Gürcüstan azərbaycanlıları haqqında miflər
 |
Bu ölkəyə səfər bir sıra məsələlərə aydınlıq gətirdi
Şənbə, 21.05.2011
|
|
Qonşu ölkədəki soydaşlarımızın həyatı barədə əsasən bizim mətbuatdan məlumat alırdım. Məlumatlar da adətən belə olurdu ki, bizimkilər gürcü dilində oxumaq istəmir, ölkə cəmiyyətinə inteqrasiya olmağa can atmırlar. Qarşılıqlı olaraq Gürcüstan hökuməti də öz ərazisində yaşayan azərbaycanlıların dövlət idarəçiliyinə qarışmasına imkan vermir, azərbaycanlı gənclərin oxumasına şərait yaratmır.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə baş tutan bu səfər Gürcüstandakı soydaşlarımız haqda formalaşan bu fikirlərin bəzilərinin artıq yanlış olduğunu, mifə çevrildiyini, vəziyyətin əvvəlki illərə nisbətən xeyli dəyişdiyini göstərdi.
1-ci mif: Azərbaycanlılar gürcü dilində oxumaq istəmir
Bizimlə söhbətlərində azərbaycanlılar özləri də etiraf edirdilər ki, bu vaxta qədər gürcü dilində yazıb-oxumağı bilməsələr də, işləri keçirdi. Amma son dövrlərdə situasiya dəyişib. Yeni durum gürcü dilini mükəmməl bilməyi tələb edir. İndi azərbaycanlılar oxumaq istəyirlər, hətta bunun üçün əllərindən gələni edirlər.
Artıq neçə illərdir ki, azərbaycanlılar yaşayan bölgələrdəki məktəblərdə sırf gürcü dilində sektorlar yaradılıb. Olduğumuz məktəblərdə müəllimlər də, uşaqlar da əsasən kadr çatışmazlığı və kitabların çatışmadığından gileylənirdilər.
"Kitab və kadr baxımından problemlər var"
Qardabani rayonunun Nəzərli kənd məktəbinin riyaziyyat müəllimi Yaşar bəy deyir ki, gürcü sektorunda oxuyan şagirdlər indi 7-ci sinfə keçirlər. Amma onların keyfiyyətli təhsil alması sual altındadır. Çünki yuxarı sinfə keçdikcə məktəbə göndərilən kitabların səviyyəsi də aşağı düşür: "Bizə gələn kitablar şəhər məktəblərindəki kitablardan fərqlidir. Bizim uşaqlar ali məktəblərə daxil ola bilmək üçün gürcü dilini öyrənirlər, amma onlar üçün Azərbaycan dilindən tərcümə olunan kitablar keyfiyyətsizdir. İndi bizim coğrafiya müəllimimiz yoxdur, tarix müəllimimiz isə təqaüd yaşına çatır".
Söhbət zamanı bəlli oldu ki, Gürcüstanda məktəbdə oxuyan hər uşaqbaşına konkret məbləğ ayrılır. Əvvəllər bu məbləğ 450, indi isə 370 lari (175 manat) təşkil edir. Bu vəsait çox olanda, məktəb özü kənardan müəllim dəvət edə bilər, indi isə şagirdlərin sayı az olduğuna görə məktəbin buna imkanı yoxdur.
Yeri gəlmişkən, 450 şagirdi olan bu məktəb hazırda təmirə dayanıb. Məktəb Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə əsaslı təmir olunacaq. Ötən il bu məktəblə yanaşı bir neçə digər məktəblərdə ARDNŞ-nin dəstəyi ilə müasir standartlara uyğun stadion da tikilib. Son illər neft şirkəti Faxralı 2 saylı ictimai məktəbi, Qoşakilsə ictimai məktəbinin təmirinə də pul ayırıb. Hazırda isə Nəzərəli ilə yanaşı, Algetidəki məktəbin də təmiri gedir.
2-ci mif: Gürcüstan hökuməti azərbaycanlı gənclərin təhsilinə şərait yaratmır
Bunu iddia etmək düzgün olmazdı. Çünki Gürcüstanda qeyri-gürcülərin ali təhsil alması üçün "4+1" sistemi yaradılıb. Yəni, bituriyent ali məktəbə öz dilində imtahan verir, bir il dil kursu keçir, sonra ali təhsilini gürcü dilində davam etdirir (bildiyim qədər, bu cür sistem adətən hansısa dövlətə xaricdən gələn tələbələr üçün tətbiq edilir). Bu təhsil ilində elə təkcə Kosalı kənd məktəbinin məzunlarından 18 nəfəri bu sistemlə Gürcüstan ali məktəblərinə qəbul olub.
Bir məktəbin 18 yetirməsi instituta daxil olub
Məktəbin direktor əvəzləyicisi Maya İsgəndərova deyir ki, bu 18 nəfərdən 14-ü prezident təqaüdçüsü siyahısına düşüb. Gürcüstan prezidenti onları qəbul edib və hər birinə noutbuk bağışlayıb.
1085 nəfərin oxuduğu məktəbə rəhbərlik edən Maya xanım onlar üçün yaradılan şəraitdən razıdır. Sadəcə, yuxarı siniflərə keçən qızların sayının az olduğundan şikayət edir: "Çünki qızları az yaşda ərə verirlər. Biz də heç nə edə bilmirik. Bu yaxınlarda bir şagirdimiz də ailə qurdu. Şikayət edə bilmədik". Bu məsələdə əlindən heç nə gəlmədiyini deyən M.İsgəndərova, sadəcə, özü kənd sakinlərinə nümunə olmağa çalışır. O, qızlarından ikisini də oxumağa göndərdiyini deyir.
Gürcüstan hökumətinin yardımına gəlincə, hazırda yerli Maarif Nazirliyi ilə əldə olunan razılığa görə, ali təhsil məktəblərinin tələbələri azərbaycanlı yaşayan bölgələrdə kənd məktəblərini gəzirlər. Onlara həm gürcü dilini öyrədir, həm də ali məktəblər haqqında məlumat verirlər ki, gələcəkdə uşaqlar düzgün seçim edə bilsinlər.
3-cü mif: Azərbaycan hökuməti Gürcüstandakı soydaşlarımıza yardım etmir
Gənclərə münasibətdə bu fikri demək yanlış olardı. Elə Qaracalar kəndində gənclərlə görüş zamanı bəlli oldu ki, Azərbaycanın bir sıra dövlət qurumları Gürcüstandakı azərbaycanlı tələbələrin çoxunun təhsil haqqını ödəyir.
Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşəbbüsü ilə baş tutan görüşdə aldığımız məlumata görə, Gürcüstan ali məktəbləri arasında dövlət və ya özəl olanları yoxdur...
|
|
|
Oxşar xəbərlər:
Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm
300-dək azərbaycanlı müəllim işdən azad edilib
Xocəsən məktəbinə hücum
|
|
|