"Vəziyyətdən asılı olaraq Azərbaycan öz mövqeyini dəyişə bilər"
 |
Politoloqun fikrincə, Azərbaycanın Qəbələ RLS-i informasiya mərkəzi olaraq bir neçə dövlətin istifadəsinə verməsi yaxşı olar\"
Şənbə, 21.05.2011
|
|
"Müharibə etmək istəyən bunu əvvəlcədən bəyan etmir və Azərbaycanın müharibə çağırışları heç bir əhəmiyyət daşımır". Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib. O, Ermənistan ictimaiyyətini inandırmağa çalışıb ki, Azərbaycan müharibəyə hazır deyil: "Amma biz hərbçilər müharibəyə hər an hazır olmalıyıq. Əgər Azərbaycan müharibəyə başlasa, əmin edirəm ki, biz nəinki əks-zərbə vuracağıq, lazım gəlsə, bundan artığını edəcəyik". Seyran Ohanyan daha bir maraqlı bəyanatla da çıxış edib. O deyib ki, müharibə başlasa, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yardımına bel bağlayır: "Biz KTMT-nin üzvüyük, Azərbaycan isə yox. İttifaq müqaviləsinə görə, Ermənistana qarşı hərbi əməliyyatlar olsa, KTMT ölkəmizə yardım etməyə borcludur".
Xatırladaq ki, son dövrlərdə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyəti ilə bağlı açıqlamaları, xüsusilə prezident İlham Əliyevin Münhen görüşü ərəfəsində məcburi köçkünlərlə görüşdə səsləndirdiyi bəyanat rəsmi İrəvanı narahat etməyə başlayıb. Təsadüfi deyil ki, müdafiə naziri Seyran Ohanyanın erməni ictimaiyyətinə müraciətləri, daxili auditoriya qarşısında güclü görünmək cəhdləri də intensivləşib.
"Ayna"nın bu və digər məsələlərlə bağlı suallarını politoloq İlkin Bağırov cavablandırır.
- Ermənistanın müdafiə nazirinin KTMT-yə arxalanma barədə bəyanatını necə şərh edərdiniz?
- Ermənistan əslində KTMT-yə yox, birbaşa Rusiyaya arxalanır. Əslində KTMT adlı təşkilat özünü praktik olaraq heç bir məsələdə və ya vəziyyətdə göstərməyib. Belə bir analoji hal da olmayıb ki, həmin təşkilatın özünü belə situasiyalarda necə aparacağı haqda yekdil fikir söyləmək mümkün olsun. Amma Rusiyanın silahlı münaqişələrdə özünü necə aparmasına dair çoxlu nümunələr, ələlxüsus da Ermənistana necə dəstək verməsinə dair çoxlu faktlar göz önündədir və ya danılmazdır. .
- Ümumilikdə KTMT-nin gələcəyi varmı? Bu təşkilat Cənubi Qafqazın təhlükəsizlik məsələlərində yaxından iştirak edə bilərmi?
- Bu haqda indidən konkret proqnoz vermək çətindir. Əslində yenə də KTMT deyəndə Rusiya nəzərdə tutulur. Çünki o, birbaşa rəsmi Moskvanın himayəsi altında yaradılıb.
Ora daxil olan xüsusən Orta Asiya dövlətlərinin nə gücü, nə də bu vaxta kimi ortaya qoyduqları mövqeyi, əslində mövqesizliyi hələlik KTMT haqda çox da tərifəlayiq söz söyləməyə imkan vermir. Ən azından təsəvvür etmək belə çətindir ki, məsələn, Azərbaycanla müharibəyə başlayacağı təqdir Qazaxıstan Azərbaycana qarşı durmaq istəsin. Hazırkı tərkiblə mən bu təşkilatın gələcəyini o qədər də parlaq görmürəm. Amma istisna deyil ki, gələcəkdə onun tərkibi digər dövlətlərin hesabına genişlənə bilər. Əslində Rusiyanın istədiyi də budur ki, NATO-ya alternativ nəsə yarada bilsin.
- Azərbaycan heç bir bloka qoşulmayanlar sırasına qatılacağını bəyan edib. Sizcə, bu, Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğundurmu? Bu quruma üzv olmaq Azərbaycana nə verəcək?
