Bu həftə Heydər Əliyev Sarayında yumorist Fərda Xudaverdiyevin "Stand ur" formatında "Tək səbir" adlı proqramı təqdim olunmalı idi. Lakin proqram təxirə düşüb. Sarayın mətbuat əlaqələndiricisi Anar Fərəczadə bildirib ki, şou proqram mayın 25-nə keçirilib. Lakin o, təxirə düşmənin səbəbləri barədə heç nə deməyib.
Fərda Xudaverdiyevlə əlaqə yaradıb əsl səbəbi özündən öyrəndik. Aktyor bildirdi ki, "Tək səbir"in əsas anons günləri mayın ilk günündən başlamışdı. Lakin ayın 8, 9, 10-u əlamətdar günlərə təsadüf etdiyindən həmin tarixdə proqramın anonslarının yayımı dayandırılıb. O bunun bilet satışına təsir edib-etmədiyini söyləməsə də, vurğuladı ki, efirlərdə anons getmədən çıxış etmək uğurlu olmazdı.
"Komandamız səhnəyə çıxmağa tam hazırdır. Məlum səbəbdən tarixi bir qədər sonraya keçirmişik. Hazırda "Tək səbir"in anonsları yayınlanmaqda davam edir" - Fərda Xudaverdiyev xatırlatdı ki, biletlər 15-40 manat arasında satışdadır.
|