ABŞ prezidenti Barak Obama bildirib ki, Şimali Afrika regionunda son aylar baş verən "fövqəladə dəyişikliklər" repressiya erasının başa çatdığını göstərir. "Repressiya siyasəti daha işləməyəcək, dəyişikliklər qaçılmazdır", - deyə Obama mayın 19-da ABŞ Dövlət Departamenti işçilərinin qarşısındakı çıxışında bildirib.
"Demokratiya tərəfdarlarının son altı ayda əldə etdikləri nailiyyətləri terrorçular on illərlə əldə edə bilməyiblər", - o vurğulayıb.
O bildirib ki, ABŞ region ölkələrində xalqlara qarşı zorakılıq və repressiyanın əleyhinədir. ABŞ insanların ümdə hüquqlarını müdafiə edir. Bu hüquqlara azad ifadə, dinc toplaşma, din azadlığı, qanunların aliliyi şəraitində qadınlarla kişilərin bərabərliyi, öz liderini seçmək azadlığı daxildir.
"Bu gün Yaxın Şərq və Şimali Afrikada baş verən demokratik hərəkatlar ABŞ-a bu regionda demokratiya və islahatları təbliğ etmək üçün tarixi imkan yaradıb", - deyə qeyd edən ABŞ prezidenti demokratik islahatlar aparan ölkələrə yardımlar da ediləcəyini bildirib. Onun qeyd etdiyinə görə, ABŞ Misirə 2 milyard dollar miqdarında borc və yardımlara təminat verib. Bu region ölkələrinə özəl sərmayənin cəlb edilməsi üçün də tezliklə daha 2 milyard dollarlıq layihənin icrasına başlayacaq.
"Turan"ın Vaşinqton müxbiri yerli analitiklərdən Obamanın nitqini şərh etməyi xahiş edib. Onun bəyanatını adını çəkmədiyi ölkələrə, əsasən Azərbaycana da aid etmək olarmı?
"Zənnimcə, Obama işarə edib ki, o yalnız konkret bir və ya iki ölkə haqqında danışmır. Onun nitqində Azərbaycana və istənilən başqa ölkəyə dair xətt var", - deyə demokratiya məsələləri üzrə analitik, 2000-ci ildə Azərbaycanda seçkilərdə ATƏT-in keçmiş müşahidəçisi olmuş Mitçell Polman deyib.
"Lakin Azərbaycanda demokratiyaya töhfə vermək üçün çox şey azərbaycanlıların özlərindən asılı olacaq. Demokratiya kənardan qəbul etdirilə bilməz. O, aşağıdan boy atmalıdır", - deyə o bildirib.
Digər analitik, professor Maykl Bişku hesab edir ki, Obamanın çıxışı mühüm nəticələr verəcək.
Yaxın Şərqdə hadisələrin ABŞ-ın Azərbaycan da daxil olmaqla, başqa ölkələrdə siyasətinə necə təsir edəcəyi barədə sualın cavabında o deyib: "ABŞ, görünür, diqqətini regional siyasətə yönəldib. Yəni Yaxın Şərq və Şimali Afrikanı Cənubi Qafqaz və Mərkəzi Asiya kimi digər yerlərdən ayırırlar.
|