Xalq artisti Akif İslamzadə bir vaxt deyirdi ki, kişi ifaçıların səsində qadın boğazlarını eşitmək adi hala çevrilib. Onun yenə həmin fikrində qalıb-qalmadığını soruşanda dedi:
"Təkcə kişilərdən danışmamışdım. Elə qadınlar da var ki, kişi səsi ilə oxuyur. Mənə görə bu, kompleksdir. Cəmiyyət özü də çılızlaşır. Bugünkü zəmanəmizə "matriarxat cəmiyyət" deyə bilərik. Belə olan halda dəyərlərin aşınması elə də qeyri-adi qarşılanmır. Və acınacaqlı odur ki, bu cür şeylər normal qəbul edilir. Hər halda, bu heç də yaxşı deyil. Digər tərəfdən, istedadlı uşaqların bu tərzdə oxuması adama pis təsir edir".
Xatırladaq ki, bir vaxtlar qadın boğazları ilə oxuyan kişi ifaçıları arasında Teymur Əmrahın adı tez-tez hallanırdı. Buna münasibətini bildirən Akif İslamzadə, ümumiyyətlə, heç vaxt ad çəkmədiyini qeyd etdi. Teymur Əmraha gəlincə, onun haqqında heç vaxt tənqidi fikir söyləmədiyini dedi. Fikri belədir ki, kim nəyə qadirdirsə, özünün səviyyəsində xalq qiymətini verir.
Bir vaxtlar özünün məktəbini yaradacağını deyən Akif İslamzadə son zamanlar bu mövzuya toxunmur. Səbəbinə gəlincə:
"Müasir zəmanədə "ustad kursu" deyə bir söz işlədilir. "Ustad kursu" və ya musiqi məktəbinin yaradılması kifayət qədər maliyyə vəsaiti tələb edir. Ancaq hələ ki, bizim sponsorlarla işləməyi düşünmürəm. Çünki bizim bəzi zəngin adamlar pul xərcləmək istəmirlər. Bu sözümdən inciməsinlər. Məsələn, bir neçə istedadlı uşağı bir yerə toplayıb dərs versəm, pul ödəyən sponsor üç aydan sonra gəlib deyəcək ki, bəs filankəsimin toyudur, tələbələrin gəlib oxusunlar. Bilirsiniz, mən belə insanlara əsla tacir deyə bilmərəm. Çünki tacir daha dərin düşüncəyə sahib olur. Açıq deyirəm, Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər".
Sənətkar sponsor mövzusunu bağlayıb indiki sənətçilərdən söz saldı. Gileyləndi ki, onlar peşəkar məsləhətinə qulaq asmırlar. Ancaq tövsiyəsini etdi:
"Yaradıcılıqlarını toy səhnəsi ilə məhdudlaşdırmasınlar. Çünki nə qədər ki, bəzi müğənnilər ancaq toy oxumaqla özlərini "N1" sayacaqlar, əminliklə deyirəm ki, sənətin zirvəsinə ucalmaq onlara heç vaxt nəsib olmayacaq".
|