əlavələrə gəlincə, Ziyad Səmədzadə bunu məcburi addım adlandırdı.
"Azərbaycana pul gəlir. Biz də bir sıra layihələri icra etmək üçün Neft
Fondundan vəsait götürməliyik. Dəyişikliklər qəbul etsək, dövlət büdcəsinin
gəlirləri ilk dəfə 20 milyarda çatacaq". Z.Səmədzadə bildirdi ki, bu il neftin
qiymətinin bahalaşması nəticəsində Neft Fondunun gəlirləri 4 milyard dollardan
çox artacaq.
Sonra maliyyə naziri Samir Şərifov büdcənin icrası və 2011-ci il
büdcəsində dəyişikliklər haqda əsas rəqəmləri səsləndirdi. Nazirin sözlərinə
görə, 2010-cu ilin dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat (99,1
faiz) yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri 11 766 milyon (95,9 faiz)
icra edilib. Xərclərin 56,5 faizi cari xərclərə, 42,7 faizi əsaslı xərclərə
yönəlib.
Hesablama Palatasının sədri Heydər Əsədov da müzakirəyə çıxarılan
qanun layihələri ilə bağlı palatanın rəyini açıqlayarkən fəxrlə qeyd etdi ki,
ötən il üçün Azərbaycan hökumətinin bir sıra parametrlər üzrə proqnozları
beynəlxalq təşkilatlara nəzərən daha düzgün olub. Tövsiyələrə gəlincə, palata
sədri dövlət orqanlarının satınalma prosesləri ilə bağlı iradlarını səsləndirdi:
"Bəzi qurumlar açıq tender keçirmək əvəzinə, müvafiq icra hakimiyyəti orqanına
müraciət edərək təkliflər sorğusu ilə bir mənbədən satınalma keçirilməsinə
üstünlük veriblər".
"Təsərrüfat hesablı təşkilatlar" əslində büdcədən
asılıdır
Heydər Əsədov həmçinin nazirlik, dövlət komitələri və şirkətlərin
nəzdində "təsərrüfat hesablı" adı altında fəaliyyət göstərən təşkilatların işi
ilə bağlı narazılığını bildirdi:
"Bu təşkilatlar büdcə hesabına sifarişləri
yerinə yetirir. Yəni onlar büdcə pulları hesabına saxlanır. Özlərinin xərcləri
olmadığına görə bəzən vəsaitin təyinatına dəyişiklik edirlər, amma bunu görmək
büdcə xərclərinin imkanı xaricindədir. Ya bu təşkilatları birbaşa büdcəyə
keçirmək, ya da onlar hesablaşma hesabları bağlanmaqla, fəaliyyətlərini büdcə
vasitəsilə həyata keçirməlidirlər".
H.Əsədov proqram xarakterli işlərin
icrasının ümumi xarakterdə aparıldığını dedi:
"Bu da palatanın təhlil
aparmasına mane olur. Bəzi təşkilatlar proqramlar üzrə ayrılmış vəsaitdən
savayı, cari fəaliyyət üçün ayrılan vəsaitdən də istifadə edirlər".
Təkliflərinin çox olduğunu deyən palata sədri onların bir qisminin mübahisə
doğurduğunu da etiraf etdi: "Amma bu təkliflərin yerinə yetirilməsi şəffaflığın
artmasına gətirib çıxara bilər".
Neft Fondunda qalan pullar
bəsimizdir
2011-ci il büdcəyə artımlara gəlincə, Heydər Əsədov Neft Fondundan
ayırmaların məbləğinin artması ilə bağlı suala əvvəlcədən hazırlaşdığını dedi.
Bildirdi ki, Bakı şəhər kəndlərinin inkişafı ilə bağlı verilən tapşırıqlar,
"Eurovision"da Azərbaycan təmsilçilərinin qalib gəlməsi mədəniyyət və
infrastruktur layihələrinə tələbatı artırır:
"Yəni büdcə dəyişikliyi
olmalıydı. Düzdür, Neft Fonundan ayırmaların həcmi xeyli artırılıb. Amma
apardığımız təhlillər göstərir ki, bu, obyektiv zərurətdən irəli gəlib. İş
orasındadır ki, hesablamalara görə, layihələrin bahalaşma tempi vəsaitlərin
hansısa hesabda, depozitlərdə yerləşdirilməsindən gələcək gəliri xeyli,
dəfələrlə üstələyir".
Heydər Əsədov iddia etdi ki, indi həyata keçirilən
investisiya layihələri elə məhz gələcək nəsillərə hesablanıb: "Hələ builki büdcə
artımlarından sonra yenə də dövlətin ehtiyat fondunda 29-30 milyard dollar
qalacaq..
|
|
|
Oxşar xəbərlər:
Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Parlament debatlarında sensasion mülahizələr
Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Büdcə dəyişdirilib qəbul edildi
|
|
|