- Əslində Azərbaycanın neçə illərdir yürütdüyü siyasət onun heç bir bloka qoşulmayacağını əvvəlcədən də təxmin etməyə əsas verirdi. Fikrimcə də, bu addım geosiyasi baxımdan Azərbaycan üçün ən doğru addımdır. Ən azından belə addımı atan dövlətlərin təcrübəsi belə deməyə əsas verir. Əgər burada NATO-Azərbaycan münasibətlərindən söhbət gedirsə, onsuz da belə bir təşkilata üzv olmağa tam hazır olmayan Azərbaycan üçün neytral mövqe tutmaq hələlik daha məqsədə uyğundur. Amma bu elə məsələdir ki, dövlətlər vaxt keçdikdən sonra mövqelərini dəyişə də bilərlər. Yəni gələcəkdə vəziyyətdən asılı olaraq Azərbaycanın öz mövqeyini dəyişməsinə heç kim mane olmayacaq.
- Qəbələ RLS-in taleyini necə görürsünüz? Azərbaycan üçün yenidən bu stansiyanın Rusiyaya icarəyə verilməsi sərfedicidirmi?
- Qəbələ RLS məsələsinə gəlincə, onun hansısa dövlətə istifadəyə verilməsi Azərbaycana heç bir halda sərfedici deyil. Lakin indiki halda rəsmi Bakı Moskva ilə münasibətlərə xələl gəlməsin deyə belə bir addım atırsa, bu da normal qarşılanmalıdır. Halbuki Rusiyanın yaxın bir neçə ildən sonra bu stansiyaya qətiyyən ehtiyacı olmayacaqdır. Çünki Şimali Qafqazda Qəbələ RLS-ə nisbətdə daha güclü və geniş imkanlı stansiyanın imkanlarından istifadə edəcək. Amma daha yaxşı olardı ki, Azərbaycan öz imkanları hesabına bu stansiyanı təkmilləşdirsin və ondan özü istifadə etsin və tək bir dövlətin deyil, eyni zamanda onu informasiya mərkəzi olaraq bir neçə dövlətin istifadəsinə versin.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu il hansısa dəyişiklik gözləməyə dəyərmi?
- Dağlıq Qarabağ münaqişəsində bu ay, bu həftə kimi vaxt çərçivələrdə nəyisə gözləmək lazım olduğunu demək, məncə, düzgün fikir deyil. Bu elə bir məsələdir ki, burada hər hansı gün nəsə yenilik ola bilər. Amma 23 illik təcrübə və müşahidə olunan tendensiya onu göstərir ki, kimdənsə nəyisə gözləmək sadəlövhlük olardı. Hər halda konkret situasiya hansısa dəyişikliyin olacağını söyləməyə əsas vermir. Çünki Ermənistanın mövqeyində zərrə qədər də olsa ciddi dəyişiklik yoxdur. Müşahidələr göstərir ki, Qərb və beynəlxalq təşkilatların da İrəvana təzyiq göstərmək fikirləri yoxdur. Əksinə, bu ölkəyə yardımlar ayrılmaqda davam edir. Özümüzü aldatmaq lazım deyil. Bunu rəsmi Bakı da gözəl anlayır ki, Ermənistan xoşluqla yola gələn deyil. Onlar da gözəl bilirlər ki, bu məsələdə müharibəsiz keçinmək mümkün olmayacaq. Ən azından ona görə ki, bu gün danışıqlar apardığımız şəxslər özləri vaxtilə hərbi mundirdə azərbaycanlıların qanını tökərək torpaqların istilasında iştirak ediblər. İndi onların özlərindən tüpürdüklərini yalayacaqlarını gözləmək sadəlövhlük olardı. Rəsmi Bakı isə müharibəni hər dəfə iqtisadi layihələrinə görə təxirə salmaq məcburiyyətindər. Amma əgər divardan tüfəng asılıbsa, deməli, o nə vaxtsa açılacaq.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi
Atışmada bir düşmən əsgəri öldürülüb
Ermənilər şəhid əsgərin cəsədini gizlədirlər
BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
|
|
|